Bu gün “Space səhər” efirində gərgin anlar yaşanıb.
Tacxeber.com xəbər verir ki, Əməkdar artist İlkin Əhmədov qonaq kimi iştirak etməli olduğu canlı yayıma 2 saat gec gəlib.
Sənətçinin bu cür davranışı verilişin aparıcısı Rövşanə Ağasəfqızını özündən çıxarıb. O, canlı yayımda od püskürüb:
“İlkin Əhmədovu efirə qonaq dəvət etmişik, respublikanın Əməkdar artistidir, məsuliyyət sıfır. Səni canlı efirə dəvət etmişik, səni əziz bilmişik. Səhər saat 6-dan hamı burdadır, anonslar paylaşılıb, insanlar səni gözləyir, biz səni əziz bilmişik, Əməkdar artist adını daşıyırsan, vaxtında efirə gəlmək lazımdır. Gələ bilmirdinsə, deyərdin, zamanım yoxdur, nə çox ifaçı, efirə çıxmaq üçün ürəkləri gedir, canla-başla da gəlib iştirak edəcəkdilər. Haradasan?! Bütün komandamız səhər tezdən buradadır. Bu qədər tıxac olur? Bu hörmətsizlikdir! Bizdən özünə qarşı nə vaxt hörmətsizlik görmüsən? Nə haqla sən efirimizi boş qoymaq kefində bulunursan?! Biz bu haqqı sənə tanımamışıq hər halda! Gələ bilmirdinsə, dünəndən deyərdin. Prodüserlərə deyərdin ki, mənim gəlmək imkanım yoxdur, yatıb qalacam və s.
Sən Əməkdar artistsən və ölkəni təmsil edirsən, xaricə gedirsən, amma xalqına qarşı, bizə qarşı hörmətsizlik edirsən. Biz səni hörmətli bilib efirə dəvət etmmişik. Sənin ucbatından efirimiz alt-üst oldu. Bu bizə qarşı hörmətsizlikdir. İlkin, incimə, bu saatdan sonra efirə gəlməyinə heç bir lüzum yoxdur”.
Xanəndə verilişin sonuna 10 dəqiqə qalmış gəlsə də, aparıcı onun efirə çıxmasına icazə verməyib.