• 22 Noyabr 2024 11:46

Elşad Miri: ““Quran”ı başına qoymağın planşeti güzgü kimi istifadə etməkdən fərqi varmı?”

 

“Qədr gecəsi hansısa özəl mərasimin təşkil edildiyi bir gecə deyil. Özəl bir ibadətin həyata keçirildiyi və ya hansısa xüsusi duaların oxunduğu “şans gecəsi” heç deyil. Bu gecə “Quran”ın gəlməyə başladığı gecədir. Həyat yolumuza işıq tutan bu kitabı bizim də anlamağa başladığımız gecə – Qədr gecəmizdir. Bu gecədə insanların bəzən “Quran” kitablarını açaraq başlarının üstlərinə qoyduqlarının şahidi oluruq. Bunun isə dinlə heç bir əlaqəsi yoxdur. Əgər “Quran”ı başımıza qoyduğumuz zaman orada yazılanlar başımıza girəcəksə, gəlin, hamımız bunu birlikdə edək. Əgər başımıza girmirsə, bu qeyri-adi hərəkəti saatlarla deyil, günlərlə etsək də, faydası olmayacaq. “Quran” ayələri başımızın üstündən sıyrılıb ürəyimizə süzülməyəcək. “Quran”ı başımızın üstünə yox, içinə yerləşdirmək lazımdır. “Quran”ı başına qoymağın planşeti güzgü kimi istifadə etməkdən fərqi varmı?”

Tacxeber.com xəbər verir ki, bu sözləri ilahiyyatçı Elşad Miri deyib.

“Allahın bizdən istəmədiyi, “Quran”da buyurmadığı, “Quran”ı göndərdiyi sonuncu Peyğəmbərinin etmədiyi, onun səhabələrinin təkrarlamadığı bir hərəkət bizi “Quran”a yaxınlaşdırmır. “Quran”ı başa qoymaq ona hörmət olsaydı, bunu ən çox Peyğəmbər edərdi. “Quran”ı başa qoymaq onu bizə anlamağımız, anlayıb yaşamağımız üçün göndərənə qarşı hörmətsizlikdir. “Quran”ın ilk nüsxələrini başa qoymağa çalışmaq, inanın, onun böyüklüyü, həcmi altında nəfəssiz qalmaq idi. Həmin nüsxələri görənlər nə demək istədiyimi gözəl bilirlər. “Quran”ın başımıza girməsi üçün onu oxuyaraq göz, dinləyərək qulaq süzgəcindən keçirməliyik. Sonra beynimizə ötürülən siqnalları analiz edib, Allahın kitabını başa düşməli, anlamalıyıq. Anlayıb, həyatımıza tətbiq edərək yaşamalı, yaşayıb, yaşatmalıyıq – “Quran” ancaq o zaman bizə nazil olacaq, həmin vaxt enəcək. Belə olduqda qəlbimizə də siraət edəcək. Qədr gecəmiz də həmin vaxt olacaq”, – E.Miri bildirib.

Tacxeber.com

Oxşar xəbərlər