Moldovanın kütləvi informasiyia vasitələri ermənilərin Azərbaycan Ordusunun hərbi qulluqçusunu məruz qoyduqları amansız rəftarı və işgəncələri pisləyən məqalələr dərc ediblər.
Tacxeber.com Trend-ə istinadən bildirir ki, “Noi”, “Timpul” və digər xəbər portalları tərəfindən dərc olunan məqalələrdə Azərbaycan əsgərinə amansız işgəncə verilməsi 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının kobud pozulması kimi qiymətləndirilir.
“Noi” portalının nəşrində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ermənistanda saxlanılan Azərbaycan hərbi qulluqçularına qarşı işgəncə və qeyri-insani rəftar faktlarını şərh etdiyi deyilir. Bildirilir ki, o, müvafiq beynəlxalq təşkilatları bu faktlara qiymət verməyə və Ermənistanı beynəlxalq hüququn tələblərinə riayətə məcbur etməyə çağırıb.
“Timpul” saytında isə həmçinin bu cinayəti qınayan Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonun və Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatları dərc olunub.