Ayların sultanı Ramazan bitmək üzrədir. Müqəddəs ayda oruc tutan bütün müsəlmanlar üçün Ramazan bayramının bir başqa önəmi vardır. Bayram süfrələri, bol və ləziz yeməklər, müxtəlif çeşiddə şirniyyatlar bir ay boyunca dincələn orqanizmə ağır gələ bilər.
Bir ay oruc vəziyyətinə öyrəşmiş mədəmiz yenidən qidaların “hücumuna” məruz qalır.
Bəs görəsən, oruc qrafikində qidalanan orqanizm birdən-birə əvvəlki rejimə qayıdanda hansı fəsadlar yarana bilir? Bir ay boyunca aclığa və susuzluğa öyrəşmiş orqanizmi bundan sonra əvvəlki vərdişinə qaytarmaq üçün nələr edilməlidir? Orqanizmin əvvəlki gücünü necə bərpa etmək olar?
Tacxeber.com Ramazandan sonra düzgün və sağlam qidalanmaq haqqında bəzi qaydaları təqdim edir:
Orqanizmi birdən-birə alışdırmaq olmaz
Ramazandan sonra əvvəlki yemək vərdişinə sürətlə dönmək orqanizmdə müəyyən problemlərə yol aça bilər. İlk növbədə maddələr mübadiləsini yenidən təşkil etmək və əvvəlki vəziyyətinə qaytarmaq lazımdır. Maddələr mübadiləsini sürətləndirmək üçün gün ərzində 5-6 pay şəklində hər 3 saatdan bir meyvə, qatıq və süd məhsulları qəbul etmək məsləhətdir. Bu həm qanda şəkəri nizamlayar, həm də çox miqdarda qida qəbulunu önləyər.
Mütəxəssislər bir ay boyunca gündüz saatlarında aclığa alışan bədənin normal yemə nizamına alışması üçün ən az 9 gün lazım olduğunu qeyd edirlər. Bu müddət ərzində naharların yüngül, günorta yeməklərinin isə az yağlı, daha çox sulu yeməklərdən hazırlanması vacibdir. Mədəni yoran, ağır həzm edilən qidalardan çəkinmək məsləhətdir. Maye qəbuluna da fikir vermək lazımdır. Gün ərzində 2-2,5 litr su içilməlidir. İnsan orqanizminin Ramazandan sonra tam normal vəziyyətə düşməsi üçün 3 həftə vaxt lazımdır. Bu vaxt ərzində qida qəbuluna ciddi fikir vermək lazımdır ki, artıq çəki problemi yaranmasın. Ən çox süd-qatıq-pendir, ət-balıq-toyuq, paxlalı bitkilər və meyvə-tərəvəz qrupundan olan qidalar istehlak edilməlidir.
Nələrə diqqət etməli?
Ramazan ayında iftar yeməklərində, ümumiyyətlə, insanlar uzun sürən aclıq səbəbiylə qırmızı ət, çörək, plov, makaron, xəmir xörəkləri, şirni, kimi karbohidrat və zülalla zəngin qidaları seçirlər. Tərəvəz və meyvə kimi lif nisbəti yüksək, ancaq enerji dəyəri daha aşağı olan qidalardan uzaq durur, ya da az qəbul edirlər. Bu da həzm sistemində müəyyən problemlərin yaranmasına, qəbizlik və sürətli çəki artımlarına səbəb olur. Ramazan bayramında bu problemlərdən yaxa qurtarmaq üçün karbohidrat və zülalla zəngin bəslənmə yerinə tərəvəz, meyvə tipli məhsulları seçmək və nizamlı qidalanmaq lazımdır.
Ramazandan sonra normal qida rejiminə keçərkən xəmir xörəkləri, qızartmalı yeməklər və şirniyyatların qəbuluna ciddi fikir vermək lazımdır. Orucluq ayında boş qalmağa vərdiş edən mədə üçün çox qida qəbulu ağır olur. Həzm sistemi yüklənilir, nəticədə bulanma, turşuma, qıcqırma kimi hallar müşahidə edilir. Ona görə də, bayram süfrəsində oturduğunuz zaman yeyə biləcəyiniz miqdarda qida qəbul etmək lazımdır.
Şəkərli məhsullardan çox istifadə etmək olmaz
Ramazan Bayramı boyunca şərbətli şirniyyat və şokolad istehlakı artar. Bu cür qidalar – şəkər, yağ, unlu məmulatlar qanda şəkərin miqdarını sürətlə artırır, kaloriləri də çox yüksəkdir. Bayramda nəfisi nəzarətdə saxlamağı da unutmaq olmaz. Bədənə boş enerji verən şokolad və şirnilərdən çox istifadə edilməməlidir. Yağlı şokoladın və həzmi çətin olan şirniyyatların çox istehlak edilməsi həzm sisteminin fəaliyyətinin pozulmasına, qusmağa və ishala səbəb ola bilər.
Ramazandan sonra qatı marqarin, kərə yağı, krem, mayonez, çipsi, souslar və s. kimi enerji dəyəri yüksək, heç bir bəsləyici dəyəri olmayan yağlı, qızartma və qovurma yeməklərdən çəkinməkdə fayda vardır. Şəkər və şəkərli qidalar (bal, cem, hazır meyvə suları, qazlı içkilər, şirnilər və s.) qana tez qarışarlar. Nəticədə qanda şəkərin miqdarı sürətlə yüksələr və sağlamlığa zərərli ola bilər.
Ramazandan sonrakı menyuda nələr olmalıdır?
Ramazan ayı boyunca balanssız bəslənmə maddələr mübadiləsinin sürətini azaldır. Gündə iki pay qida istehlakına mədə və bağırsaq sistemi də uyğunlaşmağa başlayır. Ramazan ayının sona çatmasıyla birlikdə psixoloji olaraq həddindən artıq yemək yemə meyli müşahidə edilir. Səhhətinizdə müəyyən problemlərin yaranmaması üçün köhnə bəslənmə vərdişinə asta şəkildə dönmək lazımdır. Bayram səhəri, günə yüngül bir nahar edilərək başlanmalıdır.
Naharda: pendir, zeytun, pomidor, xiyar, cem, bal ya da bəkməz, kəpəkli çörək, yumurta, süd, meyvə kimi yüngül qidalar yeyilməlidir. Yeməklər birdən-birə və çox miqdarda deyil, gün ərzində az miqdarlarda hissə-hissə istehlak edilməlidir. Pay nizamı 3 əsas pay, 3 ara pay şəklində nizamlanmalıdır. Gün ərzində 2-2,5 litr maye içilməlidir. Çay, qəhvə, kolalı içkilər yerinə su, ayran, kompot, meyvə şirəsi seçilməlidir. Günorta şorba, ətli tərəvəz yeməyi, qatıq/ayran, kəpək çörək; Axşam yeməyində qızartma (sobada ya da qaynadılmış) ət/toyuq/balıq, salat, qatıq və ya kəpək çörək, kəpəkli makaron və ya yarma plovu kimi məhsullar seçilsə daha yaxşı olar.
Lifli qidaların (paxlalı bitkilər, xurma, göyərti, meyvə) istehlakı artırılmalıdır. Belə qidalar qan şəkərini, qan təzyiqini (təzyiqi) və qan xolesterolunu istənilən səviyyədə nəzarətdə saxlamağa kömək edər. Mədədə su ilə birlikdə şişərlər, toxluq hissi yaradarlar. Qəbizlik şikayəti varsa, həll olunar, beləliklə kilo verməyə də yardımçı olarlar. Lifli məhsulların qalın bağırsaq xərçəngindən qoruyucu təsirləri də mövcuddur. Buğda çörəyi yerinə kəpək, çovdar, yulaf çörəyini; düyü yerinə yarma seçməkdə fayda vardır. Hətta düyü, makaron, əriştə və unun da kəpəkli olanlarını istifadə etmək daha sağlamdır. Tərəvəz və meyvələrdən tez-tez istifadə edilməlidir. Soyulmadan yeyilə bilənləri yaxşıca yuduqdan sonra qabıqları ilə istehlak etmək həmişə faydalıdır.
Kökəlmə riskini necə azaltmalı?
Həkimlər insanları orucdan sonra normal bəslənmə rejiminə keçərkən diqqətli olmağa çağırırlar. Orucluqda aclığa alışan orqanizmi həddindən artıq yükləmək, xüsusilə ağır yeməklərdən istifadə etmək ürəkdə və həzm sistemində problemlər yarada bilər. Ramazandan sonra insanda çox yemə istəyi artmağa başlayır, bu da orqanizmi artıq çəki problemi ilə üz-üzə qoyur. Ramazan bayramında insanların çəkisini artıran səbəblər bunlardır:
– Xeyli miqdarda şəkərli çay və qəhvə içmək;
– Unlu məmulatlardan çox istifadə;
– Şəkər və şirni istehlakını artırmaq;
Artıq çəkidən yayınmaq üçün mütəxəssislər insanları qida seçimində diqqətli olmağa çağırırlar. Bayramda nahar, günorta və axşam yeməyindən imtina edilməməlidir. Naharda qızartma, sosiska, kolbasa kimi yağlı və duzlu yeməklərin qəbulundan çəkinməli, pendir, yumurta, pomidor, xiyar kimi məhsullara üstünlük verilməlidir. Günorta yeməkləri üçün şorba, ayran, salat, qatıq və tərəvəz yeməklərindən istifadə etmək lazımdır. Axşam menyusu isə sadə və yüngül olmalıdır. Yatmadan 2 saat əvvələ qədər yemək- içmək işini bitirmək vacibdir.
İdmanı da unutmaq olmaz
Sağlam yaşamağın əsas qaydalarından biri olan fiziki məşğuliyyətdən imtina etmək olmaz. Çünki, fiziki aktivlik bağırsaq hərəkətlərini artırır, qanda-şəkəri və xolesterolu azaldır, həm də kilo itirməyə kömək olur. Ramazandan sonrakı günlərdə idmanla məşğul olmaq- bədən hərəkətləri etmək, yürüşə çıxmaq orqanizmi əvvəlki vəziyyətinə gətirməkdə yardımçı olar, həzm prosesini yaxşılaşdırar, kökəlmə riskini aşağı salar. Mütəxəssislərin fikrincə, 40-50 dəqiqə idmanla məşğul olmaq gün ərzində yaxşı əhval-ruhiyyədə olmağı təmin edər, həm də sağlam vücuda sahib olmağınızda yardımçı olar.
Sonda bütün müsəlmanların Ramazan bayramını təbrik edirik. Uca Yaradanın sınağından həmişə fəxarətlə çıxmağı, sağlam yaşamağı diləyirik.