• 22 Noyabr 2024 23:46

“Bunu yeyən öz əli ilə özünə quyu qazır” – Ekspert

 

Hazırda bazarlarda, mağazalarda mövsümi olmayan meyvə və tərəvəzlər satılır. Onların arasında çiyələk daha çox nəzərə çarpır. 

Bəs mövsümündən əvvəl yeyilən meyvələr, xüsusilə də çiyələk insanlara nə kimi zərər verə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamovun fikrincə, çiyələk başda olmaqla bütün meyvələri mövsümündə yemək lazımdır, çünki bütün meyvələr öz mövsümündə yetişməyə kodlaşdırılıb:

“Əgər siz çiyələyi qış aylarında, payız aylarında yeyirsinizsə, vaxtından əvvəl yetişən vaxtda yeyirsinizsə, təbii ki, bu, genetik kodlara da fərqli bir təsirini göstərir və ona görə də, bu gün insan övladının öz əli ilə özünə qazdığı quyuya düşdüyü də göz qabağındadır. Məsələn, xəstə doğulan körpələr, ürək qüsurlu, diabetli, pankinson, alzheimerli, autizmli uşaqlar və digər yeni xəstəliklər baş alıb gedir. İnsan özü öz genetik kodlarını məhv edir, alt-üst edir. Ondan sonra deyir ki, bu xəstəliklər çoxalıb, filan xəstəliklər çoxalıb. Təbii ki, hələ bundan sonra da xəstəliklər çoxalmaqda davam edəcək. Çünki biz Allahın qoyduğu, yəni təbiətin qoyduğu qanunları pozuruq. Hər bir meyvəni, tərəvəzi torpaqdan nə vaxt çıxırsa, təbiət nə vaxt bizə yetişdirib verirsə, o vaxtı yemək daha faydalıdır”.

Ekspert həmçinin qeyd etdi ki, immun sistemimizi də unutmaq olmaz:

“İmmun sistemi mövsümündə yetişən meyvə və tərəvəzlərin istehlakına kodlaşdırılıb. İmmun sistemi zəif olan insanlar xəstəliyə daha tez yoluxur. Ona görə də immun sistemini güclü saxlamaq üçün mövsümündə yetişən meyvələrə müraciət etmək, onları istehlak etmək və yemək lazımdır. Həmçinin, meyvə və tərəvəzlər düzgün yuyulmur. Alıb gətirib suyun altında iki dəqiqə yuyurlar və götürüb yeyirlər. Bu, düzgün deyil. Əslində o, zəhərli kimyəvi maddələrdən təmizlənməlidir. Çox vaxt görürsünüz ki, internetdə də yayılıb, sirkə vururlar. Sirkə olmaz. Sirkə pestisidlərlə, yəni zəhərli kimyəvi maddələrlə reaksiyaya gedəndə kimyəvi zəhərlənmə daha güclü olur. Ona görə də çiyələyə, o cümlədən xiyar, pomidor və sair yiyanda ona sirkə vurmaq olmaz. Bunun üçün də bir üsul var. Ən yaxşı metod çay sodasıdır, bir xörək qaşığı çay sodası 5 litr suya bəs edir. Sonra 5-10 dəqiqə çiyələyi saxlayıb, daha sonra suyunu süzüb durulayıb yesələr daha məqsədəuyğundur”.

Həmsöhbətimiz qeyd etdi ki, bu cür meyvələr pestisidlərlə yetişdirilir.

“Yəni meşə meyvələri olsa da, çiyələk, qarağat, moruq bunları yığıb insanlar özləri yetişdirəndə pestisidlərlə yetişdirir ki, bol məhsul versin. Pestisid 2 cürdü: yabanı otlara qarşı və böcəklərə qarşı olan pestisidlər. Kimyəvi, qoruyucu bir maddədir ki, böcəklər məhsulu gəlib yeməsin və yabanı otlar da gücünü zəiflətməsin. Yəni bu kimi halların baş verməməsi üçün pestisidlərdən istifadə olunur və pestisidlərdən istifadə olunanda da görürsünüz ki, meyvələr, çiyələklər çox böyük olur. Hibrid çiyələklərdən, yəni hibrid toxumlarından hazırlanan çiyələklər isə insanlara heç bir fayda vermir. Yaxşı olar ki, öz mövsümündə yetişən, yaxud meşə meyvələrinə müraciət etsələr. Meşə çiyələyi, cır çiyələkdə vitaminlər daha çox qalıb, nəinki bu mövsümü olmayan çiyələklərdə”, – deyə Ağa Salamov bildirdi.

Tacxeber.com

 

Oxşar xəbərlər