Laçın-Xankəndi yolunda Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış məntəqəsinin qurulması Azərbaycanın qətiyyətli iradə ifadəsi ilə bərabər beynəlxalq və milli hüququn təntənəsi hesab olunmalıdır. İlk növbədə ona görə ki, qanunvericiliklə dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur
Tacxeber.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.
Deputat deyib ki, beynəlxalq hüququn ən azı üç prinsipinə əsasən hər bir dövlət digər dövlətin suverenliyinə, yəni digər dövlətlərin heç bir müdaxiləsi olmadan öz ərazilərində hakimiyyətini həyata keçirmək hüququna hörmətlə yanaşmaq məcburiyyətindədir: “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunun 12-ci maddəsinə əsasən şəxslər, nəqliyyat vasitələri, yüklər müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrindən buraxılırlar. Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası aparılmasa, sərhədlər hələ ki, şərti xarakter daşısa da, 10 noyabr bəyanatına uyğun olaraq Laçın-Xankəndi yolu humanitar məqsədlərlə açıqdır. Lakin təəssüf ki, həmin yoldan Üçtərəfli bəyanatda müəyyən edilən məqsədlərdən kənar formada, Ermənistan və qanunsuz erməni hərbi birləşmələri tərəfindən hərbi məqsədlər üçün istifadə edilir, Qarabağa silah, mina və canlı qüvvə daşıyırdılar. Hansı dövlət özünün ərazisindən özünə qarşı istifadə edilməsinə razı olar? Hansı dövlət öz sərhədini keçən şəxslər, nəqliyyat vasitələri, yüklər və başqa əmlak üzərində sərhəd nəzarəti olmadan keçidə imkan verər? Bu mənada buraxılış məntəqəsi qurulması bütövlükdə təhlükəsizliyin, o cümlədən suverenliyin ilkin şərtlərindən birinin təmin edilməsidir”.
Bəhruz Məhərrəmov qeyd edib ki, artıq Ağalı və Talış kəndlərinə qayıdışın ilkin mərhələsi başa çatıb, tezliklə digər azad olunmuş ərazilərə də mülki insanlar köçürüləcək: “Laçın-Xankəndi yolu ilə qanunsuz hərbi daşımalar və davamlı olaraq müşahidə olunan təxribatlar fonunda həmin insanların təhlükəsizliyinə necə təminat vermək olar? Digər tərəfdən, Ermənistan özü birtərəfli qaydada Laçın-Xankəndi yolunun üzərində post qurub. Belə olan halda həmin yol üzərində Azərbaycan DSX-nin nəzarət-buraxılış məntəqəsinin qurulmasına qarşı hansı əks arqument irəli sürmək olar? Əgər kimsə Qarabağda yaşayan mülki ermənilərin taleyindən narahatlıq keçirirsə, bu, sadəcə riyakarlıq və saxtakarlıqdır. Faktiki olaraq 12 dekabr 2022-ci ildən etibarən eko-fəalların etiraz aksiyası şəraitində yola biz nəzarət edirik və bu müddət ərzində Qarabağın erməni əsilli sakinlərinin bu yolla hərəkəti heç bir formada məhdudlaşmayıb, bütün humanitar yüklər sərbəst şəkildə keçib. Bunu əlimizdəki videogörüntülər də, Qızıl Xaç Komitəsi də, Rusiya sülhməramlıları da təsdiq edir. Eyni zamanda müharibədən sonra rəsmi Bakı davamlı olaraq erməni əsilli sakinləri reinteqrasiya prosesinə təşviq edir, lakin qanunsuz kommunikasiya bağlantıları bu prosesə mane olub. Bu mənada sərhəd buraxılış məntəqəsinin qurulması erməni sakinləri, nəhayət ki, düşünməyə vadar edərək, reinteqrasiya prosesini sürətləndirəcək. Onlar nəhayət ki, qərara gələrək ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər. Prezident İlham Əliyevin aprelin 18-də müsahibəsində də ifadə etdiyi kimi, “hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar”. Heç şübhəsiz ki, müvafiq sərhəd buraxılış məntəqəsinin qurulması ilə həmin şəxslər separatçı ünsürlərin əsarətindən qurtularaq reinteqrasiyanın da uğurla başa çatmasına töhfələrini verəcəklər. Separatizm meylləri olan şəxslər üçün isə cənab İlham Əliyevin dediyi kimi, “qapı açıqdır”.
Deputat vurğulayıb ki, bu gün atılan qətiyyətli addım Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə suveren nəzarətinin bərpası istiqamətində mühüm mərhələdir və əhəmiyyətinə görə təcavüzkar məqsədlərlə istifadə olunan Xudafərin qəsəbəsinin azad edilməsi ilə müqayisə oluna bilər: “Beynəlxalq reaksiyalara gəlincə, hüququ və ədaləti rəhbər tutan, regionda sülh arzulayan güc mərkəzlərindən bu prosesin alqışlanacağı şübhə doğurmur. Mümkün əks mövqelərə gəlincə, bölgədə reallığı diqtə edən qalib tərəf olaraq biz, öz suveren hüququmuzla bağlı heç bir beynəlxalq tərəf, güc və subyektlə müzakirə aparmaq niyyətində deyilik”.