Həkəri körpüsünün (yeni Laçın-Xankəndi yolu üzərindəki körpü – red.) açılması ilə bağlı danışıqlar dünən Rusiya sülhməramlılarının komandiri, general-mayor Andrey Volkovun iştirakı ilə davam edib, baxmayaraq ki, o, tezliklə Qarabağı tərk edəcək.
Tacxeber.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri yazır ki, ruslar həm Azərbaycan, həm də separatçı rejim nümayəndələri ilə ayrı-ayrılıqda danışıqlar aparsalar da, artıq 3-cü gündür ki, heç bir nəticə yoxdur:
“Əksinə, Azərbaycan dünən Laçın dəhlizi keçid məntəqəsində lövhə qoyub: “Diqqət, siz Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz”.
Erməni nəşri xatırladır ki, bazar günü Azərbaycan Laçın dəhlizini məhz rus sülhməramlılarının yerləşdiyi hissədən bağlayıb. Ruslar isə Azərbaycanın yük maşınları və hərbi maşınları ilə Həkəri körpüsünün bağlanmasına mane olmayıblar:
“Artsax”da isə düşünürlər ki, azərbaycanlılar keçid məntəqəsi ideyasından əl çəkməyəcəklər. Rusların əldə etməyə çalışacaqları yeganə şey, keçid məntəqəsində təkcə azərbaycanlıların deyil, Rusiya sülhməramlılarının da yerləşməsi və birgə dislokasiyadır”.
Qeyd edək ki, rəsmi Bakı Laçında keçid məntəqəsinin yaradılmasının qanuni və beynəlxalq hüquq normalarına uyğun olduğunu, bundan başqa, Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.