• 16 Sentyabr 2024 23:05

“Azərbaycan Ordusu Xankəndiyə daxil olmalıdır” – Partiya sədri

“Azərbaycan Ordusu Xankəndiyə daxil olmalıdır” – Partiya sədri

 

“Ermənistan tərəfindən səsləndirilən “Laçın dəhlizinə nəzarət ruslarda olmalıdır”,- yanaşmasının heç bir əsası yoxdur. Konstitusiyamıza görə Azərbaycanın sərhədlərində ancaq Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri dura bilər. Bu, beynəlxalq hüquqda da belədir. Çünki, sərhədin mühafizəsi əmin-amanlıq və sülh üçün vacibdir. Odur ki, sərhədlərimizi ancaq Azərbaycan Ordusu mühafizə edə bilər. Nikol Paşinyanın son açıqlamaları isə əsassızdır”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ermənistan baş naziri Nikol Paşinyanın “Laçın dəhlizinə nəzarəti rus hərbçilər həyata keçirməlidir”, – bəyanatını şərh edərkən deyib.

S. Cəlaloğlu bildirib ki, üçtərəfli razılaşmada Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-keçid məntəqəsinin ruslar tərəfindən idarə edilməsinə dair heç bir öhdəlik yoxdur. Onun sözlərinə görə, Azərbaycan hazırda keçid məntəqəsinə özü nəzarət edir və bu nəzarəti rus sülhməramlılarına vermək niyyətində deyil: “Nikol Paşinyan bu fikirləri deyə bilər, bu onun öz işidir. Bizim sərhədlərimizin daxilində isə Azərbaycan qanunları işləyir. Bu baxımdan, biz fəaliyyətimizi başqa ölkələrin nümayəndələrinin dedikləri əsasında qurmuruq. Azərbaycan dövləti sərhəd-keçid məntəqəsini qurub və suverenliyini həyata keçirir. Əlbəttə, bu olduqca əhəmiyyətli məsələdir”.

ADP sədri diqqətə çatdırıb ki, bundan sonrakı mərhələdə Azərbaycanın dövlət suverenliyi Xankəndi iqtisadi rayonuna yayılmalı, pasportlaşma prosesinə başlanılmalıdır: “Azərbaycan Ordusu, rəsmi qurumlar tədricən Xankəndiyə daxil olmalı, pasport qeydiyyatı qurumlarının fəaliyyətinə şərait yaratmalıdır. Bundan sonra yerli ermənilərin pasportlaşması prosesi həyata keçirilməlidir. Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər pasportla təmin edilməlidir. Əgər Azərbaycanın vətəndaşlığını qəbul etməyənlər varsa, onlar ölkəmizi tərk etməlidir”.

S. Cəlaloğlu əlavə edib ki, heç bir dövlət ona xəyanət edən etnik qrupu başının üzərinə qaldırmır: “Biz Rusiya, eləcə də başqa ölkələrin tarixinə baxsaq görərik ki, dövlətə xəyanət edən xalqların köçürülməsi halları olub. Belə təcrübələr çoxdur, hətta Avropa ölkələrində də belə hallar olub”.

S. Cəlaloğlu sonda deyib ki, Azərbaycan qanunlarını qəbul etməyən şəxslərin ölkəmizdən getməsini təmin etməliyik. Azərbaycan vətəndaşlığını qəbul edənlər isə qalıb rahat yaşamalı, qanunlara əməl etməlidirlər.

Tacxeber.com

Oxşar xəbərlər