Nəhayət, gəlib çıxdı. Rusiya hərbi kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsovdan söhbət gedir. Rəsmi məlumatda bildirilir ki, mayın 4-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanını qəbul edib.
Lentsovun təyinatı ilə bağlı söhbət daha əvvəl yayılsa da, rəsmi təyinat xəbəri aprelin 26-sında yayılmışdı. Hərbi qaydaları nəzərə alsaq, komandan dərhal postunda olmalıdır. Deməli, elə həmin gün rus general Bakıya uçmalı, Azərbaycan müdafiə naziri ilə görüşməli, ondan sonra Azərbaycan ərazisində xidmətə başlamalı idi. Çünki o, Azərbaycan Müdafiə Nazirliyinin görüşlə bağlı məlumatında qeyd olunduğu kimi, “Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentin” komandanıdır!
Amma rus general təyinatından bir gün sonra, aprelin 27-də Qarabağdakı separatçı-terrorçu rejimin qondarma “anti-böhran şurası”nın nümayəndələri” (!!!) ilə görüşdü. Separatçı Tqran Petrosyan mətbuata çıxıb dedi ki, “biz ən qısa zamanda Laçın dəhlizinin blokunun açılmasını tələb etdik”.
Guya Lentsov onları əmin etdib ki, Laçın yolunun açılması hazırda onun üçün prioritet vəzifədir və bildirib ki, o, bu saat məhz həmin yolun ən qısa zamanda açılmasıyla məşğuldur. Və “Sonda biz sülhməramlıların komandanlığıyla mütəmadi olaraq görüşmək, mövcud problemləri müzakirə etmək və həll yollarını tapmaq barədə razılığa gəldik”, – Petrosyan iddia edib.
General Lentsov nəinki belə bir razılığın olub-olmadığı haqda təsdiq, yaxud təkzib açıqlaması yaymadı, üstəlik, baş separatçı Arayik Arutyunyanın qəbuluna (!!!) getdi. Özünə necə yaraşdırdı, bununla işimiz yox! Amma ən azı Lentsov bilir ki, 10 noyabr 2020-ci il üçtərəfli razılaşmaya əsasən, üç tərəf var: Azərbaycan, Rusiya və Ermənistan! Xankəndidəki rejim tərəf olduğunu yuxusunda da görməyəcək, amma “ölü gözü görər”.
Amma görünür 67 yaşlı Aleksandr Lentsov reallığı doğru-düzgün dəyərləndirə bilmir. Əgər bilsəydi, gəldiyi qısa müddət ərzində azı iki dəfə baş terrorçu Araik Arutyunyanla və onun bandası ilə görüşməzdi. Özü də separatçıların əski parçasının qoyulduğu otaqda! Rüstəm Muradov var idi, tez-tez qucaqlaşardı Arutyunyanla, deyirdilər çoxdanın dostlardırlar. Yaxşı, Lentsovun Arayik sevgisi hardandır? Krasnodardan, ya evindəki axçidən?
Davam edək… General-polkovnik Aleksandr Lentsov separatçılarla görüşdən sonra İrəvana getdi və Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşdü. Niyə? Azərbaycan ərazisində müvəqqəti xidmətə gələn rus general Bakı ilə İrəvanı səhv saldı, yoxsa İrəvanın tarixi Azərbaycan şəhəri olmasını nəzərə alıb o tərəfə getdi? Əcaib mövqedir və rus general missiyasına çox pis başlanğıc etdi.
Nəhayət, 8-ci gün gəlib Bakıya çıxdı və Azərbaycan müdafiə naziri ilə görüşdü. Daha yaxşı olardı ki, heç olmasa nazir səviyyəsində qəbul edilməsin, ən azı barəsində 4 maddə ilə cinayət işi qaldırılan və İnterpol xətti ilə axtarışa verilən Arutyunyanla, digər separatçılarla görüşdüyünə görə ona yeri izah olunmalı idi! Kim bilir, bəlkə elə general-polkovnik Zakir Həsənov lazım olanları birbaşa deyib. Hər halda Müdafiə Nazirliyinin rəsmi məlumatında “Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraiti müzakirə olunub” yazılması bəzi ehtimallara yol açır.
Rusiya Müdafiə Nazirliyi gündəlik bülletenində “Dağlıq Qarabağ” yazır. Azərbaycan Müdafiə Nazirliyinin bu təqdimatı həm də Lentsova xəbərdarlıqdır ki, “Dağlıq Qarabağ” yoxdur, Qarabağ iqtisadi rayonu var!!! Yəni bundan sonra xəbər bülletenlərinizə diqqət edin!
Düzdür, Azərbaycan Müdafiə Nazirliyi keçmiş komandan Andrey Volkovun zamanında da bir neçə dəfə toponimlərimizin təhrif olunması ilə bağlı xəbərdarlıq etmişdi. Lakin Lentsovun sələfi “Biz Azərbaycan toponimlərinə hörmət edirik. Biz bütün toponimləri Azərbaycan tərəfinin bizə göndərdiyi adlarla yazırıq, lakin təəssüf ki, bu adlar Rusiya Müdafiə Nazirliyinin saytında saxlanmır. Rusiya Baş Qərargahının xəritələrində köhnə toponimlərdən istifadə edilir. Mən onlara görə cavab verə bilmərəm. Biz bütün toponimləri düzgün göstərib Rusiya-Türkiyə birgə monitorinq mərkəzinə də çatdırırıq. Bunu yoxlaya bilərsiniz”, – demişdi. Nə dərəcədə doğru danışmışdı, demək çətindir. Axı, 2022-ci ilin yanvarından Qarabağda olan Vokov Bakının yolunu tanımadı əvvəl-axır. Heç Lentsovu təqdim etməyə də gəlmədi. Ekofəalların tələbərinə rəğmən, ortaya çıxmadı. Beləsinin Azərbaycan qanunlarına hörmət etdiyinə necə inana bilərik?
Amma artıq Volkov yoxdur, Lentsov var. Odur ki, bundan əvvəlki günlərdə heysiyyatımıza toxunan rus general anlamalıdır ki, Azərbaycandadır və bu ölkənin qanunlarını pozmamalıdır! Azərbaycanın inzibati xəritəsini də hədiyyə etmək olardı və deyilərdi ki, yoldaş Lentsov, bizim ölkəmizdə “Dağlıq Qarabağ” adlı ərazi bölgüsü yoxdur! Var Xankəndi, Ağdərə, Xocavənd, Xocalı və onun Əsgəran qəsəbəsi! Vaxtaşırı atəşkəs pozuntusundan xəbər yayırlar: “mardakert”, “martuni”, “Əsgəran rayonu”nda…