“Mən özüm haqqında eşitdiyim tərifləri, xoş sözləri deyə bilmirəm. Həm yadımdan çıxır, yadıma düşsə belə onları təkrarlaya bilmirəm. Bilmirəm bu utancaqlıqdır, təvazökarlıqdır ya nədir, bilmirəm! Bu gün özlərinə ad qoyurlar, titul verirlər, sənət ümumiyyətlə yaddan çıxıb. Heç vaxt özümə nə vaxtsa ad qoymamışam. İnsanın bir adı olur. Onu da doğulanda ona valideynləri verir. Uzun illərdir sənətdəyəm, amma yenə də özümə “mən sənətkaram” deyə bilmərəm. Qoy tamaşaçılar desin. Məncə hamı belə düşünməlidir, təkcə mən yox. İnanın Allaha, efirlərə bəzən qonaq gedəndə aparıcıdan xahiş edirəm ki, məni təqdim etmək üçün bəzəkli cümlələrdən istifadə etməyin. “Çıxış edir, Nisə xanım Qasımova” sözü mənim üçün hər şeydir”.
Bunu moderator.az-a açıqlamasında xalq artisti, sevilən sənətkar Nisə Qasımova deyib.
“Yaxşı müğənni, yaxşı aktyor, yaxşı həkim olmaq olar. Amma bu sənətlərin yanında yaxşı insan olmaq çox çətindir. Xüsusilə də indiki zamanda. İnsanlıq olmayandan sonra istəyirsən möhtəşəm sənətkar ol, o sənətin itib gedir. Mən oxumaqdan çox insanlığa önəm vermişəm. Çünki həyatda hamıya yaxşılıq qalır” deyə sənətkar deyib.
Xalq artisti bildirib ki, hər verilişə getmir.
“Elə bir veriliş var ki, mən özümü orada görmürəm. Əgər mən özümü görmürəmsə, tamaşaçı məni dünəndən orada görmək istəmir. Bu kapriz, yaxud da kiminsə qəlbini qırmaq naminə atılan addım deyil. Bu sadəcə mənim efir həyatım üçün özümə qoyduğum qadağalardır” deyə sənətkar bildirib.
Sənətkar bildirib ki, illər əvvəl Leyli obrazına dəvət olunub.
“1975-ci ildə rejissor Mehdi Məmmədov “Leyli və Məcnun”-un televiziya üçün yeni quruluşunu hazırlayırdılar. Mən çox həyəcanlı idim. Bəhramn Mansurov dedi ki, “qoy Leyli və Məcnunu yeni quruluşda Nisə ilə Məmmədbağır oxusunlar”. Mən də razılaşdım. Leyli mənim üçün arzuolunan bir obraz idi. Hazırlaşdıq, premyeraya çox az qalmış xəbər gəldi ki, sən Leyli olmayacaqsan. Halbuki mən səhnədə mikrofonsuz bu imtahanı vermişdim. Bəhram müəllim çox heyfsləndi. Çünki biz evdə onunla məşq edirdik. Bu gün sevinirəm ki, səhnəmizdə çox Leylilər var” deyə sənətkar bildirib.