“Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun orta xətt marşrutu ilə bağlı fikirləri acı təəssüf doğurur və heç bir halda Türkiyə ilə Azərbaycan arasında formalaşmış münasibətlərin, əməkdaşlığın ruhuna uyğun gəlmir, “bir millət, iki dövlət” devizinə çox böyük zərbə vurur. Kılıçdaroğlunun açıqladığı bəyanatda bir daha görünür ki, Türkiyə kimi mürəkkəb coğrafiyada yerləşən dövlətin başına əsnaf, əyalət təfəkkürlü bir siyasətçi liderin gəlməsi olduqca böyük təhlükə yaradar. Kılıçdaroğlu başa düşmür ki, həyatının ən böyük layihəsini elan etdiyi tarixi İpək Yolunun bərpası 1998-ci ildə Bakıda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən beynəlxalq konfransda qoyulub. Bundan sonra Avropa ilə Asiyanı birləşdirən bir çox infrastruktur layihələri icra olundu, Bakı-Tiflis-Qars dəmir yolu inşa edildi, artıq Çindən gələn yük qatarı Londona kimi getmək imkanı əldə edib. Avtomobil yolları, paralel olaraq dəmir yolları fəaliyyət göstərir, dəniz yolu asanlaşdırılıb. Xəzərin hər iki sahilində – Azərbaycanda, Türkmənistanda gələcəyə hesablanmış, təxminən, 20-25 milyon ton yükaşırma qabiliyyəti olan limanlar tikilib. Qazaxıstanın Aktau şəhərindəki limanın imkanları genişləndirilib. Yəni bu layihə işləyir. Təəssüf doğuran budur ki, vəzifə xatirinə Kılıçdaroğlu və onun ətrafındakı çoxsaylı “6-lı” və “7-li masa”nı təmsil edən xırda liderlər, partiyalar yaranmış işlək mexanizmi dağıtmaq istəyirlər. Onlara verilən tapşırıqlar türk birliyinə və türk dünyasının gələcəyinə vurulmuş bir zərbədir. Kılıçdaroğlunun bəyanatıdı olduqca təhlükəli və ziyanlı bəyanatdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, hər kəsə bəllidir, Avropadan Asiyaya, yaxud əksinə üç marşrut mövcuddur: “Rusiya-Ukrayna müharibəsi fonunda ən optimal marşrut orta xətt marşrutu hesab olunur. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində orta xətt marşrutu daşınma proseslərini 100%-dən daha artıq təşkil edir. Yəni gündən-günə orta xətt marşrutu daha da yüklənir. Bunun nəticəsində Prezident İlham Əliyevin tapşırığı ilə Gürcüstan ərazisində maliyyə vəsaitimiz hesabına tikilmiş Qars-Axalkalaki dəmir yolunun imkanları genişləndirilir. Daşınma prorsesləri daha da sürətli olmalı, paralel yollar tikilməlidir və bu iş gedir. Ancaq təəssüf ki, Kılıçdaroğlu kimi uzun illər siyasətdə olmuş adamın bu məsələlərdən xəbəri yox imiş. Belə təəssürat yaradır. Həyatının gələcək ən böyük layihəsini təqdim edir. Bu, açıq yalan danışmaqdır. Yalan danışanlardan isə heç vaxt dövlət başçısı ola bilməz. Onun danışdığı yalanın cavabı türk xalqı tərəfindən veriləcək. 14 mayda Allahın köməkliyi ilə türk xalqı özünə layiq lideri seçəcək, XXI əsr sözün əsl mənasında türk əsri olacaq”.
N.Məhəməliyev Kılıçdaroğlunun Yeni İpək Yolu ilə bağlı yaydığı bəyanatın sifarişini haradan alması məsələsinə də toxunub: “Türkiyə böyük Mustafa Kamal Atatürkdən sonra bir çox hərbi çevrilişlər yaşadı. Bu ölkənin tarixində Adnan Menderes faciəsi nümunəsi var. Türkiyənin müstəqil xarici siyasətini, güclü iqtisadi inkişafını, hərbi gücünü, texologiyasını, sənayesini həzm edə bilməyən bir çox qüvvələr var ki, onlar çox ciddi narahatdırlar. Maksimum çalışırlar ki, Türkiyə Ərdoğan iqtidarına qədər olan idarəolunmaz vassal vəziyyətinə gəlsin, əvvəlki orbitinə qaytarılsın, Türkiyə beynəlxalq maliyyə institutları qarşısında daim borclu dövlət kimi qalsın, onlardan asılı olsun, onların bütün tapşırıqlarını icra etsin. Bu, Türkiyənin əvvəlki orbitinə qaytarılması deməkdir. Təbii ki, bugünkü Türkiyə Yaxın Şərq regionunda, Suriyada, İraqda, Livanda, öz ərazisində terrorçuluğa qarşı çox ciddi mübarizə aparır. Şimali Afrikanın əvvəllər böyük imperalist dövlətlərin müstəmləkəsi olmuş bir çox ölkələrində Türkiyə nüfuz, söz sahibidir. Bugünkü Türkiyə beynəlxalq münasibətlər sistemində güclü bir aktordur. Yəni hər kəsin-onu sevənlərin də, sevməyənlərin də hömrətini qazanmış aktordur. Eyni zamanda Qafqazlarda, Mərkəzi Asiya, Aralıq dənizi regionunda ədalətin yanındadır. Beynəlxalq münsibətlər sistemində kifayət qədər ikili standartlar, ədalətsiz davranışlar var. Bu davranışlara qarşı səsini qaldıran yeganə dövlət Türkiyədir. Təbii ki, bir çox kürəsəl güclər bunu qəbul etmək istəmirlər. Bu baxımdan, hesab edirəm, türk xalqı yalanı doğrudan, əyrini düzdən seçməyi bacarır. Allahın izni ilə nəticə yaxşı olacaq”.