“Ümumiyyətlə, dilənçiliyin formaları müzakirə olunmalı deyil. Dilənçilər əvvəllər əllərini açıb sakit dururdular, sonra dillə xahiş edirdilər, indi isə konkret məbləğ istəyirlər, yaxud salfet satırlar, şüşə silirlər… Əslində millət vəkili dilənçiliyin formalarının dəyişməsindən, müsbətə və ya mənfiyə doğru inkişafındansa, daha çox dilənçiliyin aradan qaldırılması istiqamətində atılan addımlardan, bu istiqamətdə dövlətin, iqtidarın, hakim partiyanın gördüyü işlərdən danışmalıdır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
“Deputat deyir ki, uşaqlar yolda maşın şüşəsi silirlər, bu, təhlükə yaradır. Məncə, işıqforlarda dayanıb maşınların şüşəsini silməyə cəhd etmək daha az təhlükədir, nəinki onların evdə ac-yalavac oturmaları. İqtidar uşaqların, dilənçilərin taleyindən narahatdırsa, onları işlə təmin etmək, sığınacaq vermək, həmin uşaqları himayəyə götürmək, onlara təhsil vermək yollarını fikirləşməlidir. Xüsusi proqramlar qəbul olunmalıdır. Yoxsa “hə, nə yaxşı idi, əvvəl Bakıda dilənirdilər, indi salfet satırlar, şüşə silirlər” demək… Düzdür, şükür ki, Azərbaycanda dilənçilər o qədər də çox deyil, çünki insanlar abır-həya edir. Amma bu, o demək deyil ki, işsizlik, kasıbçılıq yoxdur. Nəticəni yox, səbəbləri aradan qaldırmaq lazımdır”, – partiya sədri bildirib.