“Hələlik Türkiyədəki prezident seçkilərində ikinci tur məsələsi müəyyənləşməyib. Ona görə də biz son sözü yəqin ki, Türkiyədən kənarda – xaricdə səs verən Türkiyə vətəndaşlarının səslərinin sayılmasından sonra söyləyə bilərik”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O, ötən gün keçirilən seçkilərdən, habelə CHP sədri Kemal Kılıçdaroğlunun seçkilərin ikinci turunda məğlub olması ehtimalından sonra partiya sədrliyindən istefası verməsi ilə bağlı səslənən fikirlərə toxunub.
Müxalifətçinin fikrincə, verilən məlumatlara görə, 1250-dən çox xaricdəki sandıqlar hələ ki açılmayıb və səsvermə hələ yekunlaşmayıb:
“Ona görə də indiki məqamda tələsməyin tərəfdarı deyiləm. Ola bilsin ki, çox böyük dəyər verdiyimiz Rəcəb Tayyip Ərdoğan səsləri toplayıb, birinci turda qalib kimi elan oluna bilər. Əgər orada səslər parçalansa, təbii ki, ikinci turun keçirilməsi qaçılmaz olacaq. Amma buna baxmayaraq, Ərdoğan böyük üstünlüklə ikinci tura gedəcək və ikinci turda onun qalib gəlməsinə şübhə etmirəm.
Xüsusilə də üçüncü namizəd Sinan Oğanın ad çəkməsə də, mənsub olduğu “ATA İttifaqı” blokunun fikrini ifadə etməsi, “biz o adamın prezident seçilməsində maraqlıyıq ki, o, özünün konkret və aydın şəkildə terror qarşı münasibətini ortaya qoysun” sözlərinin söylənməsi artıq o deməkdir ki, Sinan Oğanın PKK terroru ilə qarşı mübarizə ilə Ərdoğan və onun komandasının fikirləri tamamilə üst-üstə düşür. Belə olan təqdirdə, Sinan Oğanın seçicilərinin Rəcəb Tayip Ərdoğana səs verməsi ona daha böyük üstünlük qazandıracaq. Bu üstünlüyün üstünə əlavə üstünlük gəlməklə Ərdoğan ikinci turda qalib çıxacaq”.
AVP sədri əlavə edib:
“Mən burada qətiyyən problem görmürəm. Əvvəldən də gəldiyim qənaət bu idi ki, müdrik türk xalqı Türkiyə dövlətini xarici təhdidlərdən qorumaq və onun indiki müstəqil siyasi xəttini müdafiə etmək üçün müdriklik göstərib Ərdoğana səs verəcək və bu da özünü doğrultdu.
O ki qaldı Kılıçdaroğlunun toplamış olduğu səsə, bu, təkcə onun səsi deyil. Bildiyiniz kimi, oraya “Altılı Masa”ya daxil olan partiyaların dəstəkçiləri ilə yanaşı Kılıçdaroğluya böyük dəstək verən kürd əsilli Türkiyə vətəndaşları da səs verdilər. İkinci tur olsa, CHP-yə çox böyük problemlər yaradacaq. Çünki Deniz Baykaldan sonra partiyaya rəhbərlik edən Kemal Kılıçdaroğlu son 13 ildə bu partiyaya hər hansı bir uğur gətirə bilmədi. Çünki CHP-nin illədir kristallaşmış seçici sayı var ki, onlar hər zaman 25% seçici sayı ilə parlamentə düşmək üçün səs verirlər. Bu seçkilərdə də bu tendensiya öz əksini tapdı”.
Deputatın fikrincə, Kılıçdaroğluna qarşı bu seçkilərdən sonra ciddi münasibət ortaya qoyulacaq:
“O cümlədən onun dayaqları partiyada tamamilə zəifləyib. Həmçinin, seçkilər dövründə onun aparmış olduğu təbliğat və təşviqat nitqləri onun səmimiyyətsizliyini bir daha ortaya qoydu. Onun danışıqlarına böhtan, şər, populizm əsas amil idi. Eləcə də digər rəqiblərinə qarşı Kılıçdaroğlunun FETÖ ilə bərabər böhtan kampaniyası içərisində yer alması və digər amillər CHP sədri kimi onu bitirdi. Onun istefası qaçılmazdır. “Millət İttifaqı” daxilində parçalanma şəksizdir. Çünki onlara böyük vədlər verən Kılıçdaroğlunun bu məğlubiyyətindən sonra onların CHP sədrinin yanında olması inandırıcı görünmür.
Bu seçkilər Türkiyənin siyasi həyatında çox ciddi aydınlıqlar gətirdi və Ərdoğan faktiki olaraq Milliyyətçi Hərəkat Partiyası ilə bərabər bu uğuru əldə etdi. Xatırladım ki, MHP-nin elektoratı kifayət qədər parçalandı, çünki onun bir hissəsini Meral Akşener, digər bir hissəsini isə Mansur Yavaş apardı. Buna baxmayaraq, Devlet Bahçeli özünün türk dövlətinə sədaqətini nümayiş etdirərək, “Cümhur İttifaqı”nda qalıb bu seçkilərdə öz töhfəsini Türkiyə dövlətinə verdi. Bu baxımdan ona alqış düşür”.
Onun sözlərinə görə, nəticə etibarilə, Kılıçdaroğlu artıq bir siyasətçi kimi özünü bitirdi:
“Əgər ikinci tur olarsa, ondan sonra bu məsələ artıq yekunlaşacaq. Yox, birinci tur olsa, artıq biz 1-2 gün sonra Kılıçdaroğluya qarşı həm öz partiyasından, həm də Türkiyənin müxtəlif siyasi qütblərindən ciddi təpkilərin yer aldığının şahidi olacağıq.
Onun istefa verməsindən sonra isə yerinə sadəcə 2 nəfərin adı çəkilir. Onlardan biri Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur, digəri isə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğludur. İmamoğlu da İstanbulda əvvəlki populyarlığını və nüfuzunu itirdi. Çünki o, seçicilərə verdiyi vədini yerinə yetirə bilmədi. Demək olar ki, bu gün İstanbul əvvəlki kimi deyil və onun problemləri öz həllini tapa bilmir. Bu da İmamoğlunun nüfuzuna və istanbulluların arasındakı reytinqinə çox mənfi təsir göstərdi. Ona görə də İmamoğlunun CHP-yə sədr seçilməsi məsələsi məndə kifayət qədər sual doğurur.
Mansur Yavaşın şansı daha yüksəkdir, həm də o, daha çox millidir. Yavaş milliyyətçi düşüncələrini özündə ifadə edir və Kılıçdaroğlu kimi qeyri-müəyyən və kosmopolit bir insan deyil. Əgər Yavaş CHP-yə rəhbər gələrsə, partiyanın ideoloji konsepsiyasında və baxışlarında müəyyən dəyişikliklərin olması gözlənilir”.