Məlum olduğu kimi, Sinan Oğan Türkiyədə keçirilən prezident seçkilərində 5 fazidən artıq səs toplayaraq seçki üçüncü olub. Bu, 3 milyona yaxın seçicinin səsini toplamaq deməkdir. Bir neçə ay öncəyə qədər Türkiyə seçicilərinin tam əksəriyyətinin tanımadığı və ya səthi tanıdığı namizəd üçün bu, fenomenal göstəricidir.
Bəs Sinan Oğan kimdir və onun həyat yolu necə olub?
1966-cu ildə Türkiyənin İğdır vilayətində doğulan Sinan Oğan Azərbaycan əsilli Türkiyə siyasətçisidir. O, strateji tədqiqatçıdır. Keçmiş MHP üzvü olub, hazırda Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir. 2023-cü ilin may ayında Türkiyədə keçirilən prezident seçkilərində ATA İttifaqının vahid namizədi olub.
Sinan Oğan 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993–2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb.
Sinan Oğan 2011-ci ildə Milliyyətçi Hərəkat Partiyasının İqdır bölgəsindən millət vəkilliyinə 1 nömrəli namizədi olub. MHP-nin S. Oğanı bu bölgədə 1 nömrəli namizəd göstərməsi onun İqdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əmin olmasından irəli gəlib. Türkiyə-Azərbaycan dərnəyinin rəhbəri Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanıb.
Sinan Oğanın iştirakı ilə Türkiyədə 20 Yanvar, Xocalı soyqırımı, 1918-ci il mart qırğınlarının qurbanlarının xatirəsinə həsr olunan çoxsaylı tədbirlər təşkil olunub. Azərbaycan dövləti və xalqının maraqlarına daha ardıcıl və sistemli şəkildə müdafiə etməsi üçün Türkiyə Azərbaycan Dərnəyi (TAD) diaspor təşkilatını yaradıb.
O, 2023-cü ilin may ayının 14-də Türkiyədə keçirilən prezident seçkilərində ATA İttifaqının vahid namizədi olaraq iştirak edib, namizədlik üçün tələb edilən 100 min imzanı toplayıb, namizədliyi Yüksək Seçki Komissiyası tərəfindən təsdiq edilib.
S.Oğan prezident seçkilərində iştirak edən 4 namizəddən biridir və yuxarıda deyildiyi kimi 3 milyona yaxın seçici səsi alıb.
Türkiyə prezidenti postunun qalibi birinci turda müəyyənləşməsə (belə bir ehtimal böyükdür), II turda Sinan Oğanın hansı namizədi dəstəkləyəcəyindən çox şey asılıdır.
O, ard-arda verdiyi açıqlamalarda özünü millətçi və Atatürkçü adlandırıb, seçiminin dövlət və millət mənafeyindən yana olacağını bildirib.