• 22 Noyabr 2024 20:54

Nail Kəmərli: “Çəkiliş üçün narkoman tapa bilmirəm…”

 

Narkomanların həyat hekayəsi ilə bağlı bir müddətdir, videolar çəkən bloqer Nail Kəmərlinin fəaliyyətini normal qiymətləndirənlər olsa da, narazılıq edənlər də var. Bloqerin öz “İnstagram” hesabının hekayə bölümündə “çəkiliş üçün narkoman lazımdır, həyat hekayəsini danışsın” paylaşımı müzakirələri artırıb. N.Kəmərlini tənqid edənlərin bəziləri bildirirlər ki, onun çəkdiyi videolar maarifləndirici deyil, narkomanların, illərlə həbs həyatı yaşayan cinayətkarların həyat hekayəsini çəkməyin cəmiyyətə heç bir faydası yoxdur, əksinə, bu, ümumi işə ziyandır…

Pravda.az etirazlarla bağlı Nail Kəmərlinin münasibətini öyrənib.

Bloqer saytımıza açıqlamasında hər kəsin fikrinə hörmətlə yanaşdığını deyib: “Fikirlər müxtəlifdir, hamının fikirlərinə hörmətlə yanaşmalıyıq. Çünki hamımız insanıq. İki ilə yaxındır, belə çəkilişlərlə məşğulam. Artıq ölkədə, demək olar, narkoman tapmaq olmur. “İnstagram” hekayəmdə buna görə paylaşdım ki, çəkiliş üçün narkoman tapa bilmirəm. Son bir-iki aya qədər çox idi, hamısı deyirdi ki, çəkilişə razıyam. Amma artıq narkoman tapılmır. Səbəblər müxtəlif ola bilər. Düşünürəm, ola bilsin, müalicə alanların sayı çoxalıb. Çünki 2-3 il əvvəl ölkədə üç-dörd reabilitasiya mərkəzi var idisə, indi 80-dən çoxdur. İkinci səbəb isə ya həbs olunurlar, ya da vəfat edirlər… Əvvəllər narkomanlar özləri müraciət edirdilər ki, həyat hekayələrini danışsınlar. İnsanların bu cür çəkilişlərə qarşı münasibətini sözlə deyə bilmərəm, videoların altındakı şərhlərə baxmaq kifayət edir. Minlərlə rəylər yazılır. İnsanlar həmin videoları öz ailə üzvlərinə göstərirlər, camaat bilir ki, narkotikin fəsadları nələrdir, narkoman əvvəl necə insan olub, indi isə onun yaşayışı necədir… Pis vəziyyətdə, yara içində, evinin aboyuna kimi satan narkomanlar var. Çəkdiyim videoların hər birində real həyat hekayələrini danışırlar. Heç bir narkoman narkotiki təbliğ edib, tərifləmir ki, “mən bu gün narkotik istifadə etdim, hər şey “bombadır”, narkotikə görə uğur qazanmışam…” Çəkilişlərdə belə bir ifadə yoxdur. Əksinə, narkomanların hamısı deyir ki, kaş bu yola düşməzdim. Peşmanlıqlarını bildirirlər. Neçə-neçə gənclərimiz bu videolara baxıb sağalırlar, bezirlər, qorxurlar, daha bu yola addım atmırlar. Yəni cəmiyyət içində fikirlər müxtəlifdir, bunu normal qəbul edirəm. Beş barmağın beşi də bir ola bilməz ki… Nail Kəmərlinin videolarına “pis” deyənlər, bəyənməyənlər, belə başa düşürəm, ya İran meyillilərdir, ya da narkotik satanlardır. Şükür Allaha, polislərimiz indi bir-iki nəfəri tutmurlar, əlli-altmış nəfəri birdən tutur. Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarında görürsünüz. Həbs oluna-oluna gedirlər… Məni sevməyənlər bu cür insanlar ola bilər. Allahın izni ilə, çəkiliş üçün heç narkoman tapmayım, ölkəmizdə narkoman olmasın”.

Tacxeber.com

Oxşar xəbərlər