• 23 Noyabr 2024 11:28

“Mədəniyyətsizlikdir, toyda sanki heyvanın qabağına yem tökürlər” – Ziyalılardan sərt qınaq

Artıq mayın bitməsi ilə Azərbaycanda toy mövsümü yenidən start götürür. Bu da ölkəmizdə cah-calalla keçirilən toylarda israfçılığa yol verilməsi məsələsini yenidən aktuallaşdırır. Dünyada ərzaq böhranı yaşandığı, israfçılığa qarşı beynəlxalq səviyyədə çağırışlar olduğu bir zamanda toylarımızda hələ də bir neçə saat üçün növbənöv yeməklərin bişirilməsi birmənalı qarşılanmır.

Ölkə.Az mövzu ilə bağlı ziyalıların fikirlərini öyrənib.

Xalq şairi Vahid Əziz Ölkə.Az-a fikirlərini bildirirkən israfçılığa qarşı olduğunu deyib. Onun sözlərinə görə, toy sahibləri başqalarının gözünə girməyə çalışmasa, israfçılığa yol verilməz:

“Elə etmək lazımdır ki, hamı tox olsun. Ona görə də gərək hamı qədərini bilə. Hər halda məclis edən adam da fikirləşməlidir ki, gözə girmək lazım deyil. Gərək toy sahibləri və şadlıq evləri razılığa gəlsinlər ki, qənaət olsun. Biri qazanmaq istəyir, biri də özünü göstərmək.
Azərbaycan ziyalılarından birinin bir sözü var. Deyir, mədəni adam toya tox gedər, yasdan ac qayıdar. Biz toya axşam gedirik. Adamdan soruşarlar ki, sən evdə axşam yemək yeyəndə stolun üstündə 13 cür salat, həm balıq, həm kabab, həm də dana basdırması olur? Evə gəlirsən, bir tikə Allah verəndən yeyirsən. Toyda da bu səviyyədə gözləməlisən. Ora ancaq qarın doldurmağa getmirlər. Toya şənlənməyə, gənclərin sevincinə şərik olmağa gedirlər.

Toy edən adamlar da gedib xərcə-borca girir, nədir-nədir özümü göstərim, uşaqları şənləndirim. Evlənən gənclərin vecinə deyil ki, stolun üstündə nə var, nə yoxdur. Düşünürəm ki, bu məsələdə bir az mədəni davranmalıyıq. Gərək, hərtərəfli fikirləşələr və Türkiyədə olduğu kimi yavaş-yavaş bu məsələni nizama salalar”.

Əməkdar mədəniyyət işçisi, 31 il Milli Kulinariya Mərkəzinin baş direktoru olmuş Tahir Əmiraslanov da Ölkə.Az-a açıqlamasında toylarda yemək çeşidlərinin çox olmasını lovğalıq adlandırıb:

“Biz tərəflərdə “dambatlıq”( lovğalıq, ədabazlıq-red.) deyilən bir anlayış var. Özünü olduğundan ziyadə göstərmək deməkdir. Restoranlar da bizim bu hissimizdən istifadə edir.
Bu, aclıq illərindən şüuraltımızda qalmış bir şeydir ki, stolun üstü doludursa, deməli, adam varlıdır. Bu, çox böyük bir mədəniyyətsizlikdir. Halbuki əvvəllər toylarımızda bir-iki çeşid yemək və içki verilərdi. Bundan əlavə, yemək yeyilən yerdə musiqi o qədər də hündürdən səsləndirilməzdi, rəqs ayrı olurdu. İndi stolların üstünə hər şeyi düzüb böyük qiymətlər təyin edirlər. Hətta stolun üstündəki şeylər o qədər durur ki, onların çoxunun yemək müddəti artıq bitir.

Elə bilirlər ki, yaxşı bir şey ediblər. Bu, sadəcə dambatlıqdır. O ki qaldı dünyadakı ərzaq qıtlığına, vallah, Azərbaycanda mən bunu görmürəm. Siz zibil yeşiklərinin yanından keçəndə baxsanız, görəsiniz ki, nə qədər çörək və başqa ərzaqlar atılır”.

T.Əmiraslanov israfçılığın islam dinində də günah olduğunu xatırladıb:

“İsrafçılıq çox ağır günah olmaqla yanaşı, həm qanmazlıqdır, həm də mədəmizə ziyandır. Onsuz da çox yeyə bilmirik. Ən yaxşı halda 2 yeməklə doyuruq, üçüncüyə əlimizi vurmuruq. Çox şeylər də yarımçıq qalır, dadına baxılır, tökülüb qalır. Süfrədən iraq, sanki heyvanın qabağında yem tökürlər, belə bir təəssürat yaranır.

Mədə ağırlaşır. Toyda yeməkdən daha çox zəhərlənirik. Əslində, toy etmirlər, camaata toy tutular. Məqsəd budur, başqa bir şey yoxdur.

Toya gedən adam 3 növ yemək varsa, hansından nə qədər istəsə, yeyib doya bilər. Toydan ac qayıtmaq yalan söhbətdir. Bunu deyən adamın ya gözü doymur, qarınquludur, ya da mədəniyyəti yoxdur. Yeməkdən də zövq almaq lazımdır. Bir var, bir yerdə 3 yemək bişirilə, onu daha yaxşı etmək asandır, nəinki 100 yeməyi yaxşı hazırlamaq”.

Tacxeber.com

Oxşar xəbərlər