“AKP müəyyən qədər səs itirsə də, yenə də parlamentdə çoxluğu qazanacağını və Prezident Ərdoğanın daha bir müddətə seçiləcəyini istisna etmirdim”.
Tacxeber.com Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki keçmiş səfiri Ceyms Cefri deyib.
“Ərdoğan faktoru bəllidir. Türkiyəyə son səfərim zamanı eşitdiyim o oldu ki, hər təbəqədən olan insanlar ölkənin son 20 ildə böyük irəliləyiş əldə etdiyini deyirdilər. Ona görə də gözləməli olduğumuzu düşünürdüm. Gözlədik və gördük. Gördüklərimiz Prezident Ərdoğanın növbəti qələbəsi oldu”, – diplomat bildirib.
Cefri Türkiyənin son illərdə atdığı addımların onun regionda geostrateji oyunçu olduğunu sübut etdiyini söyləyib:
“Prezident Ərdoğanın son illər bölgədəki tərəfdaşlarımız və dostlarımız olan Körfəz ölkələri, İsrail və Misirlə münasibətlərdə inanılmaz diplomatik dəyişikliyi Türkiyənin Yaxın Şərq və Avropada həqiqətən də mühüm geostrateji oyunçu olduğunu sübut etdi. Xüsusən də Rusiya, İran və müxtəlif terror qruplaşmalarını nəzarətdə saxlamaq məqsədləri bizə uyğundur. Ancaq münasibətlərimizdəki mürəkkəbliyi nəzərə alaraq, Prezident Bayden adekvat davranmalıdır.
Baydenin Türkiyədəki seçkilərdə iştirakdan çox təsirləndiyini düşünürəm. Hesab edirəm ki, nisbətən yaxşı seçim də mühüm amildir. Söhbət həm də NATO-dan, beynəlxalq nizama qarşı çağırışlarla mübarizədən gedir. Düşünürəm ki, Prezident Bayden bütün bunları Prezident Ərdoğanla əlaqələr qurmaq üçün bir fürsət kimi görür”.
Sabiq səfir qeyd edib ki, türk xalqının Ərdoğana üstünlük verməsində əsas amil onun təcrübəli və özünü sübut etmiş lider olması ilə əlaqəlidir:
“Baxın, nəticə nisbətən yaxındır, arada 4 faizlik fərq var. Əhalinin yarıdan bir qədər çoxu Prezident Ərdoğana səs verib. Yəni səslər bölünüb, bu, Amerikada qeyri-adi hal deyil. Türkiyədə də belədir. Demokratiya belə işləyir. İnsanlar həmişə olduğu kimi, idarəetmədə özünü lider kimi sübut etmiş təcrübəli rəhbəri seçdilər. Onun qarşısında isə bu baxımdan özünü sübut etməmiş birisi vardı. Ərdoğanda olan özünü sübut etmiş təcrübəli lider aurası Kılıçdaroğluda yoxdur”.
Cefri amerikalı analitiklərin və bir çox siyasət adamının Kılıçdaroğlu ilə bağlı proqnozlarında yanıldıqlarını da etiraf edib.
“Prezident Baydenin Kılıçdaroğlunun qalib gəlməsi üçün çalışdığını düşünmürəm. Qənaətimə görə, Bayden Prezident Ərdoğanla yaxşı münasibət qurmaq üçün çox çalışıb. Biz buna baxmalıyıq. Prezident Ərdoğana qarşı müxalifəti dəstəklədiyimizə dair siqnal da verməmişik”, – diplomat əlavə edib.