“Deputatlar Milli Məclisdə xalqı narahat edən məsələləri, üzləşdikləri problemlə bağlı məsələ qaldırılsa da, bununla bağlı heç bir tədbir görülmür. Elə biz özümüz deyib, özümüz eşidirik”.
Tacxeber.com xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisdə 2022-cü il büdcəsinin cari vəziyyətinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, hər il eyni məsələləri, problemləri qaldırmaqdan artıq özü də yorulub.
“Nə qədər Ağsu yolu, Şamaxı, Ağsuda zəlzələdən zərər çəkən evlərin təmiri, məktəblərin, xəstəxanaların tikintisi ilə bağlı məsələ qaldırsaq da, nəticəsi olmur. Artıq bu məsələləri qaldırmaqdan özüm də bezmişəm. Nə qədər olar, eyni məsələni qaldırmaq. Özümüz deyib, özümüz eşidirik.
Əvvəllər seçicilərlə görüşəndə bizi qınayırdılar ki, niyə problemlərimizi qaldırmırsınız. Amma indi isə deyirlər ki, nə olsun problemləri qaldırırsınız, nəticəsi yoxdur. Onda bunun nə xeyri var? Hökumətdən xahiş edirəm ki, heç olmasa, qaldırdığımız məsələlərlə bağlı bizə mənfi və ya müsbət cavab versin”, – o qeyd edib.