“Qızılı qaytardım, məni biabır elədilər” – Həmin müəllim danışıb ağladı
“İstəməzdim ki, belə olsun. 31 valideyn yığılıb bu tədbiri təşkil edib”.
Tacxeber.com xəbər verir ki, bu sözləri qaynarinfo-ya açıqlamasında bir neçə gündür sosial şəbəkələrdə və mediada gündəm mövzusuna çevirilən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyeva bildirib.
Müəllim deyib ki, 4-cü siniflərin buraxılışı ilə əlaqədar valideynlərin təşkilatçılığı və təklifi ilə restoranların birində tədbir keçirilib.
– Tədbir deyəndə nəyi nəzərdə tutursuz?
– Valideynlər bildirdi ki, iştirakımla tədbir keçirmək istəyirlər. Mən də bu təkliflə razılaşdım. 27 may tarixində, yəni şənbə günü Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbdə 4-cü siniflərin buraxılışı ilə əlaqədar restoranların birində tədbir keçirildi. Son da qurama bir hal alındı.
– Deyirsiz bu görüntünü valideynlər bilərəkdən yayıb?
– Xeyr. Elə bir qurma hal demirəm. Valideynlər özləri də çox pis olub. İnanın ki, bütün valideynlər video yayılan günü məktəbə gəldilər və onlar da çox pis olmuşdular. Hamısı məni müdafiə etdilər. Hətta valideynlər özlərini günahkar görərək bildirirdilər ki, əgər bu cür tədbir edirdiksə, gərək bu həddə çatmayaydı. “Kaş müəllimi belə bir vəziyətə çatdırmazdıq və onu pis vəziyyətə salmazdıq”, deyirlər.
Heç mən özüm də bunu gözləməzdim. Əgər bir müəllim kimi valideynlərin mənə təqdim etdiyi qızılı rüşvət kimi götürürdümsə, qızıl üzük niyə barmağıma girmirdi? Mənim bu hədiyədən heç xəbərim belə yox idi. Onu rüşvət kimi alsaydım, gizlincə edərdim. Elə bil tələyə düşdüm.
– Neçə ildir sözügedən məktəbdə çalışırsız?
– 40 ildir müəllimlik fəaliyyəti ilə məşğulam. Bunun 35 ilini sözügedən məktəbdə çalışmışam. Görün bu illər ərzində məktəbə neçə direktor məktəbə gedib-gəlib. Pis olsaydım, çoxdan işdən çıxarardılar. O, məktəbdə bu illər ərzində nə qədər hadisələr olub. Heç bir qalmaqalda iştirak etməmişəm, heç vaxt mənə töhmət verilməyib. Yetirmələrimdən müxtəlif vəzifələrdə çalışanlardan tutmuş, şəhid, qazi olanlara kimi var. Heç vaxt valideynləri nəyəsə məcbur etməmişəm. Bunları deyirəm, indi deyəcəklər ki, özünü tərifləyir və yaxud müdafiə edir. Bu hadisəni özümə bağışlaya bilmirəm, məni biabır elədilər. 40 il sonra niyə belə hadisə mənim başıma gəlsin? (ağlayır) Çox söz danışa bilmirəm. Guya bu qızıl tək Yaqut müəllimənin qulağına taxılıb? Heç kimin başına belə bir hadisə gəlməyib?
– Necə olub ki, valideynlər sizə qızıl almaq qərarına gəliblər, digər əşya yox?
– Uşaqlar mənə gül təqdim edəndə özüm ağlamışam. Amma yayılan videoda tam görüntü yoxdur. Videoda elə görünür ki, guya sırğam olmayıb, gəlmişəm ora valideynlər qulağıma qızıl taxırlar. Bu səhnə mənə çox ağır gəlir (ağlayır). Valideyinlər özləri də deyir ki, uşaqlarımız 4 ildir oxuyur, biz sizə heç nə etməmişik. Bu bizim ürəyimizdən gəldi, qızıl aldıq. Ona görə özüm də hansısa valideyindən şübhələnə bilmirəm. Əgər belə idisə, niyə bu hədiyyəni mənə alardılar? Özləri də bu hadisəyə görə məktəbə gəlib, direktorla da görüşdülər. Bildirdilər ki, Yaqut müəllimin heç bir günahı yoxdur. Üzr istəyirəm, onlar bu hadisəni törədəni söyürlər də…
Mən özüm də mətəəl qalmışam. İnana bilmirəm ki, burada müəllimin və ya hansısa valideynin əli var. Həyatda görmədiyim bir halla rastlaşdım. Ailəm, tanış-qohumlarım zəng edirlər. Bu hadisə ilə bağlı heç kimdən heç nə eşitmək istəmirəm. Çox utanıram (ağlayır). Bilsəydim ki, belə olacaq, heç vaxt o hədiyyəni qəbul etməzdim. Bu hədiyyəni almaq üçün uzağı hər valideynə 15 manat pul düşüb. Əgər mən tələb edirdimsə, deyərdim gedin bahalı qızıllar alın. Hansısa planım olsaydı, alıb qızılları qoyardım sumkama. Heç buna icazə verməzdim. Bu hədiyyənin verilmsini pis mənada başa düşməmişəm. Dedim valideynlər etmək istəyirlərsə, qoy etsinlər. Bu yaşa çatmışam, belə bir hadisə ilə heç vaxt üzləşməmişəm..