• 22 Sentyabr 2024 23:20

Baba Vəziroğlu ağ önlüklü məktəbli formasına etiraz edənlərə: “Uşaqlara necə gözəl yaraşır, fərqlilik yox idi, kasıb-varlı bilinmirdi…”

 

Səliqə ilə tikilmiş qara paltarın üstündən geyinilən ütülü ağ önlük, paltarın qollarını və boynunu bəzəyən ağ krujeva, arxaya doğru yığılmış uzun saçlara bağlanan ağ bant – illərdir, beynimizdən silinməyən məktəbli obrazı. Hətta qış aylarında ağ önlük qara rənglə əvəz olunurdu. Yuxarı sinfə keçəndə bu səliqəli məktəb formasını özümüzdən aşağı sinifdə oxuyanlara ötürürdük. Beləcə 11 ili tamamlayır, “Son zəngi” də elə həmin forma ilə başa vururduq. İllər keçdi, unudulan hər şey kimi bu ənənə də unuduldu. Hər məktəbin öz geyimi, hər sinfin ayrı rəngi… Dama-dama “yubka…” İllərdir, hələ də öz milli məktəb formamızı tapa bilməmişik. Şagirdlər hər il başqa rəngdə, valideynlər stressdə… Bir neçə gün öncə bəzi orta məktəblərdə 11-ci sinfi başa vuran şagirdlər “Son zəng”də xatirələrdən silinməyən həmin məktəbli obrazını bir neçə saatlıq da olsa, qaytardılar. Məktəblilərin sosial şəbəkələrdə yayılan görüntüləri müsbət rəylərlə qarşılansa da, buna etiraz edənlər də oldu. Ağ önlüyü Sovet dövründən qalma ənənə kimi qiymətləndirənlər təklif edirlər ki, ölkədə standart yeni məktəbli geyimləri olmalıdır, işğalçı Sovetin ənənəsi bizə lazım deyil…

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Əməkdar incəsənət xadimi, tanınmış nəğməkar şair Baba Vəziroğlu bildirib ki, o da köhnə illərin məktəbli formasının tərəfdarıdır.

“Mən tamam əksini düşünürəm. Biz təkcə bu ənənəni yox, çox ənənəni, ən yaxşı ənənələri unutduq. Hətta bir hikməti yaddan çıxardıq ki, ən yaxşı yenilik unudulmuş, köhnə yenilikdir… Ümumiyyətlə, özüm də daxil olmaqla, unutqan xalqıq. Yenisini yaratmamış köhnəni vurub dağıdırıq. Məsələn, yeni ev tikmək üçün həyətimizdəki köhnə komanı birinci yıxdıq, ev tikilib quratarana qədər qaldıq İsmayıllının yağış-qarının altında. Bir evini tik, komanı yıxmağa həmişə imkan var… Rejimin işğalçı olub-olmamasının gözəl ənənələrə nə dəxli var? O ənənələri insanlar yaratmışdılar. Görürdülər ki, ağ önlük uşaqlara necə gözəl yaraşır. Fərqlilik yox idi, kasıb-varlı bilinmirdi”, – o deyib.

B.Vəziroğlu bildirib ki, Sovetin iki ən gözəl institutu olub: “Səhiyyə və təhsil. Dünyada tayı-bərabəri olamayan institutlar idi. Hər ikisi Sovet dövründə ən çox inkişaf etmiş sahələr idi. Səhiyyəni də kökündən yıxdıq, təhsili də. Bu saat səhiyyəmizdə də, təhsilimizdə də ancaq vurnuxmaqla, çabalamaqla məşğuluq. Yaxşı ki, köhnə forma ənənəsi məktəblərin öz təşəbbüsləri ilə qaldırılır. Hələlik forma ilə başlasınlar, sonradan başqa yaxşı ənənələr də dirçələr. O cür səliqəli məktəbli forması adama xoş gəlir. Vaxtilə mən də o yolu keçib gəlmişəm. Forma, sinif otaqları – bütün bunlar məsələnin zahiri tərəfidir. Ən dəhşətlisi isə budur ki, içimizdəki sevinc, gələcəyə ümid yox olub. Mən kəndli balası idim, o vaxt fikirləşirdim ki, yaxşı oxusam, mütləq ali məktəbə daxil olacağam, ali məktəbi bitirəndən sonra gözəl işlə təmin olunacağam, belə olan halda öz üzərimdə bir az da çalışıb cəmiyyətdə layiqli mövqe tutacağam. Mənim bacarığım nəyə yönəlikdirsə, onu inkişaf etdirəcəyəm, doğrudan da, cəmiyyətə, insanlara lazımlı bir şəxs olacağam. İçimizdə bu inam var idi. İndi isə yoxdur… Məktəblilər düşünürlər ki, məzun oldum, nə edəcəyəm? – pulum yox, “dayım” yox, sabah ali məktəbə geyinməyə gözəl geyimim yox, dəstəyim yox, evim yox, gərək fəhləlik edim, həm ailəmə kömək olum, həm də kirayə pulunu verim. O zamanlar isə biz bunları düşünmürdük. Məncə, Sovet təhsil sisteminin ən böyük üstünlüyü bu idi. Təbii ki, ağ önlüklü məktəb forması ikinci dərəcəli idi. Ən böyük üstünlük məzunların gələcəyə inanmaları idi. Mən necə Baba Vəziroğlu olmuşam? Ucqar dağ kəndində yaşayan doqquz uşaqlı, kasıb ailənin bir üzvü. Orta məktəbdə bütün fənləri 5-lə bitirmişəm. İki dəfə Bakı Dövlət Universitetində, sonra Moskvada, Bolqarıstanda oxumuşam, bu gün də oxuyuram, çalışıram. Özümü tələbə, şagird sanıram, öyrənirəm, oxuyuram ki, cəmiyyətdə layiqli yerimi tutum. Və buna inanıram. Bu inamı o zaman məndə öldürmədilər. Nə yaxşı ki… Yoxsa mən tamam gərəksiz bir adam olardım. Çünki insanı irəliyə, zirvəyə aparan ədalətə, haqqa inamdır. Çox təəssüf ki, indi bu yoxdur. Bilirsiniz ki, iqtidaryönlü adamam, amma həqiqəti demək lazımdır axı. O vaxt Yuri Qaqarin kosmosa uçanda hamı kosmonavt olmaq istəyirdi. Axırda heç olmasa təyyarəçi olurdular. İndi kimdən soruşursan, deyir ki, görək başıma haranın daşını salacağam. Tunelin sonunda işıq görünmür, nə etsinlər? Buna görə də məktəbli formasından öncə insanlara o inamı qaytarmaq lazımdır…”

Tacxeber.com

Oxşar xəbərlər