• 22 Sentyabr 2024 11:35

Deputatlar “taksi qanununu” tənqid etdi: Onlar işlə təmin edilməlidir

 

Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydaların müəyyənləşməsi ilə bağlı qanunlara dəyişiklik layihələri Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.

Tacxeber.com xəbər verir ki, layihələri parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Komitə sədri deyib ki, Bakıda istifadə olunan taksi gedişlərinin 60 faizə yaxını 1,5-3 km məsafə üçün istifadə olunur: “İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı durmadan azalır. Son 1 ildə avtobuslardan istifadə 40 faizə qədər azalıb. Metrodan istifadə isə hələ də 2019-cu ilin səviyyəsinə çatmayıb”.

Komitə sədri əlavə edib ki, taksi sayının əhaliyə nisbətdə yüksək olması diqqət çəkir: “Məsələn, İstanbulda taksi sayı üçün kvota müəyyən edilib. Hazırda 17 min 325 ədəd müəyyənləşib. İstanbulun əhalisinin sayı 15 milyona yaxındır. Əhali nisbətinə baxanda İstanbulda hər 865 nəfərə 1 taksi düşürsə, Azərbaycanda hər 85 nəfərə bir taksi düşür. Təxminən 10 dəfəyə yaxın fərq var”.

Müzakirələr zamanı çıxış edən deputat Siyavuş Novruzov deyib ki, taksi xidmətinin tənzimlənməsi zamanı xeyli sayda insan işsiz qalacaq və müvafiq qurumlar onların iş yerləri ilə təmin etməlidir.

Deputat Fazil Mustafa taksi xidmətində yaranmış vəziyyətə ictimai nəqliyyatdakı problemi kimi deyil, sosial problem kimi yanaşılmalıdır. “Bu gün yüksək keyfiyyətli ictimai nəqliyyat sistemi yaradılmalıdır, ondan sonra bu sahədə nizam-intizam yaratmaq lazımdır”.

Deputat Azay Quliyev bildirib ki, ictimai nəqliyyat sahəsində ciddi problemlər var. “Avtobus marşrtuları yaxşı işləmədiyindən insanlar daha çox taksiya üstünlük verir”.

Müzakirələr davam edir.

Tacxeber.com

Oxşar xəbərlər