• 27 Noyabr 2024 06:39

Uzun saçlı, saqqallı məktəblilər: “Hətta qulağına sırğa taxanlar da var”

Uzun saçlı, saqqallı məktəblilər: “Hətta qulağına sırğa taxanlar da var”

Son vaxtlar gənclər və yeniyetmələr arasında fərqli imici olanları tez-tez görürük. Xüsusən, yeniyetmə oğlanlar arasında məktəbli üçün uyğun tərz olmayan müxtəlif saç düzümlərindən istifadə halları artıb. Problem ən çox yuxarı sinif şagirdləri arasında yaşanır. Oğlanların əksəriyyəti təhsil ocağına ya saqqalda, ya uzun saçda gəlir.

Bir neçə gün əvvəl məktəblərdə keçirilən  son zənglərdən çəkilən, mətbuatda yayılan şəkillərdən də bunun şahidi olduq.

Sosial şəbəkə istifadəçiləri arasında da məsələ xeyli müzakirə olundu. Hətta bunu İranla əlaqələndirənlər də oldu. Onların iddialarına görə, gənclərimiz İranın ideoloji təsiri altındadırlar. Saqqallı imic məhz İranın təsiridir.

Mövzu ilə bağlı Yenisabah.az-a Milli Məclisin deputatı Fazil Mustafa bunun hansısa ölkənin təsirindən daha çox təhsilsizliklə əlaqəli olduğunu bildirib:

“Məktəbdə tərbiyəvi mesaj almayan, məktəbə vaxtaşırı baş çəkməyən, təhsildən uzaq duran gənclərin başqa yerdən qaynaqlanan təsirlərə aludə olması mümkündür. Hesab edirəm ki, bu məsələdə hansısa dövlətin az təsiri var. Bu, bütövlükdə gəncliyin təhsilsizliyi ilə, dünyagörüşünün məhdudluğu ilə bağlı

məsələdir. Çünki yeniyetmələr orijinal görünmək üçün hansısa bir yol tapmaq üzərində düşünmək yerinə, haradansa kopyaladıqları görünüşü özləri üçün məqbul sayılar.

Bu həm də gəncliyin xarakterinə xas məsələdir, onlar fərqlənmək istəyirlər, yetkin şəxs olduğunu göstərmək üçün bu cür imicdə olmağa üstünlük verirlər. Bu məsələdə təkcə hansısa dövləti günahlandırmaq düzgün deyil, çünki bu gün kriminal məzmunlu mahnılar, bu məzmunda sosial şəbəkələrdə videolar da var.

Faydalı bilik əldə etməyən, dünyagörüşünü artırmayan uşaqların təsir altına düşməsi daha rahatdır və onlar özünütəsdiqi daha çox kriminal mühitin yamsılamasında, kimlərinsə görünüş olaraq təqlid edilməsində görürlər. Hətta qulağına sırğa taxan gənclərə də rast gəlmək olur, bir çoxları utandığından bunu etmirlər, amma son vaxtlar çox əhəmiyyət verən yoxdur və sərbəst şəkildə bunu edirlər”.

Millət vəkilinin sözlərinə görə, kənar təsirlərin haradan gəldiyi də önəmlidir:

“Bunlar gənclərə xas xarakterdir, lakin geniş yayılması xoşagələn tendensiya deyil. Ona görə də gənclərə yaxşı təhsil verməliyik,  onlar elə dünyagörüşünə sahib olmalıdırlar ki, sonradan başqa mənfi təsirlər altında qalmasınlar.

Müsbət təsirlər isə istər Şərqdən gəlsin, istərsə, Avropanın mərkəzindən, bu yaxşıdır. Bu gün bizdə Şərqdən gələn təsirlər var. Məsələn, Şərqdə ən gözəl din olan İslam dinini qatil yetişdirən bir dinə çeviriblər. Bir İslam mənsubu bu gün özünü kamil insan olaraq yetişdirmək barədə düşünmür, o, birinci növbədə əks fikirləri qətl etmək, aradan qaldırmaq fikri ilə yüklənir. Bu baxımdan götürülən dəyərlərin haradan alınması çox önəmlidir. Məncə, burada narahatedici məqam bilavasitə gənclərin təhsildən uzaq düşməsidir”.

Tacxeber.com

Oxşar xəbərlər