• 27 İyul 2024 08:14

QMİ: “Qurbanlıq keçi və qoyunun yaşı 1 ilə yaxın olmalıdır”

 

“Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır”.

“Report”un xəbərinə görə, bu, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında əksini tapıb.

“Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalı, xəstə və qüsurlu olmamalıdır. Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Keçi və qoyunu bir nəfər, iribuynuzlu heyvanı isə bir neçə nəfər cəmləşərək kəsə bilər. Borc alıb qurban kəsmək şəriətə uyğun deyildir. Heyvanın üzü qibləyə yönəldilərək Qurban niyyəti ilə sahibi və ya kəsəni tərəfindən Allahın adı çəkilərək kəsilməsi vacibdir, həmçinin qurbanlıq azyaşlı uşaqların və digər heyvanların gözü qarşısında kəsilməməlidir. Qurban ətinin satılması və ya sahibinə gəlir gətirən işlərin görülməsi haramdır. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibinin özünə götürməsi, ikinci hissənin fəqir və imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Qurban şükür, səmimiyyət, ixlas və mərhəmət bayramı olduğundan bu mübarək günlərdə valideynlərin və yaxınların ziyarət olunması, qocalara və yetimlərə qayğı göstərilməsi bəyənilən əməllərdəndir”, – məlumatda qeyd edilib.

Tacxeber.com

Oxşar xəbərlər