• 24 Noyabr 2024 19:32

Qida mütəxəssisi: “Qarpız-yemişdə elə kimyəvi maddələr var ki, illərlə orqanizmdən xaric olunmur” – FOTO

 

Qarpız yay fəslinin vazkeçilməz qidalarından sayılır. Bu il qarpız satışa daha erkən – hələ mayın əvvəlindən çıxarılıb. Üstəlik, təkcə Bakıda deyil, bölgələrdə də.

Adətən, avqustda yetişən bostan bitkisinin vaxtından əvvəl satışa çıxarılması onun mənşəyinə dair şübhələr yaradır.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynovanın sözlərinə görə, Azərbaycan üçün yemiş və qarpızın yetişmə vaxtı iyul ayının 20-dən sonraya təsadüf edir:

“Ümumiyyətlə, yay mövsümündə ən çox istifadə olunan qida məhsulları sırasında qarpız və yemişi misal göstərmək olar. Bu qidalar tərkibinin zənginliyinə, eyni zamanda, az kalorili olduğuna görə hər kəsin sevib-seçdiyi qidalardır.

Lakin bir məqamı diqqətdən qaçırmaq olmaz ki, Azərbaycan üçün yemiş və qarpızın yetişmə vaxtı iyul ayının 20-dən sonradır. İyulun 20-dən əvvəl satışda olan qarpız və yemiş ya süni istilik verilərək, ya da mineral gübrələrdən istifadə olunmaqla süni şəkildə yetişdirilir”.

Qida mütəxəssisi tezyetişən məhsulların həssas qrupda olan insanların həyatı üçün təhlükə yarada bildiyini qeyd edib:

“Çox az bir zamanda, bəzən ayyarıma, bəzən də iki aya yetişdirilən qarpız və yemişin tərkibi ənənəvi üsul ilə yetişən məhsullar qədər zəngin deyil. Əksinə, kimyəvi maddələrdən ibarət olduğu üçün həssas qrupdan olan insanlarda, xüsusilə uşaqlarda, xroniki, allergik xəstəliyi olan şəxslərdə zəhərlənməyə gətirib çıxara bilər.

Tövsiyə olunur ki, mövsümi olmayan yemiş və qarpızdan istifadə olunmasın. Mövsümi olmayan meyvələrə tələb bəzən hamilə qadınlar tərəfindən daha çox olur. Belə halda, immun sistemi zəifdirsə və ya həmin insanlarda həssaslıq varsa, bu zaman onlar kimyəvi məhsullardan zəhərlənərlər. Hətta zəhərlənmə ölümlə də nəticələnə bilər.

Mövsümü olmayan qidalar insan orqanizmində həddindən artıq zərər törədə bilər. Özünü bəzən dərhal zəhərlənmə ilə göstərməsə də, müəyyən müddətdən sonra mədə-bağırsaq, həzm sistemində pozulma, ishalla üzə çıxa bilər”.

M.Hüseynova əlavə edib ki, yemiş və qarpızda elə kimyəvi maddələr var ki, illərlə insan orqanizmindən xaric olunmur:

“Bəzən qarpız və yemişin isti ölkələrdən gətirildiyini söyləyirlər. Başqa bir məqam var ki, xaricdən ölkəyə gətirilən meyvə-tərəvəz xarab olmaması, bütövlüyünü, formasını itirməməsi üçün kal şəkildə dərilir. Uzun müddət yol qət edə bilməsi üçün daxildən və xaricdən kimyəvi maddələr vurulur. Bunlar da təhlükəyə səbəb ola bilər.

Bununla yanaşı, meyvə və tərəvəzlər bəzən yuyulmadan istehlak olunur ki, bu da təhlükənin başqa tərəfidir. Üzərində olan kimyəvi maddələr birbaşa insan orqanizminə keçir. Zəhərlənməyə səbəb ola bilir. Elə kimyəvi maddələr var ki, illərdir insan orqanizmindən xaric olunmur. Qaraciyər və böyrəklərdə xəstəliklərin yaranmasına səbəb ola bilər”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev bostan bitkilərinin tez yetişməsi üçün istifadə olunan mineralların miqdarı artıqlıq edərsə, zəhərlənməyə səbəb ola biləcəyini deyib:

“Nəinki paytaxt bazarlarında, artıq rayonlardan gələndə yol kənarlarında məhsulların satışının təşkil olunduğunu görürük. Əvvəlki illərdən fərqli olaraq, indi qarpız və yemişin tezyetişən sortları meydana gəlib. Digər tərəfdən, istixanalarda da yetişdirilir. Bu məhsulların daha tez yetişmələri üçün torpağa minerallar əlavə oluna bilər. Lakin həddindən artıq mineral əlavə olunanda zəhərlənmə ilə nəticələnə bilər.

Məhsulların satışı və saxlanılması diqqət mərkəzində olmalıdır. Çünki yolboyu satılan məhsullar səhərdən axşama qədər günün altında, üstüaçıq qalır. Bu çox təhlükəlidir. Nadir hallarda görürsən ki, qarpız-yemiş çadırın altına yığılıb satılır. Bəzən üç-dörd gün saxlanılan məhsul zəhərlənmə verir.

Sözsüz ki, öz səhhətinin qədrini bilən adamlar keyfiyyətsiz məhsul almamalıdırlar”.

Tacxeber.com

Oxşar xəbərlər