• 18 Oktyabr 2024 07:13

Bakının “sirli” Hökumət Evi – Maraqlı faktlar/FOTO

Bakıda olan “sirli” tikililərdən biri də Hökumət Evidir. Bu bina müharibədən (1941-45 illər) sonra estetik baxımdan Azərbaycan arxitekturasında mühüm rol oynayıb.

 O, dövrlər bina ətraf mənzərəyə nisbətdə dominantlıq təşkil edirdi . Belə ki, ətrafda olan alçaq və xırda həcmli tikililərə baxanda bu bina çox nəhəng və möhtəşəm görünürdü. Həmin dövrlərdə bu tikiliyə heç kimin yuxarıdan baxmaq imkanı olmadığından elə ilk günlərdən bina haqqında müxtəlif əfsanələr yaranmağa başlamışdı. Bu tikintidə alman hərbi əsirləri çalışırdı . Elə bu səbəbdən də yaranan əfsanələrin birində belə deyilirdi ki, alman hərbi əsirləri bu binanı gizli olaraq svastika (qammalı xaç – red.) formasında inşa edirlər.

Bu haqda pıçıltı ilə söz-söhbətlər gəzirdi. Əgər həqiqətən də belə olsaydı, bunu yuxarıdan baxmaqla çox asanlıqla görmək olardı . Əslində isə tikilən Hökumət Evini svastika formasında görmək, Kolizeyi beşbucaqlı formasında görmək kimi bir şey olardı . Bu möhtəşəm binanı heç də almanlar deyil, rus sovet arxitektoru Lev Rudnev və Vladimir Munç həmmüəllif olaraq inşa etdirmişdilər. Hökumət Evinin yuxarıdan görünüşü isə enli П (Pi) formalıdır .

Bakıda Hökumət Evi kimi tanınan bu möhtəşəm bina məhz məşhur arxitektor Lev Rudnevin fantaziyası əsasında tikilib başa çatdırılıb. Lev Rudnevin dünya şöhrətli arxitektur əsərlərindən biri Moskvadakı MDU-nun (Moskva Dövlət Universiteti) baş korpusudur.

Əslində bu binanın tikintisi 1934-cü ildən planlaşdırılmışdı. Həmin ildə Azərbaycan SSR Xalq Komissarları Soveti tərəfindən “Bakıda Sovetlər Sarayının (o vaxtlar Hökumət Evi belə adlandırılırdı) tikilməsi haqqında” qərar qəbul olunmuşdu. Bu qərara görə, bina inşa edildikdən sonra yaşayış binalarında yerləşən dövlət müəssisələrinin hamısı bu binaya köçürülməli, dövləti yığıncaqlar, tədbirlər, iclaslar, hətta qurultaylar belə burada keçirilməli idi . Bu məqsədlə də binanın inşası ilə bağlı ümumittifaq müsabiqəsi elan olunmuşdu . Müsabiqədə Rudnev və Munç qalib olur.

İlkin olaraq tikintiyə 2 milyon rubl ayrılır. Tikinti 1935-ci ildə başlamalı, 1937-də başa çatmalı idi, amma müəyyən səbəblərdən tikinti ləngimiş, 1936-cı ildə inşaya başlanmış və tikintinin başa çatdırılması uzanmışdı. Tikintinin sona çatmasına isə müharibənin başlaması mane olmuşdu.

Binanın tikintisi müharibədən sonra – 1945-ci ildə bərpa edilir və elə həmin vaxtdan da Leninin heykəli ilə əlaqədar müsabiqə elan edilir. Bu müsabiqədə 1-ci yeri Cəlal Qaryağdı və Lev Rudnevin proyektləri (bu heykəl 1955-ci ildə öz yerini tutur, 1991-ci ildə onu Azərbaycan bayrağı əvəz edir) qazanır. Binanın inşası 1952-ci ildə başa çatdırılır. (Ölkə.Az)

Oxşar xəbərlər