“Vaqner”in Qarabağ sirləri: ordumuza qarşı döyüşən muzdluları ermənilər aldatdılar – TƏFƏRRÜAT
Rusiyada silahlı qiyama, daha doğrusu, silahlı çevrilişə cəhd etmiş “Vaqner” Özəl Hərbi Şirkətinin (PMC) rəhbəri Yevgeni Priqojin çoxsaylı hərbi cinayətlərdə, qırğınlarda və terrorizmlə ləngər vuran ekstremist fəaliyyətdə suçlanan şəxsdir.
Latın Amerikası və Afrika ölkələrində çoxsaylı cinayətlər törədən, minlərlə günahsız insanı qətlə yetirən “Vaqner” Suriyada da çoxsaylı, əksəriyyəti hələ də aşkarlanmamaış cinayətlərdə əli olan strukturdur.
Ukraynadakı müharibəyə gəldikdə isə, rəsmi Kiyev “Vaqner”i terrorçu struktur elan edib.
“Vaqner” PMC 44 günlük İkinci Qarabağ Müharibəsində də “iz” qoyub. Yevgeni Priqojinin muzdluları torpaqlarımızın erməni işğalından azad edilməsi üçün apardığımız Vətən Müharibəsində düşmən tərəfində əsgərlərimizə qarşı döyüşüb.
Almaniyanın “RedaktionsNetzwerk Deutschland” (RND) resursu “Vaqner”in rəhbəri Yevgeni Priqojindən bəhs edən araşdırmasında vurğulayırdı ki, bu özəl hərbi şirkət Kremlin maraqları üçün dünyanın bir sıra “boz” bölgələrində, o cümlədən Suriyada döyüşüb.
“Suriyada Priqojinin muzdluları hərbi əməliyyatlar aparmaqla yanaşı, Bəşər Əsədin qoşunlarındakı hərbçilərə də təlim keçirdilər. Palmira şəhərinin İŞİD terrorçularından azad edilməsində də “Vaqner” aktiv iştirak etmişdi. Bütün bunlarla yanaşı, təqribən 500 nəfər “Vaqner” muzdlusunun 2020-ci ilin noyabr ayının əvvəllərində Qarabağda Ermənistan qoşunlarının tərkibində Azərbaycana qarşı vuruşduğu da deyilir”, – RND yazırdı.