• 22 Noyabr 2024 05:03

Dondurma alarkən mütləq bunlara diqqət edin – XƏBƏRDARLIQ

 

“Yay fəslində isti havalar mikroblar üçün əlverişli şərait yaratdığından qida zəhərlənmələrinə daha çox rast gəlinir”.

Tacxeber.com xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, yay mövsümündə zülallı qidalarla xüsusilə ehtiyatlı olmaq lazımdır:

“Bunlar yumurta, süd məhsulları və ətdir.

Bu gün bişirilmiş yeməyin də bir neçə saat istidə qalmağı kifayət edir ki, orada mikroblar inkişaf etsin. Mikroblar çoxaldıqca toksin-zəhər buraxır. Qida zəhərlənməsinin səbəbi də bu toksinlər olur. Toksinli yeməyi soyuducuya qoysaq, da, dondurucuya da qoysaq, artıq o, təhlükəli sayılır. Biz yeməyin görünüşündə, dadında nəsə bir dəyişiklik hiss etməsək də, bu, mümkündür. Toksin təsirindən insanda baş ağrısı, ürəkbulanma, mədədə və qarında ağrı, ishal, soyuq tərləmə, hətta hərarətin qalxması da ola bilər”.

A.İsmayılzadə həmçinin yayda insanlara dondurma alarkən də diqqətli olmağı tövsiyə edib:

“Dondurma alarkən də diqqət etmək lazımdır ki, forması deformasiyaya uğramış olmasın. Bu o deməkdir ki, dondurma bir dəfə əriyib və yenidən donub. Lakin bunu qabda olan ya da sıx qablaşmış dondurma haqqında demək çətin olacaq.

Ona görə ən azından dondurma, kəsmik, yoğurt və s. kimi zülallı, yağlı məhsulları gecələr soyuducunu elektrikdən ayırmaq məcburiyyətində qalan kiçik mağazalardan almayın”.

Mütəxəssis qida zəhərlənməsinin kəskin vəziyyət olduğunu xatırladıb. O deyib ki, bunun üçün ən yaxşı həkim axtarmaq yox, ən yaxındakı xəstəxana və ya təcili yardıma müraciət etmək lazımdır:

“Zəhərləndiyinizdən şübhələnirsinizsə, ev şəraitində tez-tez bol maye qəbul etmək lazımdır. Tez-tez qusma olsa belə su içməyə davam etmək önəmlidir. Çünki maye qəbulu bədəndəki toksinin miqdarını durulaşdırır. Zəhərlənən şəxsə smekta, aktiv kömür kimi adsorbentlər verə bilərsiniz, dərhal probiotik verməyin mənası yoxdur. Amma kəskin vəziyyətdən çıxdıqdan sonra “Lineks Forte” və başqa probiotiklər vermək olar.

A.İsmayılzadənin sözlərinə görə, xroniki qida zəhərlənməsində isə kəskindən fərqli olaraq təcili müdaxilə tələb edən hal olmur:

“Lakin hər gün qalmış yemək yemək, kolbasa – sosis məhsulları istifadə etmək və s. toksinlərin az-az və uzun müddət bədənə girməsinə gətirir. Nəticədə bağırsaq florası pozulur, qarında köp, diskomfort olur. Buna görə yay günlərində xüsusilə də uşaqların yediyinə diqqət etməliyik”.

Yay günlərində qarpızdan da tez-tez zəhərlənmə olduğunu deyən həkim bunun səbəbini qarpızın tərkibindəki bol miqdar azot gübrəsi ilə izah edib.

Tacxeber.com

Oxşar xəbərlər