Rusiya Prezidenti Vladimir Putin muzdlu “Vaqner” hərbçilərinin qiyamından sonra ilk dəfə xalqa müraciətində istər Rusiyada hakimiyyət daxilində dəyişiklik etmək istəyənlərə, istər onları dəstəkləyən xarici qüvvələrə, istərsə də qiyama cəhd edən vaqnerçilərə bir sıra mesajları ilə yadda qaldı.
24 iyun qiyam cəhdi ilə bağlı ilk olaraq onu qeyd etmək lazımdır ki, Rusiya əvvəlki Rusiya olmayacaq. Bu, istər Putin komandası, istərsə də hakimiyyət dəyişikliyi istəyən qüvvələr üçün çox ciddi test oldu.
Həm Putinin, həm də Priqojinin dünənki açıqlamalarından bəlli olur ki, ordu ilə “Vaqner” arasında ciddi ixtilaf yarandığından əldə olunan razılaşmaya əsasən iyulun 1-dən etibarən adı çəkilən muzdlu dəstə buraxılmalı idi. Amma “Vaqner”in buraxılması, heç də asan başa gəlməyəcəkdi. Bunu Kreml də bilməmiş deyildi və Rusiya xüsusi xidmət orqanlarının onların hansı addımlar ata biləcəyindən xəbərdar olmamış deyildi. Digər tərəfdən isə hakimiyyət dəyişikliyi istəyən qüvvələr də “Vaqner”in Kremldə hakimiyyətdaxili ixtilafı dərinləşdirmək üçün bundan faydalanıb çatları daha da dərinləşdirməyə çalışırdı. Bu baxımdan “Vaqner”in buraxılması isə onların marağına uyğun deyildi. İyunun 23-də Vaqner düşərgəsinə atılan raket də hər iki tərəfin marağına xidmət edirdi.
O baxımdan qiyam cəhdi hər iki tərəf üçün acı sonluqla nəticələnən bir test oldu.
Birincisi, əgər xalq küçələrə çıxıb Priqojini dəstəkləsəydi, o zaman dəstə rəhbəri Moskvaya doğru hərəkət edəcəkdi. O hesab edib ki, iqtisadi-sosial böhrandan və sanksiyalardan əziyyət çəkən xalq onu dəstəkləyəcək. Ancaq onun gözlədiyi baş vermədi və xalqdan dəstək ala bilmədi. Sadəcə olaraq Rostovda ona geniş kütlə tərəfindən olmasa da, əhali tərəfindən isti münasibətlər oldu, ən azından onun bu hərəkətinə etiraz edən qüvvə çıxmadı. Və o da bundan həvəslənərək Moskvaya doğru hərəkət etdi. Belə bir deyim var: “İştaha dil altındadır”. Priqojin iştahalandı, amma bu, çox çəkmədi. Çünki nə Moskvada, nə də Rusiyanın digər bölgələrində onu dəstəkləyən xalq kütləsi oldu. Priqojini bu prosesə sürükləyən qüvvələr tərəfindən də ciddi dəstək gəlmədi. O da situasiyanı dəyərləndirərək, situasiyay uyğun qərarlar vermək zorunda qaldı. O yaxşı anlayırdı ki, əgər xalq və siyasi qüvvələr dəstək verməzsə, nəticə acı sonluqla bitəcək. O baxımdan da təklif edilən şərtlərin ən münasibini seçdi.
İkincisi, 24 iyun hadisələrindən Kremlin də çıxaracağı çox ciddi dərslər var. Kreml açıq şəkildə gördü ki, xalq proseslərə biganədir. Yəni xalq üçün fərqi yoxudr ki, kim olacaq. Bu, xalqın və ya dövlətin xeyrinə olacaq, ya yox. Heç 5-10 nəfərlik dəstə küçəyə çıxıb qiyama etiraz olaraq dövlətçiliyi müdafiə etmədi. Hansı ki rus xalqı 90-cı illərin əvvəlində Yeltsinin dövründə ən çətin şəraitdə onu müdafiə etmək üçün ayağa qalxmışdı.
Hakimiyyətdəki qüvvələr də, Putinin müraciətindən xaric xalqı mübarizəyə səsləmədi.
Kreml də xalqın ona dəstək vermədiyini görüb, qiyamçılara qarşı sərt mövqe sərgiləyə bilmədi. Qorxdu ki, proseslər nəzarətdən çıxa bilər. Müdafiə Nazirliyinin tabeliyində olan hərbi birləşmələr məsələdə neytrallığını qoruyub hakimiyyətlə həmrəy olduğunu nümayiş etdirən bəyanatlar vermədi. Bir neçə generalın fərdi müraciətini çıxmaq şərti ilə…
Rusiya mediasının verdiyi məlumatlara görə, Kremldəki yüksəkçinlilər Priqojinin Moskvaya doğru sürətli hərəkətindən qorxuya düşərək paytaxtı tərk etməyə çalışıblar. Bəzi məlumatalara görə, tanınmış simalar, məmurların bir çoxu Moskvanı həmin andaca tərk ediblər.
Bu proseddə Putinə yeganə hərbi dəstək verən qüvvə Ramzan Kadırovun dəstəsi oldu. Onu da qeyd etmək lazımdır ki, Kremldə və rus siyasi elitasında ona elə də böyük hörmət yoxdur. Burada bir məqamı da qeyd etmək lazımdır ki, Kadırovun “Axmat” dəstəsi də Vaqnerin başqa bir formasıdır və gələcəkdə onun da tərksilah edilib buraxılması istisna deyil.
Əgər Priqojin Qərbdən, xalqdan və siyasi qüvvələrədən açıq dəstək alsaydı o zaman situasiya tamamilə fərqli şəkil alardı.
Hər iki tərəf üçün gözlədiyi nəticə olmadığından tərəflər ciddi qarşıdurmaya getmədən şərtlər daxilində razılaşmaya gəlmək məcburiyyətində qalmalı oldular.
Priqojin Lukaşenkonun təminatı ilə gələcək fəaliyyətini Belarusda davam etdirməyə razılıq verib. Putin də hələlik bu şərtləri qəbul edib və vədlərinə əməl edəcəyini bəyan edib. Amma müəyyən şərtlər daxilində…
Putin dünənki müraciətində “Vaqner” döyüşçülərinə müraciət edərək onları seçim etməyə, ya orduda xidməti davam etdirməyə, ya tərxis olunub evə dönməyə, ya da Belarusa getməyə çağırıb. Bu şərtlər yerinə yetiriləcəyi təqdirdə Putin sözünü tutacağına söz verib. Amma bununla belə, o, silahlı qiyamın təşkilatçılarını vətənə xəyanətdə ittiham edib. Bu isə o deməkdir ki, film hələ bitməyib və davamı var. Elə Putinin dünən hüquq-mühafizə orqanlarının, xüsusi xidmət və hərbi rəhbərliyinin iştirakı ilə keçirilən Təhlükəsizlik Şurasının iclasını da filmin növbəti seriyasının ssenarisi istiqamətindəki müzakirələr hesab etmək olar.
Putinin xarakterinə bələd olanlar bilir ki, o belə hadisələri asanlıqla həzm edən insan deyil. Lakin yaranmış situasiya ona bunu diktə edir. Ona görə də bir müddət gözləməli olacaq. Həm də gözləyir ki, Priqojin Lukaşenko ilə necə dil tapacaq.
Onu da qeyd edək ki, Lukaşenkonun da prosesi qansız ötüşdürmək üçün Putin qarşısında hansısa şərtlər irəli sürməsi istisna deyil. Lukaşenko Kremldən nüvə başlıqlarının Belarus ərazisində yerləşdirilməsi, onun idarəolunması və kreditlə bağlı tələbləri ola bilər.
Son olaraq qeyd etmək lazımdır ki, qiyam cəhdi Rusiyanın imicinə çox ciddi zərbə vurdu.
Gələcəkdə belə hadisələrin təkrarlanması baş verə bilər və bu, istisna deyil. Əgər əvvəllər dünyanın 24 fevral 2022-ci ildən əvvəlki dünya olmayacağı deyilirdisə, indi isə əminliklə qeyd edə bilərik ki, Rusiya bir daha 24 iyundan əvvəlki Rusiya olmayacaq. Bunun ciddi fəsadları da ola bilər.