Siz əczaxanaya gəlirsiniz, əczaçıya həkimin yazdığı resepti təqdim edirsiniz, dərmanları götürüb evə dönürsünüz. Hələlik, hər şey kifayət qədər sadə görünür, bütün çətinliklər isə sonradan başlayır.
Tacxeber.com xəbər verir ki, bu barədə “Detaly” nəşri yazıb.
Düzgün olmayan dərman müalicəsi bir çox fəsadlara gətirib çıxara bilər, ona görə də dərman qəbulu zamanı ehtiyyatlı olmaq çox vacibdir. Gəlin, öz sağlamlığımıza zərər vurmamaq üçün həbləri necə düzgün içmək barədə danışaq.
Həb dərmanlarının uzun, həm də balaca şriftlərlə yazılan təlimatları oxumaqdan məmnun olan adam tapmaq çətindir. Lakin bu məşğuliyyət sizə nə qədər cansıxıcı və əhəmiyyətsiz görünsə də, bunu etmək düzgün müalicə almaq və öz orqanizminizə zərər vurmamaq üçün vacib və lazımdır.
Özünüzün və ailə üzvlərinizin təhlükəsizliyi naminə dərman qəbulunun əsas qaydalarını yadda saxlamaq gərəkdir.
Həkimin göstərişlərinə əməl edin
Bir çoxları hesab edir ki, müalicə kursunun ortasında özlərini yaxşı hiss edirlərsə, dərman qəbulunu dayandırmaq və ya heç olmasa dozasını azaltmaq olar. Həkimlə ilkin məsləhətləşmədən, xüsusilə söhbət antibiotiklərdən gedirsə, belə qərarlar qəbul etmək böyük yanlışlıqdır. Əks halda məhv olmayan bakteriyalar antibiotikə uyğunlaşacaq və ona reaksiya verməyəcək.
2000-ci illərdən Ümumdünya Səhiyyə Təşkilatı antibiotiklərə rezistentliyi bəşəriyyətin sağlamlığı üçün ən ciddi təhlükələrdən biri adlandırıb.
Dərmanları yalnız işıqda qəbul edin
Bu, çox aydın qayda kimi görünə bilər, lakin həqiqət ondan ibarətdir ki, dərmanların artıq dozada qəbulu bir çox hallarda onları qaranlıqda qəbul etmək səbəbindən baş verir. İstənilən dərman preparatını yaxşı işıqlanan oraqda qəbul etmək tövsyyə edilir ki, lazımi həbləri seçdiyinizə və ya stəkana lazımi miqdarda damcı tökdüyünüzə əmin olasınız. Bundan başqa, həmişə dərman qutusunun üzərində olan yararlılıq müddətinə diqqət yetirmək vacibdir. Əgər bu müddət bitibsə, dərhal belə dərmanlardan xilas olun.
Dərman qəbulu üzrə tövsiyyələri pozmayın
Həkim tərəfindən tövsiyyə edilən dozalar effektiv və təhlükəsiz müalicə üçün zəruridir. Əgər əczaçı sizə deyirsə ki, dərmanı gündə üç dəfə qəbul etmək lazımdır, bu o deməkdir ki, hər səkkiz saatdan bir, səhər, günorta və axşam bir həbdən qəbul etməlisiniz. Və təbii ki, bütün üç həbi bir dəfəyə qəbul etmək olmaz, çünki bu, neqativ nəticələrə gətirib çıxara bilər.
Günəşin təsirindən qorunun
Bir sıra dərman preparatları var ki, onların qəbulundan sonra uzun müddət Günəş altında olmaqdan yan keçmək lazımdır. Fotosensibilizasiya ultrabənövşəyi şüalara yüksək həssaslığı göstərən ümumi termindir. Bu o deməkdir ki, müəyyən preparatların, o cümlədən bəzi antibiotiklər, sulfanilamidlər, tetratsiklin və ftorxinolların qəbulu nəticəsində dəri Günəş şüalarına daha həssas olur, zədələnmələrə və yanıqlara daha çox məruz qalır. Bu məsələdə siz öz əczaçınızla məsləhətləşə bilərsiniz.
Yan təsirləri izləyin
Əczaçılar, adətən, yorğunluq və yuxululuq yarada bilən dərmanlar haqqında xəbərdarlıq edir. Bəzi hallarda belə yan təsir həyat üçün təhlükəlidir, çünki dərman preparatı sayıqlığı pisləşdirə bilər, zaman və məsafəni dəyərləndirmək qabiliyyətini poza bilər, həmçinin xeyli dərəcədə reflekslərə təsir göstərə bilər, bu da sürücülük kimi fəaliyyət üçün həlledici əhəmiyyət kəsb edir. Lakin bu tövsiyyələr təkcə sürücülərə deyil, həm də istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün işləri xüsusi diqqət tələb edənlərin hamısına aiddir.
Öz dərmanlarınızı uşaqlara təklif etməyin
Çox zaman “bu dərman uşağa uyğun gəlirmi?” sualına siz mənfi cavab alacaqsınız. Ümumiyyətlə isə, hər bir dərman tipinə və dozasına görə hər bir konkret pasiyent üçün seçilir, ona görə də hətta böyüklər belə yad həblərdən və ya başqa adama yazılan preparatlardan yan keçməlidir.
Vaxtında yardım üçün müraciət edin
Dərmanların düzgün qəbul edilməməsi zamanı yan təsirlər, məsələn, baş ağrıları, ürək bulanması və ya qusma kimi yan təsirlər baş verə bilər. Əgər belə hallar baş verərsə, dərhal həkimə məsləhət üçün müraciət edin. Yadda saxlayın ki, əczaşıların təlimatları həlledici əhəmiyyət kəsb edir və həyatı xilas edir. Dərmanların uzun təlimatlarının öyrənilməsinə istəyin olmamasına rəğmən, bunu etmək çox və çox vacibdir.