• 27 İyul 2024 07:28

Yanacaqsız sərnişın təyyarəsini 8500 metr hündürlükdən sağ-salamat endirə bildilər.

1983-cü il iyulun 23-də “Air Canada” şirkətinə məxsus, Monrealdan Edmontona uçan “Boinq-767” təyyarəsi 8500 metr hündürlükdə ikən yanacağın bitməsinə görə hər iki mühərriki dayandı. Amma pilotlar təyyarəni 17 dəqiqə ərzində mühərriksiz, planer kimi idarə edərək sağ-salamat yerə endirə bilirlər.

İnsidentin baş verməsində üç amil rol oynamışdı. Birincisi, təyyarənin yanacaq indikatorları işləmirdi, çənlərdə qalan və doldurulan yanacağın miqdarını riyazi hesablamalarla müəyyən etmək lazım idi. İkincisi, həmin dövrdə Kanada metrik sistemə keçirdi, yanacaq daha qallon və funtla deyil, litr və kiloqramla ölçülürdü. Üçüncüsü, bu yeni keçid üzündən Monreal hava limanındakı personal hesablamaları səhv apardı.

Edmontona uçmaq üçün 22 300 kiloqram yanacaq lazım idi. Təyyarənin çənində 7682 litr yanacaq vardı. Yerüstü personal litri kiloqrama çevirməli, nə qədər yanacaq lazım olduğunu hesablayıb çənləri doldurmalı idi. Amma funt/qallon və litr/kq arasında çaş-baş düşən personal hesablamaları səhv apardı və təyyarəyə 20 089 litr əvəzinə cəmi 4916 litr yanacaq vuruldu. Nəticədə uçuşun ortasında yanacaq bitdi.

Heyət əvvəlcə Vinnipeqdə enmək istəyir. Amma təyyarənin hündürlüyü itirmə intensivliyi ilə Vinnipeqə qədər məsafə ölçüləndən sonra aydın olur ki, oraya çatmaq mümkün olmayacaq. Bu zaman ikinci pilot daha yaxında yerləşən, Kanada hərbi-hava qüvvələrinə məxsus və bir zaman özünün də xidmət etdiyi Gimli aviabazasında yerə enməyi təklif edir. Dispetçer də razılaşır.

Nə pilot, nə disetçer bilmirdi ki, Gimli daha aviabaza deyil, avtomobil yarışı həvəskarlarına verilib, uçuş zolağının ortasında da baryer çəkilib. Həmin gün də şənbə idi və Gimlidə xeyli adam vardı, uşaqlar uçuş zolağının üzərində oynayırdılar.

Aviabazaya yaxınlaşanda təyyarənin sürəti eniş üçün hələ də çox idi. Buna görə də kapitan Robert Pirson havadakı son məqamlarda təyyarəni hərəkət istiqamətinə çarpaz, necə deyərlər, yanpörtü uçurur. Sürtünmə sahəsinin artması nəticəsində təyyarənin sürəti xeyli azalır.

Mühərriklər işləmədiyindən təyyarənin elektrik qidalanması kəsilmişdi. Mühərriklər işləmirdi, nəhəng Boinq səssiz uçurdu. Gimlidə olan adamlar yuxarıdan düşən təyyarədən son ana qədər xəbərsiz idillər.

Elektrikin olmamasına görə pilotlar şassiləri əllə buraxırlar. Bu zaman hər üç şassi açılsa da öndəki bloklanmadı. Yerə enən kimi şassi qatlanır və təyyarənin burnu yerə dəyir. Məhz bu texniki nasazlıq, eləcə zolağın ortasında baryerin mövcudluğu baş verə biləcək fəlakətin qarşısını alır: sürtünmə qüvvəsi artan təyyarə daha tez, insanların toplaşdığı yerə 30 metrdən də az qalmış dayanır.

Təyyarədəki 61 sərnişin və 8 heyət üzvü sağ-salamat yerə enir. Sürtünmə üzündən təyyarənin burnunda tüstülənmə baş versə də, avtomobilçilər yanğınsöndürən balonların köməyi ilə yanğının qarşısını alırlar. “Boinq-767” iki günlük təmirdən sonra Gimlidən havaya qalxır.

“National Geographic” kanalında yayımlanan “Mayday” serialının “Gimli Glider” adlı 37-cü bölümü bu hadisədən bəhs edir.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər