Bekarçılıqdan qumar oyunlarına başladım…” – Həbs edilən diplomat
Azərbaycanın Koreyadakı Səfirliyində maliyyə məsələləri üzrə attaşe işləmiş Nəcib Osmanov külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığında təqsirli bilinərək, 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo-nun məlumatına görə, Nəcib Osmanov işlədiyi dövürdə Xarici İşlər Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş cəmi 347.011,9 manat vəsaiti necə mənimsəməsi barədə danışıb.
Sabiq attaşe bildirib ki, hadisələr 2022-ci ilin may ayında baş verib və qanunsuz hərəkətlərə dərk etmədən yol verib. Qeyd edib ki, qumar onda oyunlarından asılılıq yarandığı üçün belə hərəkətlər edib:
“Əvvəllər Xarici İşlər Nazirliyinin Maliyyə İdarəsində işləmişəm. İcra etdiyim vəzifə ilə əlaqədar Maliyyə İdarəsində hesabatların tərtibi ilə bağlı işlər görmüşəm. 26 fevral 2021-ci ildə Koreya Respublikasına ezam edildim və 1 martda işə başlamışam. Koreya Respublikasındakı səfirliyində maliyyə məsələləri üzrə attaşe vəzifəsində çalışırdım. Maliyyə hesabatlarının tərtib edilib göndərilməsi, ümumi katiblik üzrə sənədlərin qəbul edilməsi və göndərilməsi, kadrlar üzrə və bank işləri mənim səlahiyyətində idi. Əmrlə mənə tapşırılan işlər yalnız maliyyə işləri olub. Digər işlər şifahi göstərişlə tapşırılıb. Səfirlikdə işlədiyim dövrdə səfir Rəmzi Teymurov idi. Onun əmri verildikdən sonra maliyyə və konsul hesabatlarını hazırlamağa başladım. Hesabatları “excel” fayllarda işləyərək, kağızda çıxarıb, Xarici İşlər Nazirliyinə göndərirdim.
Əvvəl səfirliyin pullarını bekarçılıqdan mərc oyunlarına sərf etdim, sonradan məndə aslılıq yarandı və müvafiq hərəkətlərini davam etdirdim. İşdən sonra getməyə heç bir yer yox idi, karantin dövründə tək olduğum üçün mərc oyunları oynamağa başladım. Əvvəl kiçik məbləğlərlə oynayırdım, sonra aslılıq yarandı”.