Tarixən ailə institutu nəsillərin varisliyinin qoruyucusu və inkişaf meyarı sayılıb. Bəşəriyyət ailəni tarixən hər bir cəmiyyətin əsasını təşkil edən, insanların ən ali, ülvi və saf duyğularını, nəcib niyyətlərini özündə təcəssüm etdirən müqəddəs ittifaq kimi dəyərləndirib. Qədimdən bəri ailə Azərbaycan cəmiyyətində də xüsusi dəyər kəsb edib. Ailə qurulduğu gündən hər bir insan öz kiçik “dövlətini” qorumağa çalışıb. Bəs görəsən, ailə quran şəxslərin hamısı bu kiçik “dövləti” daim qoruya bilirmi? Çox təəssüf ki, bu heç də belə deyil. Ailənin möhkəm olub-olmamasının göstəricilərindən biri də boşanmalardır. Son illər ölkəmizdə boşanmaların sayı çoxalıb. Bəs görəsən bu boşanmalara səbəb nələrdir? Niyə hər 10 ailədən 5 -i boşanır ?
Mövzu ilə bağlı Bakı 15 saylı Mediasiya Təşkilatının direktoru Qasım Şaliyev Moderator.az- a danışıb.
Boşanmaların 75 faizi ailə mübahisələrindən irəli gəlir:
“Ailələr nigahın pozulması ilə bağlı bizə müraciət edir. Nigah münasibətlərinin davam edib -etməməsi ilə bağlı məsələlərdə böyük əksəriyyəti xarakter uyuşmazlığı, şiddətli keçimsizlik üstünlük təşkil edir.
Baxırsınız ki, 10 ildir evlidirlər. Bir tərəf deyir ki, bu qədər səbr elədim daha səbr edə bilmirəm. Digər tərəf başqa səbəblər gətirir.
Nadir hallarda gəlin -qaynana və gəlin baldızdan qaynaqlanan boşanma halları baş verir. Ailəyə kənar şəxslərin müdaxiləsi cütlüklərin münasibətlərinə də təsir edir. Çox az halda cütlüklər maddi problemlə bizə müraciət edirlər.
Bizə müraciət edənlərin şikayətlərini dinləyib həll yollarını tapmağa çalışmışıq. Hətta müraciət edənlərdən bir hissəsi əl -ələ verib ayrılan cütlükləri də görmüşük. İş olub ki, dinləmişik hiss etmişik ki, bu cütlüklər heç zaman qarşı -qarşıya oturub söhbət edib, münasibətlərini aydınlaşdırmayıblar. O ailələr sonda boşanmadan imtina ediblər “.