• 26 Noyabr 2024 17:31

Sarayevo qətli

 

1914-cü il iyunun 28-də gənc serb millətçisi Qavrilo Prinsip Sarayevoda iki atəş açdı. Nəticədə Avstriya-Macarıstan imperiyasının vəliəhdi ershersoq Frans Ferdinand və arvadı, hersoqinya Sofiya öldü. Bu hadisələr Birinci dünya müharibəsini törədən qığılcım oldu. Obrazlı desək, Sarayevoda atılan iki güllə milyonlarla adamı öldürdü.

***

1815-ci ilə serblər Osmanlı əsarətinə qarşı uğurlu üsyan qaldırdılar. Nəticədə Osmanlı dövlətinin tərkibində muxtar Serbiya knyazlığı yarandı, Miloş Obrenoviç knyaz oldu. Knyazlıq muxtar olsa da, xüsusən 1860-cı illərdən başlayaraq müstəqil xarici siyasət yürütməyə başlayır. 1867-ci ildə Rusiyanın təzyiqi ilə türk qoşunları Serbiyadan çıxarıldı. Bununla da knyazlıq de-fakto müstəqil oldu.

1877-1878-ci illər rus-türk müharibəsindən sonra imzalanan San-Stefano sülhünün şərtlərinə yenidən baxmaq üçün toplanan beynəlxalq Berlin konqresi zamanı Serbiyanın müstəqilliyi tanındı, üstəlik cənub-şərqdə yerləşən və 300 min adamın yaşadığı, San-Stefano şərtlərinə görə bolqarlara çatmalı olan ərazilər də knyazlığa (1882-ci ildən krallıq oldu) verildi.

Elə həmin konqresin digər qərarına əsasən xeyli serbin yaşadığı başqa bir ərazi – Bosniya və Hersoqovina üzərində kondominium tətbiq edilirdi: ərazi formal olaraq Osmanlının tərkibində qalırdı, amma buraya Avstriya-Macarıstan qoşunları yeridilirdi. Ayndındır ki, belə halda ərazidə kimin qoşunu varsa, söz sahibi də o olur.

Serb dövlətinin bərpası prosesi panserbçilik, Böyük Serbiya ideyasının populyarlaşması ilə paralel gedirdi. Bu ideya bütün cənub slavyanlarının serblərin dominantlığı altında birləşdirilməsini nəzərdə tuturdu. Buna görə də Berlin konqresinin Bosniya və Herseqovina ilə bağlı qərarı serb millətçilərinin ürəyindən olmadı. Amma hakimiyyətdə olan Obrenoviç sülaləsi hələ ki, Avstriya-Macarıstan ilə isti münasibətlərə malik idi.

1903-cü ilin mayında kral I Aleksandr və kralıça Draqa sui-qəsdşi zabitlər tərəfindən öldürüldülər. Bununla Obrenoviç sülaləsinin soyu kəsildi və taxta Karagorceviç sülaləsindən I Pyotr çıxdı. Yeni kral Rusiya ilə yaxınlaşmaq siyasəti yürütməyə başladı ki, bu da Vyanada xoş qarşılanmadı.

1908-ci ildə Gənc türklər inqilabından sonra Osmanlı imperiyasında hökm sürən hərc-mərclikdən istifadə edən Vyana hökuməti oktyabrın 6-da Bosniya və Hersoqovinanı ilhaq etdiyini bildirdi.

Bu addım İstanbuldan daha çox Belqradda və Sankt-Peterburqda etiraz doğurdu və Bosniya böhranı adını alan gərginliyə səbəb oldu. Böhran sonda dinc yolla və Avstriya-Macarıstanın diplomatik qələbəsi ilə yekunlaşsa da, sözügedən ilhaq Avropada beynəlxalq münasibətləri qızışdıran, Birinci dünya müharibəsinə aparan hadisələrdən biri sayılır.

Sarayevo sakinləri Bosniya və Hersoqovinanın Avstriya-Macarıstana birlşdirilməsi barədə qanunu oxuyurlar

Sarayevo sakinləri Bosniya və Hersoqovinanın Avstriya-Macarıstana birlşdirilməsi barədə qanunu oxuyurlar

***

1911-ci ildə Serbiyada “Ya birlik, ya ölüm” (Уједињење или смрт) adlı təşkilat yarandı ki, daha çox “Qara əl” (Црна рука) adı ilə tanınır. Bu təşkilatın üzvləri arasında 1903-cü ildə kral və kraliçanı öldürənlər də vardı. Onlar orduda mühüm vəzifələr tuturdular. Məsələn, təşkilatın lideri Draqutun Dimitriyeviç hərbi kəşfiyyata başçılıq edirdi. İddialara görə, Frans Ferdinanda qəsdin arxasında məhz “Qara əl” dururdu.

Serb millətçilərinin Frans Ferdinanda xüsusi qəzəbləri vardı. Avstriya-Macarıstan taxt-tacının vəliəhdi federalizmin genişlənməsinin, islahatlar aparılmasının, imperiya xalqlarına daha çox özünüidarə hüquqları verilməsinin tərəfdarı idi. Serb millətçiləri bu addımların Bosniyada Serbiyaya rəğbəti, onunla birləşmək istəyini azaldacağından qorxurdular.

Həmin dövrdə Bosniyada da məqsədi Serbiya ilə birləşmək olan “Gənc Bosniya” (Mlada Bosna) təşkilatı fəaliyyət göstərirdi. 1914-cü ilin martında təşkilatın üzvləri Bosniya və Herseqovinanın qubernatoru Oskar Potioreki öldürmək qərarına gəlirlər. Amma Belqraddan gələn göstərişdə bu niyyət rədd edilir. “Qara əl” üzvləri öyrənirlər ki, Frans Ferdinand Bosniyada keçiriləcək hərbi təlimlərə baxmaq üçün Sarayevoya gələcək və qubernatorun əvəzinə ershersoqu öldürməyi tapşırırlar.

Frans Ferdinand və arvadı Sofiya iyunun 28-də qatarla Sarayevoya gəldilər. Onlar əvvəlcə hərbi kazarmalara baxış keçirdilər. Daha sonra isə Sarayevonun ortasından axan Milyaçka çayının sahili boyu uzanan yol ilə şəhər ratuşasına tərəf hərəkət etdilər. Qafilə altı maşından ibarət idi. Ershersoq və arvadı, eləcə də qubernator Potiorekin oturduğu “Gräf & Stift” markalı kabriolet avtomobil üçüncü idi. Xeyli sayda Sarayevo sakini yol boyu düzülərək yüksək qonağı salamlayırdılar. Sui-qəsdçilər də onların arasında idi.

Aksiyaya ümumi rəhbərliyi 24 yaşlı Danilo İliç həyata keçirirdi. O, sahilboyu yolda altı nəfər yerləşdirmişdi. Ardıcıllıq belə idi: Məhəmməd Mehmetbaşıç, Vaso Çubriloviç, Nedelko Çabrinoviç, Svetko Popoviç, Qavrilo Prinsip, Trifun Qrabej. Onların hamısı Bosniya sakini kimi Avstriya-Macarıstan təbəəsi və boşnyak Məhəmməd Mehmetbaşiç istisna olmaqla serb idilər.

Kortej yanlarından keçərkən Mehmetbaşiç və Çubriloviç nədənsə heç nə etmədilər. Yalnız üçüncü terrorçu Nedelko Çabrinoviç saat təxminən 10:10-da əlindəki bombanı vəliəhdin maşınına atdı, amma bomba maşına dəyərək kənara sıçradı və dördüncü maşının altında partladı. Nəticədə 20-yə qədər adam yaralandı. Bundan sonra beş maşın yüksək sürətlə ratuşaya doğrü şütüdülər və digər üç terrorçu heç nə edə bilmədilər.

***

Ratuşada Frans Ferdinandın əsəblərini cilovlaması üçün qısa vaxt lazım gəldi və rəsmi qarşılama törəni keçirildi. Bundan sonra nə etmək barədə müzakirələr aparıldı.Vəliəhdin məiyyətindən baron Rumerskirx gediləcək marşrut üzrə əsgərlərin düzülməsini, o vaxta qədər isə ratuşada qalmağı təklif etdi. Baron Morsi, ümumiyyətlə, Sarayevodan getməyi məsləhət gördü. Qubernator Potiorek isə “Düşünürsünüz ki, Sarayevo qatillərlə qaynayır?” deyərək etiraz etdi.

Əvvəlcədən tərtib olunan və qəzetlərdə də çap olunan plana əsasən, qonaqlar ratuşadan şəhər muzeyinin açılışına getməli idilər. Onlar isə bomba partlaması nətciəsində yaralananlara baş çəkmək üçün xəstəxanaya getmək istədiklərini bildirdilər. Amma kimsə bu barədə sürücüləri xəbərdar etmədi. Ali mənsəbli qonaqların mindiyi maşın belə qapalı avtomobillə dəyişdirilmədi. Kortej sahilboyu yolla xəstəxanaya tərəf getməli olduğu halda, sürücülər əvvəl aldıqları təlimat əsasında şəhərin Latın körpüsünə çatdıqda düz getmək əvəzinə sağa döndülər.

Latın körpüsü

Latın körpüsü

Sui-qəsdçilərdən Qavrilo Prinsip isə elan olunan marşrutda, Latın körpüsünün şimal qurtaracağının yanındakı “Moris Şillerin delikatesləri” mağazasının qarşısında ershersoqu gözləyirdi və sürücülərin yeni ünvan barədə bixəbərliyi üzündən kortej düz onun yanına gəldi.

Ershersoq və hersoqinya ilə eyni maşında əyləşən Oskar Potiorek sürücüyə qışqıraraq səhv döndüyünü bildirdi və geri qayıtmasını söylədi. Sürücü maşını saxladı və maşını geriyə vermək istərkən mühərrik söndü. Beləcə, Qavrilo Prinsipin işi lap asanlaşdı, onun öldürmək istədiyi adam düz qarşısında və hərəkətsiz maşında idi.

Prinsip iki dəfə atəş aça bildi. Birinci güllə Frans Ferdinandın boğazına, ikinci gülə isə Sofiyanın qarnına dəydi. Ətrafdakılar üzərinə atılaraq onu zərərsizləşdirdilər. Sonralar istintaqa verdiyi ifadəsində Prinsip ikinci güllə ilə hersoqinyanı deyil, qubernator Potioreki öldürmək istədiyini dedi.

Qavrilo Prinsipin tutulma anı

Qavrilo Prinsipin tutulma anı

Yaralılara tibbi yardım göstərmək üçün maşın qubernatorun iqamətgahına getdi. Amma ora çatana qədər əvvəlcə hersoqinya, sonra da ershersoq keçindilər.

***

Ələ keçən Çabrinoviç və Prinsipin işgəncə altında verdiyi ifadələr əsasında Danilo İliç, Vaso Çubriloviç, Svetko Popoviç, Trifun Qrabej, eləcə də qəsdçilərə kömək göstərən daha bir neçə nəfər həbs olundu. Yalnız Mehmetbaşiç ölkədən qaça bildi. Həbs olunanlar həm də Serbiyada onlara kömək edənlərin, o cümlədən hərbi kəşfiyyat zabitlərinin adlarını çəkdilər. Bu da Vyanaya Belqradı ittiham etmək üçün əsas verdi.

İyulun 23-də Avstriya-Macarıstan Serbiyaya 10 bənddən ibarət ultimatum verdi və 48 saat ərzində cavab tələb etdi. Şərtlər müstəqil dövlət üçün yetərincə aşağılayıcı idi, amma serblər iyulun 25-də verdikləri cavabda bütün şərtləri qəbul etdiklərini bildirirdilər, yalnız 6-cı bənd, adı Sarayevo qətlində hallanan adamların istintaqında avstriyalıların iştirakı tələbini rədd etdilər.

İyulun 28-də Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi. Özünü slavyanların hamisi rolunda görən Rusiya iki gün sonra ümumi səfərbərlik elan etdi. Bir gün sonra Avstriya-Macarıstanın müttəfiqi Almaniya Rusiyaya (səfərbərliyi dayandırmaq) və Fransaya (neytral qalmaq) ultimatum verdi. Avqustun 1-də Almaniya Rusiyaya, 3-də isə Fransaya müharibə elan etdi. Avqustn 4-də Britaniya Almaniyaya müharibə elan etdi. Beləliklə, müxtəlif qiymətləndirmələrə görə 15-22 milyon insanın həlak olduğu Birinci dünya müharibəsi başladı.

***

Frans Ferdinandın qətlində günahlandırılan 25 nəfər üzərində məhkəmə 1914-cü il oktyabrın12-23-də Sarayevoda keçirildi, hökm isə ayın 28-də oxundu. Qətl törənən zaman Qavrilo Prinsip, Nedelko Çabrinoviç, Trifun Qrabej, Vaso Çubriloviç, Svetko Popoviçin 20 yaşları olmadığından edam oluna bilməzdilər. Buna örə də ilk üç nəfər 20 il, Çubriloviç 16 il, Popoviç isə 13 il həbs cəzası aldılar. Danilo İliç və daha iki nəfər isə edam olundular. Digər səkkiz nəfər müxtəlif həbs cəzaları, doqquz nəfər isə bəraət aldı.

Sarayevo məhkəməsi

Sarayevo məhkəməsi

Prinsip, Qrabej və Çabrinoviç hələ qətldən əvvəl o zaman sağalmaz xəstəlik hesab olunan vərəmə yoluxmuşdular. Ağır həbsxana şəraiti onların səhhətini daha da ağırlaşdırdı. 1916-cı ilin yanvarında Çabrinoviç, oktyabrında Qrabej vəfat etdi. Qavrilo Prinsip isə səbəbkarı olduğu müharibənin son aylarında, 1918-ci ilin aprelində öldü.

Qətl törədilən zaman 17 yaşı olan Vaso Çubriloviç iştirakçılar arasında ən çox yaşayanı oldu. Birinci dünya müharibəsi qurtarandan sonra azadlığa çıxan Vaso İkinci dünya müharibəsi zamanı da gestapo tərəfindən həbs edildi və bir müddət Banitsa düşərgəsində saxlanıldı. Müharibədən sonra kommunist Tito hökumətində 1 il kənd təsərrüfatı və 4 il meşə təsərrüfatı naziri işlədi. Ömrünün son illərində Frans Ferdinandın qətlinin zərərli olduğunu etiraf edən Vaso Çubriloviç 1990-cı ilin iyununda vəfat etdi.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər