• 01 Mart 2024 08:35

ABŞ hərbi-dəniz kəşfiyyatı sualtı əməliyyatlar bölməsinin keçirtdyi “Ivy Bells” əməliyyatı.

1970-ci illərin əvvəllərində ABŞ kəşfiyyatı Oxot dənizinin dibi ilə gedən, SSRİ-nin Sakit okean donanmasının Vladivostokdakı Baş qərargahı ilə Petropavlovskdakı əsas bazası arasında əlaqə üçün istifadə olunan sualtı rabitə xəttinin möcudluğundan xəbər tutdu. Aydındır ki, dərhal da bu xəttə qoşularaq dinləmək arzusu yarandı.

Qoşulmaq isə asan deyildi. Əvvəllər Yaponiyanın tərkibində olan Cənubi Saxalin və Kuril adaları İkinci dünya müharibəsindən sonra SSRİ-nin nəzarətinə keçmişdi. Beləliklə, Yaponiyanın Hokkaydo adası istisna olmaqla Oxot dənizi hər tərəfdən sovet ərazisi ilə əhatə olunurdu. Buna əsaslanan Moskva dənizi birtərəfli qaydada özünün ərazi suları elan etmişdi. İndi bu dənizə müdaxilə etmək olduqca riskli iş idi.

Amma Oxot dənizinin ərazi suları elan olunmasının şirnikləndirici tərəfi də vardı. Rabitə xəttinin sovet ərazisindən keçdiyini bilən hərbçilər yəqin ki, onun dinlənilməsini mümkünsüz hesab edirdilər və buna görə də təhlükəsizlik tədbirlərinə etinasız yanaşmaları ehtimalı böyük idi. Bu səbəbdən amerikalıların xəttə qoşulmaq həvəsi bir qədər də çoxaldı və əməliyyat planı hazırlandı.

“Ivy Bells” (təxminən: Sarmaşıq rəngləri) adı verilən əməliyyatda “Halibut” sualtı qayığından istifadə etmək qərara alındı. 1960-cı ildə istifadəyə verilən bu gəmi əvvəlcə nüvə başlıqlı qanadlı raketlərlə silahlanmışdı. 1965-ci ildə isə ABŞ hərbi-dəniz donanması xüsusi əməliyyatlarda iştirak edəcək xüsusi təyinatlı qayığa ehtiyac duyurdu. Amma yeni gəmi üçün vəsait çatışmırdı. Belə olduqda, “Halibut”un profili dəyişdirildi. O, dənizin dibini, yaxınlığında üzdüyü sahilləri çəkmək üçün güclü fotoaparatlarla, fotolaboratoriya ilə, o dövr üçün son dərəcə qüvvətli kompüterlə, dərinliyə baş vurmaq üçün iki uzaqdan idarəolunan aparatla və digər casus avadanlıqları ilə təchiz olundu.

Qayığın uğurlu əməliyyatlarından biri 1968-ci ildə oldu. Həmin ilin martında SSRİ-nin K-129 sualtı qayığı qəza nəticəsində Sakit okeanda batdı. Sovetlər nə qədər çalışsalar da batan yeri müəyyən edə bilmədilər Amerikalılar isə SOSUS dinləmə sistemi sayəsində həmin yeri müəyyənləşdirdilər. “Halibut” da oraya gedərək qayığın şəkillərini çəkdi. ABŞ sonralar qayığı qaldırmaq üçün “Project Azorian” adlı əməliyyat keçirdi ki. bu barədə növbəti məqalələrimin birində bəhs edəcəyəm. İndi isə “İvy Bells”ə qayıdaq.

Həmin dövrdə ABŞ hərbi-dəniz kəşfiyyatının sualtı əməliyyatlar bölməsinə Ceyms F. Bredli rəhbərlik edirdi. O, yetərincə böyük ərazidə kabelin yerini necə tapacaqları barədə düşünərkən köməyinə uşaqlıq xatirələri gəldi. O, Missisipi çayının sahillərində böyümüşdü və xatırlayırdı ki, mühəndis kommunikasiyalarının keçdiyi ərazilərdə lövbər atmağı qadağan edən xüsusi lövhələr olurdu. Sovetlər də dərinliyin nisbətən az olduğu yerlərdə kabelin təsadüfən zədələnməməsi üçün analoji lövhələrdən istifadə edə bilərdilərmi?

Bunu dəqiqləşdirmək üçün “Halibut” Oxot dənizinə daxil oldu (qeyd etmək lazımdır ki, o zaman SSRİ radar və akustika sahəsində ABŞ-dan xeyli geri qalırdı) və Kamçatka sahillərinə yaxın akvaoriyanı çəkdi. Bredlinin gümanı doğruldu: həqiqətən də müəyyən ərazidə balıq tutmağı, lövbər atmağı qadağan edən lövhələr vardı.

Bundan sonra “İvy Bells”in həyata keçirilməsinə başlanıldı. Əməliyyat son dərəcə məxfi şəraitdə hazırlanırdı. Hətta “Halibut” heyətində tək-tük adamlar istisna olmaqla heyət bundan xəbərsiz idi. Əfsanəyə görə, gəmi Oxot dənizinə düşən gəmi əleyhinə  “Bazalt” məxfi sovet raketlərinin qalıqlarını tapmalı idi (bu, uydurma deyildi, raketlər sınaq və təlim məqsədilə həmin əraziyə atılırdılar və amerikalılar onları tapmaqda maraqlı idilər; sadəcə bu axtarış əsas məqsədi pərdələmək üçün istifadə olunurdu).

1971-ci ilin oktyabrında “Halibut” yenidən Oxot dənizinə daxil oldu və dalğıclar kabeli axtarmağa başladılar. Onların dərinlikdə və soyuq suda axtarış apara bilmələri üçün xüsusi tədbirlər görülmüşdü. Əyinlərindəki xüsusi geyimin qatlarının arasına isti su vurulurdu. Hava balonları isə xüsusi tərkibli idi. İnsanın nəfəs aldığı havanın 78 faizini azot, 20 faizini isə oksigen təşkil edir. Amma dərinlikdə bu tərkiblə nəfəs almaq olmur. Prosesi izah etmək üçün elmin ənginliklərinə baş vurmadan deyim ki, 25-30 metrdən dərində “azot zəhərlənməsi” deyilən hal baş verir. Buna görə də dalğıcların balonlarında azotu helium əvəz edirdi.

Yuxarıda bəhs edilən lövhələr kabelin axtarış sahəsini xeyli daraltsa da, onu tapmaq yalnız noyabrda mümkün oldu. Xüsusi hazırlanmış dinləyici qurğu xəttin üzərinə yerləşdirildi. Bir metr uzunluğunda olan aparat kabelin örtüyünü zədələmədən induksiya metodu ilə danışıqları dinləmək imkanı verirdi. Əgər hər hansı səbəbdən kabel su səthinə qaldırılardısa, qurğu avtomatik ayrılırdı.

Amma qurğunun məlumatları məsafəyə ötürmək funksiyası yox idi. Danışıqlar maqnit daşıyıcıya yazılırdı, onun da tutumu az idi. Üstəlik, litumlu batareyaların ömrü çox deyildi. Buna görə də ayda bir dəfə gəlib daşıyıcını və batareyaları dəyişmək lazım gəlirdi.

Beləliklə, 1971-ci ilin sonlarından başlayaraq ABŞ məxfi xətlə gedən danışıqları dinləməyə başladı. “Halibut” ayda bir dəfə gələrək danışıqlar yazılan mexanizmi götürür və Milli Təhlükəsizlik Agentliyinin (National Security Agency, NSA) mütəxəssisləri səs yazılarını analiz edirdilər. İlkin nəticələr amerikalıların ehtimallarını doğrultdu: sovet hərbçiləri əlaqənin etibarlılığına o qədər əmin idilər ki, danışıqlar kodlaşdırılmadan, ya da sadə kodla aparılırdı. Nəticədə xeyli qiymətli məlumatlar əldə olundu.

Dinləmə davam edə-edə daha mükəmməl dinləyici qurğunun hazırlanması üzərində də iş gedirdi. 1973-cü ildə yeni qurğu hazır oldu. Silindr formalı, uzunluğu 6 metrə, ağırlığı isə 6 tona çatan bu qurğu da örtüyü zədələmədən dinləmək xüsusiyyətinə malik idi, kabel yuxarı qaldırılanda avtomatik qopurdu. Üstəlik, plutonium batareyaları daha uzunömürlü idilər, səsyazma müddəti isə 3000 saat idi. İndi daşıyıcını götürmək üçün riskli səfərləri daha gec-gec etmək olardı.

Dinləyici qurğu

Dinləyici qurğu

Əlavə edim ki, belə səfərlər zamanı dənizin dibindən “Bazalt” raketlərinin də 2 milyona yaxın fraqmenti toplandı. Amerikalı mütəxəssislər raketin gözlənildiyi kimi infraqırmızı tuşlama ilə deyil, sadəcə radarla yönləndirildiyini müəyyənləşdirdilər ki, bu da çox önəmli məlumat idi.

“Halibut” 1976-cı ildə donanmanın tərkibindən çıxarılana qədər “İvy Bells” əməliyyatında iştirak etdi. Ondan sonra isə bu işi “Richard B. Russell”, “Parche” və “Seawolf” qayıqları gördülər. Birləşmiş Ştatlar 10 ilə yaxın müddətdə əsas rəqibin bir çox qiymətli sirlərindən agah oldular.

***

NSA-da “İvy Bells” əməliyyatına cəlb olunan əməkdaşlardan biri rus dilini mükəmməl bilən Ronald Pelton idi. O, 1979-cu ildə NSA-dan uzaqlaşdı (və ya uzaqlaşdırıldı). Bundan qısa müddət sonra isə maddi çətinliklər yaşadı. 1980-ci ilin yanvarında Vaşinqtondakı SSRİ səfirliyi ilə əlaqə saxladı və bildiyi sirləri danışdı. İlk xəbər verdiyi sirlər arasında Oxot dənizindəki xəttin dinlənilməsi də vardı. Üç il çəkən əməkdaşlıq müqabilində ruslardan 35 min dollar aldı.

Sovet tərəfi informasiya mənbəyinin ifşasına yol verməmək üçün bir müddət gözlədi. Yalnız 1981-ci ildə Amerikanın casus peykləri xəttin keçdiyi ərazidə sovet gəmilərinin toplaşmasını müşahidə etdi. Belə bir ehtimal var idi ki, hansısa səbəbdən kabel su səthinə qaldırılıb və bu zaman dinləyici qurğu ondan ayrılaraq dənizin dibinə düşüb. Bir müddət sonra əraziyə göndərilən “Parche” sualtı qayığı qurğunu tapmadıqda, onun artıq sovetlərdə olmasına şübhə qalmadı.

Belə hallarda düşmənin diqqətini informasiya mənbəyindən yayındırmaq üçün yalançı hekayələr uydurulur. Sovetlər də guya balıqçıların qadağan olunan yerdə balıq tutduqları zaman xətti zədələdiklərini və təmir işləri zamanı dinləyici qurğunu təsadüfən tapmaları əfsanəsini uydurdular.

Amma Pelton bildiyi bütün məlumatları 1983-cü ilə qədər söyləyib qurtardı. Daha NSA-da işləmədiyindən yeni məxfi məlumatlar da toplaya bilməyəcəkdi. Bunu nəzərə alan sovet kəşfiyyatı onu xərcləmək qərarına gəldi.

Vaşinqtonda Peltonla əlaqə saxlayan Vladimir Yurçenko adlı KQB zabiti 1985-ci ilin avqustunda ABŞ-dan siyasi sığınacaq istədi. Bunun müqabilində bildiyi sirləri Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) danışdı. Eləcə də SSRİ-nin xeyrinə casusluq edən Ronald Peltonu və Edvard Li Hovardı ifşa etdi.

Yurçenko bir neçə aydan sonra SSRİ-yə qayıtdı. Sovet tərəfi öz kəşfiyyatçısının amerikalılar tərəfindən zorla oğurlandığını iddia etdi. Ehtimal olunur ki, Yurçenkonun qaçışı, Peltonun və Hovardın ələ verilməsi ABŞ əks-kəşfiyyatının diqqətini daha qiymətli casusdan yayındırmağa yönəlib. Həmin casusun CİA-da SSRİ üzrə əks-kəşfiyyat şöbəsinin müdiri Oldric Eyms olduğu güman edilir. Amma ola bilər ki, başqası, indiyə qədər ifşa edilməyən birisi olub.

Edvard Li Hovard izlənildiyini hiss edərək SSRİ-yə qaçmağa macal tapdı. Ronald Pelton isə həbs olundu. Məhkəmə onu üç ömürlük həbsə məhkum etdi. Amma həbsdə 30 il keçirəndən sonra 2015-ci ildə azad olundu. Ronald Pelton 2022-ci ilin sentyabrında 80 yaşında vəfat etdi.

Ronald Pelton

Ronald Pelton

Yadigar Sadıqlı
Tacxeber.com

Oxşar xəbərlər