• 23 Noyabr 2024 01:30

Britaniyadan gözlənilməz həmlə – İranla anlaşma pozulur

Böyük Britaniya və digər Avropa ölkələri İranın ballistik raket istehsalına qarşı sanksiyaları uzatmaqla ilk dəfə olaraq nüvə sazişini (JCPOA) pozmaq istəyirlər.

Bu barədə Britaniyanın “The Guardian” qəzeti yazıb.

ABŞ 5 il əvvəl sazişdən çıxıb, amma bu müqaviləni imzalayan üç Avropa ölkəsi – Almaniya, Britaniya və Fransa sənədi imzalayan tərəf olaraq qalıb.

Nəşrə görə, Avropa Birliyi və Britaniya diplomatlarının bu qərara istinad etdiyi səbəblər arasında İranın nüvə sazişini pozması, Ukraynaya müdaxilədə istifadə etmək üçün Rusiyaya dronlar satması və gələcəkdə Moskvaya ballistik raketlərin verilməsinin mümkünlüyü daxildir.

Bundan əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehran və bu qurum arasında əməkdaşlığın istənilən səviyyədə və sürətlə inkişaf etmədiyini deyib. AEBA rəhbəri nüvə sazişini imzalayan ölkələr arasında danışıqların dayandığını da söyləyib.

Təxminən səkkiz il əvvəl Tehranla dünya gücləri arasında imzalanan saziş İrana qarşı bir sıra sanksiyaların ləğvini ehtiva edir. Buna əsasən məhdudiyyətlərin azaldılması nəzərdə tutulurdu. Molla rejimi ötən dövrdə sazişdə göstərilən uranı 3.67 faiz zənginləşdirmə həddinə əməl etməyib və hazırda uranı 60 faiz konsentrasiyası ilə zənginləşdirir.

Həmçinin “Middle East Eye” saytı öz İran mənbələrinə istinadla yazıb ki, Tehranla ABŞ arasında nüvə danışıqları amerikalı məhbuslarla bağlı fikir ayrılığı səbəbindən təxirə salınıb. Məlumata görə, Vaşinqton İranda həbsdə olan dörd amerikalı məhbusun azad edilməsini istəyir, amma Tehranda bununla bağlı fikir ayrılıqları var.

Bir mənbə “Middle East Eye”a deyib ki, rejimin başçısı İbrahim Rəisi sövdələşmənin bir hissəsi kimi məhbusları azad etməyə hazırdır, amma daxildə bunu ayrıca məsələ kimi müzakirə edilməsində israr edənlər var. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər