• 23 Noyabr 2024 05:20

Fransa niyə qarışdı ? – Yadigar Sadıqlı

Fransada 17 yaşlı yeniyetmənin ölümündən sonra davam edən iğtişaşların gedişində bazar gününə keçən gecə yüzlərlə adam saxlanılıb. DİN-in məlumatına görə, 17 yaşlı Nael M.-in dəfnindən sonrakı gecə polislər 700-dən çox adam saxlayıblar.

Ölkədə ictimai asayişi qorumaq üçün əlavə 45 min polis qüvvəsi cəlb edilib. Onlardan 7 mini Paris və paytaxt ətrafında ictimai asayişi qoruyur.

DİN rəhbəri Jerald Darmanenin sözlərinə görə, şəhərlərin küçələrində çoxlu sayda polislərin mövcudluğu iğtişaşların və zorakılığın artmasının qarşısını alıb.

Amma həbslərə və ictimai asayişin gücləndirilmiş mühafizəsinə baxmayaraq, bir çox regionlarda həyəcanlar səngimir. Əvvəlki gecələrdə olduğu kimi Lion, Qrenobl və Marseli irimiqyaslı iğtişaşlar bürüyüb.

Fransada iğtişaşlar – BBC

İğtişaş iştirakçıları Paris ətrafında yerləşən L`Ay-le-Roz administrasiyasının başçısı Vinsent Janbrünün evinə giriblər, sonra da binanı yandırıblar. Bu zaman onun arvadı, 5 və 7 yaşlı iki uşağı evdə yatırdılar. Mer özü iğtişaşlar başlayandan gecələri administrasiya binasında keçirdiyindən evdə olmayıb.  Evi tərk edərkən merin arvadının ayağı sınıb, uşaqlardan biri xəsarət alıb.

Fransanın baş naziri Elizabet Born merin evinə soxulanların hərəkətini yolverilməz adlandırıb. Hüquq-mühafizə orqanları hadisəni qətl cəhdi kimi qiymətləndirirlər.

Marseldə iğtişaş iştirakçıları ilə polis arasında toqquşmalar baş verib, polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

İğtişaşlar zamanı 45 polis xəsarət alıb. DİN xəbər verir ki, aksiya iştirakçıları 577 avtomobilə xəsarət yetiriblər, 70-dən çox bina yandırıblar. Qurumun başqa bir məlumatına görə, ümumən etiraz fəallığının azalması müşahidə olunur.

Nə baş verib ?

Bu zaman prokurorluq yeniyetmənin ölüm səbəblərini və faciəyə aparıb çıxaran detalları müəyyənləşdirir. Gəncə atəş açan polisə qarşı qətl ittihamı irəli sürülüb və o, həbs olunub.

Prokurorluq bildirib ki, müşahidə kameralarının görüntülərinə və şahid ifadələrinə əsasən müəyyən olunub ki, icarəyə götürdüyü “Mersedes” avtomobilində olan yeniyetmə polisin saxlama tələbinə tabe olmayıb, sonradan polis motosikldə onu  təqib edərək saxlayıb.

Paris ətrafında yerləşən və insidentin baş verdiyi Nanter şəhərinin prokuroru jurnalistlərə deyib ki, ötən çərşənbə axşamı günü, səhər saat 8.00-da polislər yolun ictimai nəqliyyat üçün ayrılmış sahəsində yüksək sürətlə hərəkət edən Polşa nömrəli avtomobil təsbit ediblər. Sirenanı qoşan polislər qayda pozucularına svetoforda çatıblar və dayanmalarını istəyiblər. Amma “Mersedes” dayanmayıb və qırmızı işıqda hərəkətini davam etdirib.

Təqibin 16-cı dəqiqəsində polislər tıxac üzündən dayanan maşını haqlayıblar və ona yaxınlaşıblar. Polislərin dediyinə görə, yeniyetmənin yenidən hərəkət etməməsi üçün qorxutmaq məqsədilə silahı ona tuşlayıblar. Onlar sürücüdən mühərriki söndürməsini tələb ediblər, amma avtomobil bir daha yerindən tərpənib. Bu zaman atəş açılıb və sükan arxasında olan yeniyetmə ölümcül yara alıb.

 Bir müddət sürətini artıran “Mersedes”  yol hasarına çırpılıb. Onun içində olan daha iki yeniyetmədən biri qaçıb, digəri isə saxlanılıb.

Sərnişinlərdən biri olduğunu deyən şəxsin sosial şəbəkələrdə yazısı paylaşılıb (BBC akkauntun həqiqiliyini təsdiq edə bilməz, amma Fransa KİV-i akkauntun verifikasiya olunduğunu iddia edirlər).

Fransada iğtişaşlar – The Independent

Müəllif iddia edir ki, polislər avtomobilə yaxınlaşandan sonra silahın dəstəyi ilə bir neçə dəfə sürücünün başına vurublar, o da buna görə əyləc pedalını buraxıb.

İlkin məlumatlara görə, əlcəzarli miqrantların övladı olan, həddi-büluğa çatmayan Nael M. polis patrulu tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılıb və güllələnib.

Polislər əvvəlcə yeniyetmənin onları maşınla vurmaq istədiyini bildiriblər, amma sonradan yayılan videoda hər şey başqa cür görünür.

Noelin ölümü Fransa polisinin qəddar üsullarından şikayətləri yenidən gündəmə daşıyıb. Polis həm də sistematik irqçilikdə ittiham olunur. Fransanın asayiş keşikçilərinn fəaliyyəti haqqında belə narahatlığı beynəlxalq hüquq müdafiə təşkilatları da bölüşür.

Şənbə günü Nanterdə Noelin dəfni olub. “Le Monde” qəzetinin yazdığına görə yerli məsciddə keçirilən vida mərasimində xeyli insan toplaşıb  və yerli hakimiyyət izdihamı yönləndirmək üçün metal çəpərlər quraşdırmalı olub.

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər