Müasir cahilliyin təbliğatı və ya Hacı Şahin Həsənlinin nitqi
Bu günlərdə Hacı Şahin Həsənli haqqında bir filmin çəkilişi xəbərini eşitdim. Əslində ilin-günün bu çağında, bəşər övladının bu qədər kitabdan, sənətdən, oxu vərdişindən uzaq düşdüyü bir zamanda sənət adına atılacaq hər hansısa bir addım sənəti ehtiva edəcəyi halda rəğbətə layiqdir. Bu öz yerində…
Amma məhz niyə Hacı Şahin Həsənli? Məsələn, Ziya Bünyadov, Lütfi Zadə, Şirməmməd Hüseynov, Fuad Poladov, İsa Muğanna…və ya bu kimi insanlar (onların fəaliyyəti, yaradıcılığı) haqqında yox, məhz Hacı Şahin Həsənli haqqında. Yoxsa bu məqamda sənət də, sənətkar da kütləyə məğlub olur? Bəli, Hacı Şahin Həsənli haqqında film çəkmək sənətin, sənətkarın kütlə psixologiyasına, təsəvvürünə məğlub olmasıdır. Çünki Hacı Şahin Həsənli sadəcə kütlənin yaratdığı və kütləni yaradan şəxs idi.
Mən Hacı Şahin Həsənlinin cəmiyyətdəki funksiyası, rolu barədə ictimai sferada ümumi şəkildə fikirlərimi bildiməmişəm. Amma istərdim…istərdim bir neçə kəlmə onun hazırkı toplum arasındakı rolundan danışım.
Əvvəla onu deyim ki, necə deyərlər, mənim sözümün canı şəxs olaraq Hacı Şahinin insani keyfiyyətlərindən yox, onun cəmiyyət müstəvisindəki missiyasından söz açmaqdır.
Nəyə xidmət edirdi onun məlum missiyası? Məgər, dünyagörüşün inkişafına, modern insanın fərdi düşüncə qabiliyyətinin formalaşmasına, çağdaş elmi biliklərin mənimsənilməsinəmi? Yoxsa elitar mədəniyyətin təbliğinə? Təbii ki yox…Bəs, nəyə ? Yalnız insanın idarə olunmaq psixologiyasının dayanıqlı olmasına, fərd kimi müstəqil təfəkkürünün formalaşmamasına və müasir cahilliyin, üstünü toz basmış mentallığın yaşamasına. Bunlara xidmət edirdi onun missiyasının mahiyyəti.
Əzizlərim, 21-ci əsr inanclar sistemində moizə, xütbə əsiri deyil, idrak, fundamental təfəkkür, dünyagörüş, analtika, analiz, tərəqqi əsridir. Hacı Şahin Həsənlinin isə başına topladığı şəxslərin əksəriyyəti (hətta lap çox hissəsi) Mirzə Cəlilin “Ölülər”indəki üzü ərəb dilinə sarı “ağlayanlar” idi. (Digər az qisim insan var ki, onlar da sadəcə Hacı Şahin Həsənlinin mənəvi keyfiyyətinin yanında idilər, nitqlərinin yox.)
Harda idi Hacı Şahin Həsənlinin çıxışlarında müasir dünyanın dünyagörüşü, elmi, inkişafı, çağdaş dərki, postinsan düzəni ? Yox idi axı…Üç kitabxana qapısı, beş kitab üzü açmayanların Hacı Şahinin xütbəsinə tələsməsinin nəticəsi kamil insan kimi yetişmək yox, idarə olunmaq idi. Hacı Şahin Həsənli insana çox “gözəl” şəkildə idarə olunmağı sevdirirdi, başqa heç nə. Bu da bir ayrı “faciə”di…
Kütləni, müəyyən toplumu hardasa başa düşmək olur. Onlarda bu məsələlərin fərqində olmaq “gücü” yoxdu. Bəs, sənət, sənətkar necə? Niyə fərqində olmasın?..