“Qarabağ”dan ayrılan və “Yurqorden” klubu ilə anlaşan Musa Qurbanlı dünən İsveçə yollanıb.
21 yaşlı hücumçu dünən ölkə çempionatında “Varberqs”lə oyunu (2:0) stadiondan izləyib.
Matçdan sonra “Yurqorden”in idman direktoru Bosse Anderson “Expressen” nəşrinə Musanın transferi ilə bağlı danışıb:
“Bizim danışıqlarımız var. Musa Qurbanlı vacib seçim edir. Biz onun Stokholma gəlməsi üçün icazə aldıq, bu gün (dünən – red.) də səfər gerçəkləşdi. Musa ilə bağlı təəssüratım yaxşıdır. “Qarabağ”ın və milli komandanın oyunçusudur, çox qol vuran biridir. “Qarabağ” da ötən il bizim kimi Konfrans Liqasında idi və rəqib ola bilərdik. Belə olan halda, ilk əlaqələr yaranır. Yəqin ki, onlar da bizi yaxşı dəyərləndirirdilər”.
Nəşrdə M.Qurbanlının transferinin kluba 6 milyon krona (təxminən 513 min avro) başa gələcəyi və bunun “Yurqorden”in son illərdəki ən böyük oyunçu keçidlərindən biri olacağı qeyd edilib.
Qurbanlının transferi hələ tam rəsmiləşməyib. (Oxu)