Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilməsi ədəbi çevrələrdə şok effekti yaratdı. Təkcə yazarlar deyil, hətta oxucular da AYB rəhbərliyinin bu qərarına etiraz etdilər.
Yenisabah.az xəbər verir ki, qurumun rəhbəri, Xalq yazıçısı Anarın məsələyə reaksiyası müzakirələri daha da alovlandırıb.
Qeyd edək ki, Anar Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edilməsində hər hansı qəbahət görmədiyini deyib.
Xalq yazıçısı AYB-nin 2400 üzvü olduğunu xatırladaraq, onların əksəriyyətinin Elza Seyidcahandan istedadsız olduğunu etiraf edib.
Vaxtilə Anarın ən yaxın dostlarından olmuş Əkrəm Əylisli də məsələyə münasibət bildirib. Qocaman yazıçı “Yeni Sabah”a açıqlamasında deyib ki, Elza Seyidcahanın AYB üzvlüyünə qəbul edilməsi bu qurumun mənəvi cəhətdən aşınmaya məruz qaldığının göstəricisidir:
“Bu fakt sübut etdi ki, Azərbaycan Yazıçılar Birliyi artıq çox pis iylənib”.
Yazıçı bu mövzuda ətraflı danışmaq istəmədiyini vurğulayıb. Qeyd edib ki, AYB-nin iylənməkdə olduğunu və iyləndikcə də üfunət qoxduğunu nəzərə alaraq hələ 32 il əvvəl bu təşkilatın sıralarından istefa verib.
Əkrəm Əylisli ciddi şəkildə yaradıcılıqla məşğul olduğunu, yeni əsərlər üzərində işlədiyini bildirib.