“Azovstal” metallurgiya zavodunun müdafiəsinə başçılıq edən bütün ukraynalı komandirlər Rusiya əsirliyindən azad edildikdən sonra Türkiyədən Ukraynaya qayıdırlar.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqramda bildirib.
“Biz Türkiyədən vətənə qayıdırıq və qəhrəmanlarımızı vətənə aparırıq”, – dövlət başçısı yazıb.
Qeyd edək ki, siyahıda beş hərbçinin adı və soyadı var: “Redis” ləqəbli “Azov”un komandiri Denis Prokopenko, “Volina” ləqəbli 36-cı Əlahiddə Dəniz Briqadasının komandiri vəzifəsini icra edən Sergiy Volınski, “Kalina” ləqəbli “Azov” komandirinin müavini Svyatoslav Palamar, Ukrayna Milli Qvardiyasının mayoru Oleq Xomenko, Ukrayna Milli Qvardiyasının polkovniki Denis Şleqa.
Xatırladaq ki, mayın 20-də 81 günlük mühasirədən sonra Mariupolun müqaviməti sona çatıb. Şəhər meriyasının məlumatına görə, Rusiya qüvvələrinin təcavüzü nəticəsində şəhərdə azı 10 min dinc sakin həlak olub.
Mariupol şəhərinin müdafiəsində əsas qüvvə ölkənin “Azov” alayı olub. Şəhərin tam mühasirəsi, qismən işğal edilməsi və müdafiəçilərin faktiki olaraq köməksiz qalmasına baxmayaraq, “Azov” alayı və şəhərdəki digər ukraynalı hərbçilər Rusiyanın təslim olmaq barədə çağırışlarını qəbul etmir və bu səbəbdən Rusiya qüvvələri Mariupolu – xüsusilə şəhərin dörddəbir hissəsini tutan “Azovstal” zavodunu tam ələ keçirə bilmirdi./Report