• 10 Noyabr 2024 13:51

“RUSİYANIN ELİTASINDA AÇIQ SAVAŞ GEDİR” – Biz məcburən güc tətbiq etməli olacağıq…”

Vaşinqtonda yaşayan tanınmış azərbaycanlı siyasi analitik Ramiz Yunus dünyada və regionda cərəyan edən hadisələrlə bağlı “AzPolitika.info”nun suallarını cavablandırıb.

Ekspert “Vaqner”-in Rusiyadakı qiyamını, Qərbin Azərbaycan əleyhinə bəyanatlarını, Rusiya-Ukrayna müharibəsi və Qarabağ problemi ətrafında gedən prosesləri dəyərləndirib.

Müsahibəni təqdim edirik:

– Ramiz bəy, əvvəlcə Rusiya-Ukrayna müharibəsinin hazırkı gedişatını dəyərləndirməyinizi xahiş edirik. Qərbin mövqeyində Ukraynaya yeni silahların tədarükü ilə bağlı tərəddüdlər hiss olunur. Pentaqon 300 km. mənzilli raketlərin verilməyəcəyini deyir, “F-16”-larla bağlı isə yeni qərarlar yoxdur. Bu, nə ilə bağlıdır?

– Bu gün hər kəs başa düşür ki, Rusiya-Ukrayna müharibəsində vacib bir dövr başlayıb. Öncə ABŞ Prezidenti Co Baydenin buradakı görüşləri və səfəri haqqında danışmaq lazımdır. O, İsveçin Baş naziri ilə görüşmüşdü. Hazırda ABŞ və Türkiyənin yüksək səviyyəli rəsmiləri arasında bağlı qapılar arxasında danışıqlar gedir. Burada İsveçin NATO-ya üzvlüyü, Türkiyə-ABŞ münasibətləri, “F-16” məsələsi və digər mövzular müzakirə olunur. Düşünürəm ki, bu danışıqlardan müsbət bir nəticə çıxacaq. Digər tərəfdən, ABŞ Prezidenti bu həftə Londonda Rişi Sunakla görüşəcək və Rusiya-Ukrayna müharibəsində təhlükəsizlik qarantı, müharibədən sonra Ukrayna-NATO münasibətləri, həmçinin “F-16”-ların taleyi ilə bağlı son qərarlar veriləcək. Mən bu məsələyə Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnının son müsahibəsi prizmasından yanaşardım. Zalujnı bu məsələni mətbuata çıxarmaqla bir növ Qərbdə olan generallar – Lloyd Ostin və Mark Millidən yuxarıdakı siyasətçilərə mesaj göndərmişdi. Bayden və onun ətrafı çox güman ki, bunu nəzərə alıblar. Sözügedən məsələlər Londonda öz həllini tapmalıdır. Çünki Ukraynanın gözlənilən əks-hücumu hələ başlamayıb. Bu hücum avqust-sentyabr aylarında başlayacaq. Zalujnı da öz müsahibəsində bunları vurğulamışdı. Yəqin ki, Qərb bunun fərqindədir.

– İyulun 10-12-də Vilnüsdə keçiriləcək NATO Sammitindən gözləntiləriniz nədən ibarətdir? Ukrayna və Rusiya ilə bağlı hansı strateji qərarlar qəbul edilə bilər?

– Şübhəsiz ki, NATO-nun Vilnüs sammitində mühüm siyasi qərarlar qəbul olunacaq. Bu, tarixi bir sammit olmalıdır. Çünki indiyə qədər NATO-nun bütün sammitləri ərəfəsində belə bir gərginlik yox idi. Rusiyanın Ukraynaya qarşı təcavüzü açıq-aşkar göstərdi ki, NATO bu müharibəyə hazır deyildi və qarşılaşdığı risklərin öhdəsindən tam gələ bilmədi. Çox güman ki, sammitdə bu müharibə ilə və gələcəkdə belə hadisələrin təkrarlanmamasıyla bağlı siyasi qərarlar qəbul olunacaq. Polşa və Rumıniya kimi ölkələr daha da gücləndiriləcək. Ola bilər ki, bu ölkələrdə nüvə silahları yerləşdiriləcək və ABŞ qoşunlarının sayı artırılacaq.

Ukrayna ilə bağlı qərara gəlincə, düşünürəm ki, 2008 – NATO-nun Buxarest sammiti təkrarlanmayacaq. Amma radikal addımların atılcağını da düşünmürəm. Çünki hazırda NATO-nun siyasi rəhbərliyində belə liderlər yoxdur. Onlar yavaş-yavaş, qorxa-qorxa addım atırlar. Amma yenə də gec-tez lazımi addımları atmağa məcbur olacaqlar. Ukraynanın uğurları onları bu addımı atmağa vadar edəcək. Biz bu uğurları avqust, sentyabr və oktyabr aylarında görməyə başlaycağıq. O zaman “F-16”-lar da, digər silahlar da cəbhədə olacaq və Ukrayna heç şübhəsiz uğur qazanacaq. Düşünürəm ki, bir yox, bir neçə əks-hücum olacaq.

– “Vaqner”-in qiyamı Rusiyada hansı mənzərə yaratdı, Putin hakimiyyətinə qarşı yeni qiyamlar gözləniləndirmi?

– “Vaqner”-in qiyamı belə mənzərə yaratdı ki, Rusiyanın yüksək siyasi elitasında açıq-aşkar savaş gedir. Bu savaş təkcə Müdafiə Nazirliyi ilə Federal Təhlükəsizlik Xidməti arasında deyil. Burada həm də oliqarxlar iştirak edir. Çox güman ki, bu qiyam sonuncu olmayacaq və hesab edirəm ki, qiyam hələ tam başa çatmayıb. Bu qiyamın görünməyən tərəfi hələ ki, davam edir. Yaxın vaxtlarda bunun bəzi fəsadları üzə çıxmağa başlayacaq.

– ABŞ Dövlət katibi Rusiya hakimiyyətinin “fasadında” çatlar olduğunu demişdi. Siz necə hesab edirsiz, yaxın aylarda Rusiyada hansı hadisələr gözlənilir? Bu dəyişikliklərin bizim regiona mümkün təsiri nədən ibarət ola bilər?

– Rusiya Sovet İttifaqının Mixail Qorbaçovdan sonrakı aqibəti ilə üzləşməyə doğru irəliləyir. Amma hələ ki, güc strukturları ayaqdadır. Xatırlayırsınızsa, 1991-ci ildə güc strukturları Qorbaçovu dəstəkləmədilər və ona görə də Sovet İttifaqı süquta uğradı. Burada isə güc strukturları arasında savaş gedir və onların müəyyən hissəsi Putini dəstəkləyirlər. Hesab edirəm ki, Rusiya artıq böhran içərisindədir. Bu böhran gündən-günə güclənəcək və Ukraynanın cəbhədə uğurlarından sonra gün üzünə çıxmağa başlayacaq.

Yevgeni Priqojinin qiyamı və ümumiyyətlə, Ukrayna-Rusiya savaşı və Rusiyanın daxlindəki siyasi böhran istər-istəməz bizim regionumuza da təsir edəcək. Rusiyanın zəifləməsi Azərbaycan-Ermənistan münasibətləri konteksindən bizim xeyrimizədir. Biz bu təzyiqdən danışıqlar zamanı, Qarabağın daxilində və Azərbaycan-Ermənistan sərhədi boyu səmərəli şəkildə istifadə etməliyik.

– Hazırda Azərbaycan Laçın dəhlizindən istifadəni məhdudlaşdırıb, ancaq Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin müşayiəti altında ermənidilli əhalinin giriş-çıxışına icazə verilir. Bakı Rusiyadan tələb edir ki, sülhməramlıların təchizatı Azərbaycan vasitəsi ilə həyata keçirilməlidir. Beynəlxalq təşkilatlar isə ard-arda Azərbaycan əleyhinə bəyanatlar verir. Sonuncu bəyanatı ATƏT PA səsləndirdi. Sizcə, vəziyyətin gərginləşməsi hansı situasiya yarada bilər?

– Xaricdən eşitdiyimiz və bundan sonra da eşidəcəyimiz bəyanatlara fikir vermək lazım deyil. Əlbəttə, bu təşkilatlarla da işləmək lazımdır. Amma bu informasiya fondudur. Onlar elə bəyanat kimi də qalacaqlar. Biz bu 30 il ərzində nə qədər bəyanatlar görmüşük. Bu bəyanatların müsbət bir nəticəsi olubmu? Xeyr. Çünki o vaxt beynəlxalq hüquq bizim tərəfimizdə olsa da, hərbi güc yox idi. İndi beynəlxalq hüquq da bizim tərəfimizdədir, hərbi güc də. Ona görə də ATƏT-in Parlament Assambleyasının, Fransa Senatının, hansısa konqresin qəbul etdiyi sənədə fikir verməməliyik. Bunlar hamısı boş şeylərdir. Bunların predmetli şəkildə təsir imkanları məhduddur və konkret bir nəticəyə çata bilməzlər. Çünki bü gün nəticə konkret olaraq yerdə həll olunur.

Qərbin bu məsələyə münasibətinə gəlincə, məncə, Qərb burada praqmatik mövqe nümayiş etdirir. Qərb Rusiyanı regiondan sıxışdırıb çıxartmaq istəyir. Bu da bizim maraqlarımızla üst-üstə düşür. Eyni zamanda, bu, Ermənistandakı Paşinyan hakimiyyətinin və gürcü xalqının da mənafeyinə uyğundur. Ona görə də bu siyasi konyukturdan səmərəli istifadə etmək lazımdır. Çünki müharibədən sonra siyasi konyuktur başqa cür ola bilər. Əgər siyasi yolla bu problem həll olunmayacaqsa, Qarabağda, sülhməramlılar yerləşən zonada, erməni silahlı qruplaşmalarının olduğu yerlərdə hərbi təzyiqimizi gücləndirməliyik. Orada nə qədər də güclü dayansaq, bu, bir o qədər bizim xeyrimizə olar.

– Azərbaycanda 3-cü qisas əməliyyatının keçiriləcəyindən danışanlar çoxalıb. İndiki şəraitdə belə addımların atılması realdırmı? Ümumiyyətlə, Bakı Qarabağın silahsızlaşdırılması və qondarma rejimin məhv edilməsi üçün hansı addımları atmalıdır?

– Əlbəttə, rəsmi Bakı burada kompleks addımlar atmalı, bütün siyasi danışıqlarda iştirak etməlidir. Biz göstərməliyik ki, Azərbaycan sülh axtarır. Amma paralel olaraq informasiya təzyiqini də gücləndirməliyik. Azərbaycan göstərməlidir ki, bu məsələ siyasi yolla həll olunmayacaqsa, biz məcbur güc tətbiq etməli olcağıq. Biz hər gün efirlərdə bunu deməliyik. Həm rəsmilər, həm qeyri-rəsmilər bunu etsə, Ermənistan da, Qərb də bunu eşidəcək və buna hazır olacaq. Necə ki, Laçın yoluna məntəqə qurmamışdan aylar öncə informasya məkanında belə fikirlər dolaşırdı. Hesab edirəm ki, bu məsələni siyasi yolla həll etmək mümkündür. Sadəcə hər zaman onlar hiss etməlidirlər ki, bu gün bu problem həll olunmasa, deməli, sabah Azərbaycan hərbi gücə əl ata bilər. Biz onlar üçün bu təəssüratı yaratmalıyıq. Sonda fikrimi Uinston Çörçilin məşhur fikri ilə tamamlamaq istəyirəm: “Hər hürən itə daş atmaq üçün dayansanız, heç vaxt sona çata bilməyəcəksiz”.

Tacxeber.com

Oxşar xəbərlər