Qanun nəşriyyatının direktoru Şahbaz Xuduoğlu Təhsil naziri Emin Əmrullayevlə bağlı paylaşım edib.
“Yeni Sabah” həmin paylaşımı təqdim edir: “Bu yaxınlarda bir jurnalist zəng edib Emin Əmrullayevin hansısa görüşdən selfi paylaşımının birmənalı qarşılanmadığı barədə fikrimi soruşdu.
Dedim, biz adət etmişik, nazirlər bronejiletlə, xüsusi qorumalarla gəzsin, ütülü, protokol cümlələrlə danışsın. Azca sərbəst danışan, ictimaiyyətin qarşısında təqdimatlar edən bir məmur görən kimi dərhal çaş-baş qalırıq. Əgər bu nümunələr çox olarsa heç kəsdə təəccüb və ikrah da doğurmaz.
Təhsil, səhiyyə və məhkəmə daha şəffaf işləməlidir. Biri zəkamız, digəri səhhətimiz, başqa birisi isə hüquqlarımızın “qeydinə” qalır. Hər bir strukturun fəaliyyəti göz qabağında. Bu qurumlar arasında yenilənmə və islahata ən çox meyl göstərən hələ ki, təhsildir. Sertifikatlaşdırma ilə bağlı proqram isə təhsil sisteminin yenilənməsi baxımından çox faydalıdır. Pislərdən- saxtadiplomlulardan (bu çox ayıbdır), savadsız müəllimlərdən təmizlənməyin ən düzgün yolu imtahandır. Bu, həm də yaxşıları müəyyən etmək yoludur. Əks halda yaxşı da pisin oduna yanır.
Müəllim daim gərək öz üzərində işləsin, savadını, dünyagörüşünü artırsın. Bunun üçün imtahan sınanmış ən düzgün üsuldur, bilikli müəllimlərimiz üçün stimuldur.
Yaxşı müəllim, yaxşı həkim, yaxşı hakim diplomla kifayətlənə bilməz. Onlar daim öz inkişaflarını imtahan etməlidirlər.
İndi məni qınayacaqsınız ki, günah xalqda deyil, amma səmimi deyirəm, bu deyim bizim xalqa çox yaraşır: biz bəlkə də yer üzündə yeganə millətik ki, təhsil almamaq üçün rüşvət veririk. Savad almaq əvəzinə saxta diplom alarıq. Yaxşılıq etmək mümkünsə əvəzində pislik edirik. Təhsil ümumxalq işidir. Rüşvətə, korrupsiyaya qarşı hər kəs olduğu yerdə vicdanla mübarizə aparmalıdır.
Təhsilə şəxsi deyil, milli maraqlar çərçivəsindən yanaşanda indiki işlərə, dəyişmək cəhdlərinə yeni sistemin başlanğıcı kimi baxıram.
Görülən yaxşı işlərə dəstək vermək məncə hər birimizin borcudur. Süpürgə pulu yığanları süpürüb atmaq vaxtıdır..
Təbii ki, mənim bu postumu nazir oxumayacaq. Amma yenə də deyim, Təhsil naziri elə bir postdur ki, orda kim olsa yenə hədəfdə olacaq. Çünki hər bir valideyn özünü təhsil üzrə ekspert hesab edir, elə mən də. Bu səbəbdən təhsilin inkişafı ilə bağlı səmimi olaraq ağlınızdan nə keçirsə, yaxşıya doğru əlinizdən nə gəlirsə edin, dayanmayın!”