• 23 Noyabr 2024 01:25

Azərbaycanlılar Zəngəzura qayıdır – Təhlükəsizliyi türk ordusu təmin edəcək

“Əgər Ermənistan mətbuatının Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan arasındakı danışıqlarla bağlı yaydığı məlumat doğrudursa, o zaman, əlbəttə ki, belə bir informasiya şərh edilməyə dəyər. Eləcə də 65 min azərbaycanlının Ermənistanın cənub ərazilərinə – tarixi torpaqlarına qayıtması ilə bağlı məsələ bu gün danışıqlar predmetidirsə, bu, sözün əsl mənasında sülhə xidmət edəcək ciddi faktorlardan biri kimi qiymətləndirilməlidir. Ona görə ki, Azərbaycanda yaşayan ermənilər və Ermənistanda yaşayacaq azərbaycanlılar Ermənistan və Azərbaycan arasındakı uzunmüddətli sülh üçün ən yaxşı və etibarlı təminat ola bilər”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin əslən Qərbi Azərbaycandan olan deputatı Hikmət Babaoğlu deyib.

O, erməni mətbuatında 65 min azərbaycanlının Ermənistanın cənub mərzlərinə köçürülməsi ilə bağlı rəsmi Vaşinqtonun İrəvana göndərdiyi 7 maddəlik prinsiplərin ikinci maddəsi barəsində səslənən fikirlərə münasibət bildirib.

H.Babaoğlu xatırladıb ki, 300 mindən çox azərbaycanlı 1987-1991-ci illərdə öz ata-baba yurdlarından qovulub, etnik təmizləmə siyasətinin qurbanına çevrilib:

“Amma hər halda bu gün belə bir rəqəm səsləndirilirsə, yəni 65 min azərbaycanlının öz tarixi torpaqlarına qayıtması müzakirə olunursa, bu, ilkin mərhələ kimi məqbul hesab edilə bilər. Şübhəsiz ki, hər şeydən öncə onların təhlükəsizlik məsələsi təmin edilməlidir. Qərbi azərbaycanlıların qayıdış konsepsiyasında da təhlükəsizlik məsələsi öz əksini tapıb. Əgər bu məsələ müzakirə olunubsa, onda təhlükəsizlik və ləyaqətli qayıdış, o cümlədən əmlak konsepsiyası kimi məsələlər də öz əksini tapmalıdır və tapacaq”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan danışıqların ilkin mərhələsində Laçın və Zəngəzur yolunun ayna effektli hüquqi rejimində işləyəcəyi ilə bağlı fikirlər səsləndirmişdi:

“Yəni Laçın dəhlizində maneəsiz keçid olacaqsa, onda Zəngəzur dəhlizində də maneəsiz keçid olmalıdır kimi ifadələr rəsmi Bakı tərəfindən açıqlanmışdı. Lakin bu gün Zəngəzur dəhlizi açılmayıb deyə, Azərbaycan Laçın dəhlizində özünün bütün yurisdiksiyasını tətbiq etdi və ərazidə nəzarət-buraxılış məntəqəsini yaratdı. Əgər ermənilər gələcəkdə Zəngəzur dəhlizində maneəsiz keçidi təmin edəcəklərsə, Azərbaycan buna yenidən baxa bilər. Eyni şəkildə Azərbaycanda yaşayan ermənilərlə Ermənistanda yaşayacaq azərbaycanlıların təhlükəsizliyi məhz vahid hüquqi rejimlə tənzimlənməlidir”.

Deputat bildirib ki, Azərbaycan öz ərazisində yaşayan ermənilərə Azərbaycan Konstitusiyası çərçivəsində bütün vətəndaşlarına tanıdığı təhlükəsizliyi tanımağa hazırdır:

“O cümlədən rəsmi Bakı İrəvana da bəyan etməlidir ki, Ermənistanda yaşayan azərbaycanlılara da Ermənistan Konstitusiyası təhlükəsizlik təminatı versin. Bu, əsas hüquqi prinsip müqavilədə öz əksini tapdıqdan sonra digər məsələlər artıq texniki məsələlər hesab olunacaq. Ayrıca bir formada müəyyən keçid mərhələsində inteqrasiya prosesi tam başa çatana qədər müxtəlif keçici rejimlər də ola bilər”.

Siyasətçiyə görə, qərbi azərbaycanlıların qayıdış konsepsiyasında tələb olunan əsas məsələ ondan ibarətdir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan, yaxud Ermənistan dövləti o bölgələrdə yaşayacaq həmyerlilərimizin təhlükəsizliyinə Ermənistan Konstitusiyası çərçivəsində təminat versin:

“İnteqrasiya prosesi başa çatana qədər qərbi azərbaycanlıların etimad etdiyi ölkənin sülhməramlıları ilkin mərhələdə onların təhlükəsizliyini təmin etməlidir. Ona görə də danışıqlar prosesində bunlar daha detallı müzakirə olunub bu barədə uyğun nəticələr əldə oluna bilər.

İndiki mərhələdə isə birinci əsas məsələ ondan ibarətdir ki, 300 min azərbaycanlının Ermənistanda yaşamaq hüququnu Ermənistan tanısın və digər vətəndaşlarına tanıdığı hüquqları onlara da şamil etsin. Bu, qəbul edildikdən sonra keçid mərhələsində müxtəlif mexanizmlər tətbiq oluna bilər ki, bu da sülh danışıqların xeyrinə olacaq”.

Qeyd edək ki, sosial şəbəkələrin Ermənistan seqmetində Qərbi Azərbaycandan olan soydaşlarımızın doğma yurd-yuvalarına qayıdacaqları təqdirdə Türkiyə Ordusunun bölgədə sülhməramlı statusunda fəaliyyət göstərəcəyinə dair iddialar yer alıb.

Tacxeber.com

Oxşar xəbərlər