İsti havada Günəş altında işlədilənlər: Kim məsuliyyət daşıyır?
Bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakı şəhərində yerləşən parkların birində bir qadının isti havada işləməsi ilə bağlı foto yayılıb.
Belə ki, 60 yaşlarında olan qadın isti havada, qorumasız otluqdakı alağı təmizləyir.
Bəs havanın temperaturu neçə dərəcə olanda işçilərə Günəş altında işləmək olmaz?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinə və həmin Məcəllənin 2-ci əlavəsinə əsasən, işçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş yerlərində və ya ilin soyuq vaxtında, temperatur müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü, lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə ilə müəyyən olunmuş qaydada fasilələr verilir və iş dayandırılır, həmçinin işçilərə sərinləmək/qızınmaq üçün imkan yaradılmaqla fasilələr verilir:
“Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdəiki hissəsindən az olmayaraq ödənilir.
Yuxarıda qeyd olunan halları pozan işəgötürənlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5 maddəsinə (normal əmək və istirahət rejiminə riayət edilməməsinə) əsasən, inzibati məsuliyyətə cəlb olunurlar”.
Hüquq müdafiəçisi Sahib Məmmədov açıqlamasında bildirib ki, havanın temperaturu müsbət 41 dərəcəni keçdikdə açıq havada işlər dayandırılmalıdır:
“Elə işlər var ki, məsələn, istehsalın fasiləsiz xarakterli olması, baş verən qəzanın nəticələrinin aradan qaldırılması kimi işləri dayandırmaq və ya fasilə vermək mümkün deyil. İşəgötürən həmin yerlərdə əlavə tədbirlər görməlidir. Həmin yerlərdə sərinləşdirici içkilər qoyulmalıdır ki, işləyəndə və ya fasilə zamanı istifadə etsinlər”.