Vilnüs sammitinin nəticələri Ukrayna ilə NATO münasibətlərinə elə bir aydınlıq gətirmədi. Doğrudur, Ukrayna Vilnüsü öz aktivinə yaza bilər, amma onun əsas nailiyyəti birbaşa NATO ilə əlaqəli deyil.
Əgər Volodimir Zelenskiyə NATO-nun Vilnüs sammitinin kommünikesini bir ay əvvəl, ya da açılışa bir gün qalmış oxumağa versəydilər, Ukrayna prezidentinin əsas emosiyası məyusluq olardı.
Sammit ərəfəsindəki bir neçə həftə ərzində Ukrayna hakimiyyəti ab-havanı qəsdən qızışdırır, Kiyevlə gələcək münasibətlər xüsusunda NATO-dan maksimum aydın və konkret formullar tələb edirdi.
Yekun sənəd bu münasibətlərə əlavə aydınlıq gətirmir və bu baxımdan NATO sammitini “tarixi” adlandırmaq çətindir. Digər tərəfdən, NATO sammiti təkcə NATO haqqında deyil axı. Kiyevin bu tədbir çərçivəsində əldə etdiyi razılaşmalar Zelenskiyə özünün Vilnüs səfərini uğurlu saymağa əsas verir.
Hər halda yekun mətbuat konfransında Vilnüs sammitinin Rusiyaya qarşı müharibədə Ukraynanın qələbəsini yaxınlaşdırıb-yaxınlaşdırmadığını soruşanda Zelenskinin müsbət cavabı tamamilə səmimi səsləndi.
“Görünməmiş və cəfəng”
Kiyevin Vilnüs sammitindən gözlədiyi əsas şey – indiki müharibə qurtarandan dərhal sonra Ukraynanın NATO üzvü ola biləcəyinin təsbiti idi. Maksimum plan isə NATO-dan alyansa qoşulmaq haqqında rəsmi dəvət almaq idi.
Bu zaman Kiyevdə anlayırdılar ki, belə dəvət, əlbəttə, Ukraynanın NATO-ya avtomatik üzvlüyü demək olmayacaq. Zelenski və yoldaşları buna Rusiya ilə döyüşən hərbçilərə əlavə motivasiya verəcək sırf siyasi addım kimi baxdıqlarını gizlətmirdilər.
Kiyev konkret formullara nail olmağı o qədər çox istəyirdi ki, şantajı çox xatırladan metodlara əl atdı: sammit ərəfəsində Zelenski bir neçə dəfə dedi ki, əgər orada Ukraynanın ambisiyalarına cavab verən qərarlar qəbul olunmazsa, Vilnüsə getməyəcək. Axırda, sammit ərəfəsi axşam, Vilnüsə gedəcəyini bildirdi , kommünikenin son redaksiyası isə açılışa sayılı saatlar qalarkən razılaşdırıldı.
Yekun formullar, yumşaq desək, Volodimir Zelenskini məyus etdi. “Ukraynanın nə dəvəti, nə üzvlüyü üçün [NATO sammitinin qərarında] zaman çərçivələrinin olmaması, bunun əvəzində hətta dəvət üçün “şərtlər” haqqında əcaib formulların əlavə olunması – görünməmiş və cəfəng haldır… Qeyri-müəyyənlik – zəiflikdir. Mən bunu sammitdə açıq müzakirə edəcəyəm”, – prezident Vilnüsə gedərkən tvitterdə yazdı.
Qərb KİV-lərinin xəbərlərinə görə, Zelenskinin tviti hətta Kiyevə rəğbətlə yanaşan sammit iştirakçılarında qıcıq yaradıb. Mərkəzi Avropa ölkələrindən birinin anonim qalmaq istəyən diplomatı “Politico”ya “Zelenski çox irəli gedir” deyib.
Volodimir Zelenski Vilnüsə sammitin birinci günü, çərşənbə axşamı nahar vaxtı gəldi. “Guardian”ın “son məqam diplomatiyası adlandırdığı taktika, göründüyünə görə, nəticəsiz oldu.
Kommünikenin həmin gün axşam paylaşılan son redaksiyasında Ukrayna üçün həlledici ifadə dəyişilməz qaldı: “Ukraynanın gələcəyi NATO-dadır… Müttəfiqlər razılaşanda və şərtlər yerinə yetiriləndə Ukraynanı alyansa qoşulmağa dəvət edə biləcəyik”.
Bunun fonunda kommünikenin Kiyev üçün şübhəsiz pozitiv məqamları – məsələn, təşkilatın Ukraynaya uzunmüddətli yardım proqramının hazırlanması, NATO-Ukrayna şurasının işə başlaması – ikinci plana keçdi. Alyansın baş katibi Yens Stoltenberqin Ukraynanın NATO-ya başqa zamanlarda olduğundan daha yaxın olması barədə bəyanatı isə, elə bil, Ukrayna prezidentində təəssürat yaratmadı.
Getty Images
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba, öz növbəsində, yekun sənədin formuları ilə bağlı məyusluğunu gizlətmədi. “Qərar bizi açıq-aşkar kədərləndirdi və bütün günü müttəfiqlərimizlə bu barədə danışırıq… Burada iki fikir mövcuddur. Biriləri deyir: siz “Ukrayna” və “dəvət” sözünün ilk dəfə yanaşı yazılmasına, prinsipcə, sevinməlisiniz. Amma belə yanaşma bizi qəti təmin etmir… Biz Ukraynanın konkret nə zaman NATO üzvlüyünə dəvət alacağı haqqında dəqiq indikatorun olmamasından məyusuq. Buna görə də sammitdən qarışıq duyğularımız var”, – nazir “Azadlıq” radiosuna deyib.
Anlaşılmaz şərtlər
Kiyevin Vilnüs sammitində qarşısına qoyduğu daha bir vəzifə – Ukraynanın gələcəkdə NATO üzvlüyünü qazanması prosedurunu maksimum asanlaşdırmaq idi.
Formal olaraq bu vəzifə yerinə yetirilib: yekun kommünikedə bildirilir ki, Ukrayna Üzvlük üzrə hərəkət planını həyata keçirməli olmayacaq. Amma hər şey belə asan deyil. Həmin kommünikedə xatırlanan şərtlərin nə olması açıq qalır.
Sənədin özü bu suala cavab vermir. Buna görə də interpretasiya üçün boşluq qalır və bu boşluq Ukrayna-NATO münasibətlərində üzərində nöqtəni qoymalı olan sammit üçün yolverilməz dərəcədə böyükdür.
Bir tərəfdə prezident Zelenskinin mövqeyi var. O, sammitdən sonrakı mətbuat konfransında “şərtlər” altında sadəcə müharibənin bitməsini anladığını dedi: “Müharibə qurtaran anda, Ukraynanı dəqiq NATO-ya dəvət edəcəklər… Mən bu gün başqa fikir eşitmədim”.
Müharibə bitməyənə qədər Ukraynanın NATO üzvü ola bilməyəcəyini Kiyevdə də, Qərbdə də anlayırlar. Ukrayna indi alyansa üzv olsa, NATO-nun 31 ölkəsi Rusiya ilə müharibə vəziyyətində olacaq, bu da heç kimə lazım deyil.
Digər tərəfdən, Kiyevin qərbli partnyorları “şərtlər” sözünü daha geniş təfsir edirlər və Ukraynanın xeyli islahatlar keçirmədən NATO-ya üzv ola bilməyəcəyini açıq deyirlər.
Həmin islahatlar nədir, onların konkret siyahısını kim hazırlayacaq – aydın deyil. Ona görə də Qərb məmurları bu barədə jurnalistlərlə dəqiq və aydın formulları deyil, şəxsi mülahizələrini bölüşürlər. Məsələn, Yens Stoltenberq deyir ki, Ukrayna təhlükəsizlik və müdafiə sistemlərini modernləşdirməlidir, dövlət idarəçiliyini və korrupsiya ilə mübarizəni gücləndirməlidir.
Ağ evin nümayəndəsi Con Kirbi isə “Amerikanın səsi”nə müsahibəsində deyib ki, NATO-ya üzvlük – prosesdir: “Həmin prosesin bir hissəsi sağlam və canlı demokratiyanın, eləcə də sağlam, səbatlı, həyat qabiliyyətli demokratik institutların mövcudluğudur. Ukraynanın bu sahədə görməli olduğu işlər var”.
Əgər məsələ həqiqətən belədirsə, “şərtlər” ləğv edilən hərəkət planından az fərqlənəcək. O zaman Vilnüs sammiti çətin ki, Ukraynanın NATO yolunu asanlaşdırsın. Bununla belə, Litvanın xarici işlər naziri, son sammitə tarixi rol proqnozlaşdıran Qabrielyus Landsberqis deyir ki, istənilən halda, Vilnüs Ukraynanın NATO yolunda son dayanacaq deyil: “Növbəti dayanacaq – Vaşinqton (NATO-nun 2024-cü il sammiti Vaşinqtonda keçiriləcək)… Vaşinqton Vilnüsdən daha tarixi ola bilər”.
Yeddilikdən təminatlar
Bununla belə, çərşənbə günü Volodimir Zelenskinin əhvalı xeyli yaxşılaşdı: Yens Stoltenberqlə birgə mətbuat konfransı zamanı o, sanki cəmi bir gün əvvəl səsləndirdiyi radikal ifadələri unudaraq bildirdi: “Sammitin nəticələri yaxşıdır, dəvət də olsaydı, ideal olardı”.
Həmin vaxt artıq məlum idi ki, 11 partnyor ölkə Kiyevlə Ukrayna pilotlarının F-16 qırıcılarında təlim şərtlərini müəyyənləşdirən memorandum imzalayıblar. Kiyev bu təyyarələri əldə etmək üçün artıq bir neçə ay idi ki, danışıqlar aparırdı. Təlimlərin başlanması qırıcıların Ukraynaya verilməsini zaman məsələsinə çevirir.
Sammitin ikinci günü aparılan ikitərəfli görüşlərin yekununa görə, Ukraynaya Qərb silahlarının yeni porsiyasının göndəriləcəyi elan olundu. Zelenski Vilnüsdə əldə olunan bütün razılaşmaları ictimailəşdirməyəcəyini söylədi, amma anonsu verilən yardım paketləri də sanballıdır.
Almaniya Ukraynaya sayı ictimailəşdirilməyən Patriot” sistemləri və onların raketlərini verəcək (daha əvvəl alman mətbuatı Ukraynaya yardım paketinə 25 tank, 40 PDM və 20 min artilleriya mərmisi daxil olduğunu yazırdı).
Norveçdən 1000 ədəd kəşfiyyatçı mini-dronlar alınacaq. Avstraliya bir neçə zirehli PDM verəcək. Böyük Britaniya 70-dən çox döyüş və köməkçi maşınlar, tank üçün min mərmi göndərəcək, eləcə də öz ərazisində USQ hərbçilərinin reabilitasiyası üçün tibbi mərkəz açacaq.
Amma Kiyev üçün əsas yenilik Ukraynanı dəstəkləmək haqqında “Böyük Yeddiliyin” Birgə Bəyannaməsi oldu. Bu sənədin ortaya çıxması Zelenskiyə evə “Ukraynanın təhlükəsizliyi sahəsində önəmli qələbə” aparmasına əsas verdi.
Yeddilik ölkələrinin liderləri – onların altısı NATO üzvüdür, Yaponiyanın baş naziri isə sammitə xüsusi dəvət edilmişdi – Ukrayna hərbi qüvvələrini inkişaf etdirməyi, ölkə iqtisadiyyatını möhkəmləndirməyi, eləcə də Rusiya təcavüzünün fəsadlarını ləğv etmək üçün Kiyevə maliyyə və texniki yardım ayırmağı öhdələrinə götürdülər.
Sənəd özü çərçivə xarakterlidir: onun təşəbbüsçülərinin niyyətinə əsasən, bu bəyannamə əsasında Kiyev yaxın gələcəkdə Yeddiliyin hər bir üzvü ilə ikitərəfli razılaşmalar imzalayacaq. Kiyevin hər ölkədən almaq istədiyi yardımın növü və həcmi artıq həmin sənədlərdə əksini tapacaq. Bəyannamədə bildirilir ki, Ukraynanın təhlükəsizliyinin təminatçıları sırasına istənilən ölkə qoşula bilər. Artıq Çexiya, Norveç və Polşa belə istəkdə olduqlarını bildiriblər.
Həm Zelenski, həm də onun ofisinin rəhbəri, Bəyannamənin hazırlanmasına Kiyev tərəfdən məsul Andrey Yermak bildiriblər ki, ikitərəfli müqavilələr Budapeşt memorandumundan ciddi şəkildə fərqlənəcək. Onlar konkret müddəalara malik olacaqlar və imza atan dövlətlərin parlamenti tərəfindən ratifikasiya ediləcəklər.
Ukraynanın tələbinə əsasən bəyannaməyə belə bir müddəa əlavə olunub ki, Ukrayna NATO üzvü olana qədər partnyor ölkələr öz öhdəliklərinə davam edəcəklər.
Kiyev artıq neçənci dəfə belə bir tezisi təkrar edir ki, təhlükəsizlik təminatı üzrə istənilən sistemə NATO üzvlüyünə alternativ kimi deyil, alyansın tamhüquqlu üzvü olana qədər müvəqqəti tədbir kimi baxır.