• 23 Noyabr 2024 00:03

“Səmayə ananın adının belə qalmaqallarda hallanması utancvericidir”

 

“Şəhid Milli Qəhrəman, general Polad Həşimovun anası Səmayə Həşimova Qaradağ rayonu Qızıldaş qəsəbəsində oğlunun adını daşıyan İdman Klubunda keçirilən anım mərasiminə buraxılmayıb”. Konkret.az bir neçə gündür sosial medianın gündəmini zəbt edən, insanlarda hiddət doğuran bu hadisənin təfərrüatlarını araşdırıb.

 

Məlum olub ki, Polad Həşimov adına İdman Klubu tərəfindən təşkil olunan tədbirin Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində keçirilməsinə icazə verilməyib. Əməkdaşımız bunun səbəbini öyrənməyə çalışıb və mərkəzin rəhbəri Leyla Əsədullayeva ilə əlaqə saxlayıb. Direktor məsələ ilə bağlı saytımıza belə açıqlama verib:

 

“Polad Həşimov adına İdman Klubu 2021-ci ildən 7 oktyabr 2022-ci ilədək Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzinin idman zalında qeyri-qanuni olaraq fəaliyyət göstərib. Mən 2023-cü ilin fevral ayında mərkəzin yeni rəhbəri təyin olunandan sonra özünü klubun prezidenti kimi təqdim edən Eyvaz Hüseynovla görüşüb, fəaliyyətinə dair hüquqi sənədləri təqdim etməsini bildirmişəm. Klub rəhbəri isə rəsmi olaraq heç bir sənədinin hazır olmadığını deyib. Və o, mənə bildirib ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 7 oktyabr 2022-ci il tarixdə Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində apardığı monitorinq zamanı Polad Həşimov adına İdman Klubunun fəaliyyətinə dair heç bir rəsmi sənəd olmadığı üçün idarə tərəfindən klubun fəaliyyətinə xitam verilib.

 

Buna baxmayaraq, Eyvaz Hüseynov iyunun 5-də mənə ərizə ilə müraciət etdi ki, “Yeriniz qəlbimizdədir” adlı tədbir keçirmək istəyir. Və bildirdi ki, bu, keçmiş boksçuların xatirəsi ilə bağlı idman tədbiri olacaq. Yəni ərizədə nə şəhidlərin, nə də Milli qəhrəman Polad Həşimovun adı var idi. Həmçinin, ərizədə kütləvi formatda tədbir və konsertin nəzərdə tutulduğu qeyd edilmişdi. Mən isə cavab məktubu yazıb bildirdim ki, hazırda mərkəzdə kütləvi tədbir qarşılamaq imkanımız yoxdur. Mən 44 faiz işçi ilə çalışıram, avadanlıqların çox az bir hissəsi işlək vəziyyətdədir və bununla bağlı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə də məktub ünvanlamışam. İdarə tərəfindən isə müraciətimizə şifahi cavab verilib ki, bizi avadanlıq və texniki işçilərlə təmin etməyə idarənin mövcud maliyyə durumu imkan vermir. Əlavə olaraq qeyd etdim ki, biz ancaq klubun öz hesabına tədbir keçirməsinə icazə verə bilərik. Yəni nə maddi, nə də fiziki dəstək ola bilməyəcəyik. Eyvaz Hüseynov isə bununla razılaşmadı və məndən pul tələb elədi, təkidlə dedi ki, tədbirlə bağlı ona hər cür dəstək göstərməliyəm.

 

Yeri gəlmişkən, bundan öncə, yəni mən rəhbərliyə təyin olunandan az müddət sonra Eyvaz Hüseynov mənə yaxınlaşaraq İdman Klubunun 3 yaşının tamam olması münasibətilə mərkəzdə konsert keçirmək istədiyini də bildirmiş, bu barədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi ilə razılaşdığını demişdi.

 

O zaman klub rəhbərliyinin istəyini nəzərə alaraq 5 mart 2023-cü il tarixdə şəxsi vəsaitim hesabına mərkəzdə klubun 3 yaşı münasibətilə təntənəli konsert proqramı təşkil elədik. Tədbirdə çay süfrəsinin, fəxri fərmanların təşkili və s. işlərin xərcini də öz vəsaitim hesabına həyata keçirdim. Tədbirdə mərhum generalımız Polad Həşimovun anası Səmayə xanım da iştirak etdi və mərkəzimizin fəaliyyətindən razı şəkildə bizdən ayrıldı.

Eyvaz Hüseynov növbəti tədbir üçün məndən pul tələb edəndə isə bildirdim ki, maliyyəm yoxdur, çünki baş idarə tədbir keçirmək üçün mənə büdcə ayırmır. O isə dedi ki, səndən idarəyə şikayət edəcəm və deyəcəm ki, onlar mənə dəstək versin. Mən də dedim ki, lap yaxşı, get müraciət elə, işçi, aparatura versinlər, gəl tədbirini keçir. Məsələ belə olub və bu şəxs bu səbəbdən məndən narazı qalıb.

Səmayə ananın mərkəzə buraxılmaması ilə bağlı səsləndirilən fikirlər isə tamamilə yanlışdır. Çünki E.Hüseynov sonradan həmin tədbiri başqa bir məkanda təşkil edib və Səmayə ana da birbaşa ora gedib”.

Direktor onu da əlavə edib ki, Eyvaz Hüseynov hal-hazırda da mərkəzdə özünü “ağa” kimi aparır. Zəbt etdiyi idman zalının qapısını bağlayaraq açarını onlara vermir: “Şəxsən mən mərkəzin direktoru kimi o zala daxil ola bilmirəm. İrad bildirəndə də deyir ki, şəhid ailələrini, qaziləri üstümə qaldıracaq. İşçilərə qarşı da kobud və zorakı davranır. Hətta mətbəxin qapısını Eyvaz Hüseynovdan icazəsiz bağladığına görə mərkəzimizdə dalandar vəzifəsində çalışan və təhlükəsizlik məsələlərinə cavabdeh olan Şakir Xudiyevin üstünə hücum çəkib. Bildirib ki, “mən Polad Həşimov adına klubun rəhbəriyəm və məndən icazəsiz burada heç kim heç bir addım ata bilməz”. (Faktla bağlı mərkəzin təhlükəsizlik kameraları vasitəsilə qeydə alınan videogörüntülər redaksiyamız tərəfindən oxucularımıza təqdim olunacaq).

Direktor onu da əlavə edib ki, bütün bu məsələlərlə bağlı Qızıldaş Mədəniyyət Mərkəzi tərəfindən toplanmış faktlar tezliklə aidiyyəti qurumlara və hüquq-mühafizə orqanlarına təqdim ediləcək.

Leyla Əsədullayevanın səsləndirdiyi iddialara cavab olaraq Eyvaz Hüseynov isə bildirib ki, direktorun fikirləri onun üçün heç bir əhəmiyyət kəsb etmir: “Mərkəzə yeni direktor təyin olunandan sonra şəhidlərin tədbirlərinin keçirilməsinə, bayraqların və şəhid şəkillərinin asılmasına icazə verilmir. Buna Səmayə ana da şahid olub, digər şəhid ailələri də, Qızıldaş qəsəbəsinin sakinləri də. Mənə onun ittihamları maraqlı deyil. Şəhidin tədbirinə icazə verməmək, generalın anasını qapıda saxlayıb içəri buraxmamaq ona heç cür haqq qazandıra bilməz”.

Əməkdaşımız məsələ ilə bağlı mərhum generalımız Polad Həşimovun bacısı Kəmalə Həşimovanın da mövqeyini öyrənməyə çalışıb. K.Həşimova bildirib ki, Səmayə ananın adından istifadə olunaraq mətbuatda yayılanlar qeyri-ciddi məlumatlardır: “Sözügedən mərkəzdə Polad Həşimovla bağlı tədbir keçirilməyib. Eyvaz Hüseynov həmin tədbiri “Laçın” restoranında təşkil edib və Səmayə ana da birbaşa ora gedib. Tədbirdən çıxandan sonra isə E.Hüseynovun dəvəti ilə mərkəzin qabağına gələrək orada vurulan şəhidlərin şəkilləri ilə tanış olub və oradan da evə qayıdıb.

K.Həşimova mərkəzdə tədbir keçirilməsinə icazə verilməməsinə isə belə aydınlıq gətirb: “Təəssüf ki, bu məsələ iki tərəf arasında qalmaqala çevrilib. Bizim özümüzə də tərəflər bəzi məsələləri izah etmək istəyiblər. Amma əgər ortada qeyri-qanuni hansısa iş, əməl, fəaliyyət varsa, hüquq-mühafizə orqanlarına müraciət olunmalı, hər şey qanunla tənzimlənməlidir. Səmayə ananın adının belə qalmaqallarda hallanması isə utancverici və yolverilməzdir”.

Tacxeber.com

Oxşar xəbərlər