• 22 Noyabr 2024 19:15

Azərbaycandan vacib gediş: Zəngəzur və Göyçənin taleyi həll edilir – Durum dəyişir

“Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Zaur bəy, Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşdə ilk dəfə olaraq Qərbi Azərbaycan İcması müzakirə edildi. Görüşün təşkilatçısı Avropa İttifaqının prezidentinin açıqlamasında bu istiqamətdə danışıqların aparıldığını bildirilib. Bu məsələnin ikitərəfli səviyyədə gündəmə gətirilməsinin əhəmiyyətini necə şərh edirsiniz?

– Danışıqlar prosesində Qərbi Azərbaycan İcmasının geri dönüşünün müzakirə edilməsi Azərbaycanın gücü və imkanları ilə bağlıdır. Bir neçə il öncə heç təsəvvür edə bilməzdik ki, vaxtilə ev-eşiklərindən zorla çıxarılmış azərbaycanlıların Ermənistan ərazisində olan yurd-yuvalarına qayıdışı, orada yaşamaları, təhlükəsizlikləri müzakirə ediləcək. Ermənistan tərəfi bunu qəbul etmək istəməsə də artıq bu məsələ beynəlxalq platformalarda müzakirə edilir. Üçtərəfli bəyanatın imzalanmasından sonra Qarabağla eyni vaxtda Zəngəzur ifadələrindən istifadə edilir. Ermənistan ictimaiyyətini və hökumətini Qarabağdan daha çox Qərbi Zəngəzurun gələcəyi maraqlandırmağa başlayıb. Bu, Ermənistana çox ciddi təzyiqdir. Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacağı halda hansı çağırşlarla üz-üzə gələcəklərinin fərqində olmalıdır. Bu gün Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi kimi tanıyır və ərazimizi konkret rəqəmlərlə qeyd edir. Amma bununla bağlı rəsmi sənədə imza atılmayıb.

– Bəs Azərbaycan hansı halda Ermənistanın ərazi bütövlüyünü tanıya bilər?

– Burada bir çox məsələlər həll edilməlidir. Eyni zamanda anklavlarla bağlı məsələ öz həllini tapmalıdır. Qarabağla bağlı məsələlərə birdəfəlik son qoyulmalıdır. Bundan sonra Ermənistan öz ərazilərinin Azərbaycan tərəfindən tanınması haqqında düşünə bilər. Bütün bunlar ona görə baş verir ki, Ermənistan və onun arxasında olan qüvvələr onları nə gözlədiyini başa düşməlidir.

– Son dövrlər separatçıların fəallığı müşahidə edilir. Bu nə ilə bağlıdır?

– Xankəndidə olan separatçıların rəhbəri Araik Arutyunyan dünya ictimaiyyətinə bir həftə vaxt verməklə şantaj edir. Sözsüz ki, indiki halda separatçıların daha çox əl-qol açmasına imkan yaradan qüvvələr var. Azərbaycana və Türkiyəyə qarşı nifrət onları bu cür mövqe sərgiləməyə vadar edir. Amma onlar bilməlidir ki, Qarabağın taleyi həll edilib. Ona görə də, onlar Qarabağın deyil, Zəngəzurun və Göyçənin taleyini həll etmiş olacaqlar.

– 1991-ci ilin Almatı sənədləri əsasında sərhədlərin dəqiqləşməsinin aparılacağı bildirildi. Amma Ermənistan tərəfi bundan öncə 1975-ci ilin xəritələri əsasında razılaşmadan bəhs edir. Bu prosesdəki paradoks necə həll ediləcək?

– Burada hər hansı bir dövr və yaxud ildə razılaşdırılmış sənədə uyğun olaraq sərhədlərin delimitasiyasından söhbət getmir. Çünki müəyyənləşmələr və dəqiqləşmələr aparıldıqda nə 1975-ci ilin, nə də ki 1991-ci ilin sənədlərində bununla bağlı müfəssəl məlumat var. Sadəcə olaraq burada proses gedir. Ayrı-ayrı illərlə bağlı mövzuları ortaya atmaq Ermənistanın delimitasiya ilə bağlı fikirləri yayındırmaq cəhdi ilə bağlıdır. Bəzən delimitasiya və demarkasiya prosesi illərlə vaxt apara bilir. 10-20 ilə və daha çox vaxta bu məsələnin həllinə nail olmaq olur. Hətta aralarında heç bir problem olmayan dövlətlər belə bu prosesi asan həll edə bilmir. Təbii ki, qarşılıqlı olaraq kompromist və torpaqların dəyişdirilməsi, sərhədlərdə müəyyən relyef, strateji obyektlər nəzərə alınaraq bu proses həyata keçirilir. Ona görə də, 1991-ci il Almatı sazişinə istinad sadəcə olaraq ümumi ərazi bütövlüyü və sərhədlərin tanınması ilə bağlıdır.

– Rusiya-Azərbaycan gərginliyi ilə bağlı fərqli fikirlər səslənir. İki ölkə arasında münasibətlərin bu səviyyəyə gəlməsinə səbəb nə oldu?

– Xarici işlər nazirləri qərarların qəbul edilməsindən əvvəl ora gedən yolda danışıqlar çox vacib rol oynayır. Azərbaycan Ermənistanla danışıqları Rusiya XİN vasitəsi ilə də aparır. Amma Azərbaycan Xarici İşlər Nazirliyi bağlı qapılar arxasında Blinkenin və Lavrovun Azərbaycana yanaşmasını daha yaxşı bilir. Ona görə də, hər hansı bir ölkə Cənubi Qafqazda olmaq istəyirsə, buradakı proseslərdə iştirakını davam etdirmək niyyəti varsa, o Azərbaycanın maraqlarını nəzərə almalıdır. Təbii ki, Azərbaycan tərəfi münaqişənin həllində kimin maraqlı olduğunu daha yaxşı bilir. Eyni zamanda burada kimin vaxtı uzatmaqda maraqlı olduğu da məlumdur. Son baş verənləri əslində Rusiyanın öz daxilində olan çağırışlardan qaynaqlandığını söyləmək olar. Rusiya hazırda özü üçün prioritet kimi Ukrayna istiqamətini götürüb. Bu baxımdan Vladimir Putinin başının məhz Ukraynaya qarışmasından istifadə edən qüvvələr öz ambisiyalarını Cənubi Qafqazda həyata keçirmək istəyinə düşüblər. Amma bu da faktdır ki, Rusiya tərəfindən bölgəyə vahid bir yanaşma yoxdur. Müxtəlif qruplar arasında fikir ayrılığı var.

Tacxeber.com

Oxşar xəbərlər