• 23 Noyabr 2024 03:26

Elxan Məmmədov Rövnəq Abdullayevi Parisə niyə çağırıb ?

 

Futbolinfo.az-da 21.02.2023 tarixində Rövnəq Abdullayevin Fransaya gözlənilməz səfər haqda maraqlı yazı dərc edilmişdi.  Yazını olduğu kimi sizə təqdim edirik.

Elxan Məmmədov Rövnəq Abdullayevi Fransaya çağırıb. 14 ildi Azərbaycan futbolunun başında dəlləklik edən cütlük Parisdə yeni planın ssenarisini cızmaq üçün bir araya gələcək, “lazımlı adamlar”la görüşlər keçirəcək.

Fevralın 27-də Parisdə FIFA-nın versiyasına görə 2022-ci ilin ən yaxşı futbolçusunun (The Best) adı elan olunacaq. Mükafata son 3 namizəd Lionel Messi (PSJ, Argentina), Kilian Mbappe (PSJ, Fransa) və Kərim Benzemadır (“Real”, Fransa). Məhz bu tədbir səbəbi ilə Abdullayev də Avropa ölkəsinə yollanır.

Əslində, qəribə görünməməlidir, axı, Rövnəq bəyin Fransaya yollanması üçün səbəb var. Bəlkə də AFFA prezidentinin belə mötəbər tədbirə yollanması tam təbii qarşılanmalıdır. Lakin…

…İş öndadır ki, 3 həftə sonra AFFA prezidenti kimi 15-ci ilini tamamlayan Abdullayev ilk dəfə bu mükafatlandırma mərasiminə yollanacaq. Və məhz indi – kreslodan enmək ərəfəsində bu səfərə gərək duyursa, deməli, başqa məqsədlər var. FIFA-da vəzifə alıb Parisdə işləməyə başlayan AFFA-nın vitse-prezidenti Elxan Məmmədov bu qurumda bir çox adamlarla işbirliyi qurub və bitməkdə olan hakimiyyətlərinə yenidən can vermək üçün xüsusi görüşlər planlayıb.

Güman ki, Abdullayevi Parisə aparan səbəb Canni İnfantinodan dəstək almaqla bağlıdır. İş bir foto çəkdirməklə bitməyəcək, illərdir isveçrəliyə hər cür yardım edən, bəzi layihələrini SOCAR-ın pulu ilə maliyyələşdirən Abdullayev indi ondan kömək istəyəcək.

Əslində, Rövnəq bəyin aqibəti şirkət prezidentliyindən nazir müavinliyinə endiriləndə bəlli idi. O, bundan sonra hesabat soruşulmadan istefaya getməyi, yerinə Məmmədovun gətirilməsini arzulayır. Onlar üçün birgə viran qoyduqları Azərbaycan futbolununun xarabalıqları üzərində keçmişi qurdalayacaq adamlar yox, Məmmədov kimi şərikin dayanması yaxşı olar. Paris səfərinin, orada planlaşdırılan səfərlərin məqsədi də budur.

Elxan bəy FIFA-dakı vəzifəsinin daimi olmadığını bilir, Azərbaycana, AFFA-ya qayıtmağa can atır. Və niyyəti prezident kimi dönməkdir. Bunun üçün ciddi dəstək lazımdır, İnfantinodan bunu istəyəcəklər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 27-si üçün müavininə dövlət əhəmiyyətli bir iş, hansısa məşğuliyyət tapmasa, Abdullayev Fransaya gedəcək. Orada hansı planlar quracaqları, ssenari yazacaqları özlərinə bəllidir. Martın 7-də AFFA-nın Növbəti Hesabat Konfransı da səs-küysüz keçəcək. Amma gələn ayın sonunda gözlənilən islahatların şəklini məhz Paris məsləhətləşmələri həll edəcək.

Təsadüfi deyil, Elxan Məmmədov üçün təsis edilən, bu şəxs Parisə qaçandan sonra vakant qalan icraçı vitse-prezident postu hələ ki, boşdur. Bu vəzifənin martın 7-də nə ləğv ediləcəyi gözlənilir, nə də ora hansısa təyinatın ediləcəyi. Qeyri-müəyyənlikdir və 14 ilin şərikləri Parisdə yeni düzənlərin müəyyənləşdirməyə, daha sonra bunu martda Bakıda tətbiq etməyə çalışacaqlar.

Fevralın 27-də “The Best” mükafatını almağa namizəd olan 3 nəfər bəllidir, biri sevinəcək. Azərbaycan futbolunun sabahıyla bağlı isə bir neçə variant var və hazırkı AFFA rəhbərliyi yenə özlərinin qalib gəlməsi üçün hər şey etməyə hazırdırlar.

P.S. Görünən odur ki, Rövnəq və Elxan cütlüyünün məhv etdikləri Azərbaycan futbolundan asanlıqla əl çəkmək fikirləri yoxdur. 

Tacxeber.com

Oxşar xəbərlər