• 22 Noyabr 2024 20:10

İlahiyyatçı: “Məhərrəm ayında oğul-uşaq evləndirirsən, Peyğəmbərin də oğul-uşağını qırıblar…”

 

“Milli-dini dəyərlərə diqqət hər kəsin özündən asılı olan məsələdir. Yanaşmalar fərqlidir. Biz də Məhərrəmlikdə iki ay toy etmirik.  Adam var ki, 20 Yanvar, yaxud Xocalı soyqırımı günü şənlik məclisi qurmaq istəyir. Bu nə dərəcədə başadüşüləndir? “Olarmı, olmazmı” məsələsi deyil, bu, vicdan işidir. Məhərrəm ayında soyuqqanlı yanaşanlar, o vaxt da bunu sıradan hadisə kimi dəyərləndirənlər Allah Rəsulunun nəvə-nəticəsinə qadın-qız, körpə, cavan, “Peyğəmbər qeyrətidir” demədən, etdiklərini etdilər. Dedilər ki, burda nə var? Məzhəbindən, məktəbindən asılı olmayaraq bütün müsəlman dünyası bilir ki, Məhərrəm ayının birinci on günlüyündə bu planetdə nə baş verib. Çox asan şəkildə başadüşüləndir. İki milyarda yaxın müsəlman dünyası bilir ki, sonuncu elçinin ilahi, müqəddəs, günashız ailəsinə qarşı amansıcasına qətliam törədilib. Dəhşətdir, bu, müsəlman dünyasını düşündürməyə bilməz. Məhərrəm ayı barədə dərin klassiklərimiz də yazıb. Dünya mütəfəkkirlərinin, yetkin, ziyalı tarixçilərin bu barədə əsərləri var”.

Bu sözləri Pravda.az-a müsahibəsində ilahiyyatçı Hacı Təyyar Hüseynli deyib.

O, Azərbaycan torpaqlarında törədilən erməni və erməni havadarlarının vəhşiliklərini misal çəkib: “Bəllidir ki, Azərbaycan xalqı nələr yaşayıb. “Burda nə var ki?” sözünü demək asandır? Eyni məntiqdir. İnsan özünə sual versin. Bəzi cılız ilahiyyatçılar var. Bu adamın bildiyi ancaq xırda ixtisasdır. Böyük anlamda dərin zəkası, obyektiv düşüncə tərzi yoxdur. Elə tutduğundan tutub. Yox, ay həmkarlar, ay cəmiyyətimiz! Pandemiya ilə əlaqədar iki il qadağan olundu ki, toy etmək olmaz. İnsanlar toy etmədilər. Məhərrəm ayında toy etmək isə qadağa deyil, amma matəm günləridir. Ən azından “Allah xoşbəxt eləsin” sözü dilimizdə var. Yaxud “Allahın əmri, Allah Rəsulunun sünnəsi ilə evlənmək…” və s. Axı Məhərrəm ayında baş verənlər Allahın əmri, Allah Rəsulunun sünnəsi ilə olmayıb. Allah Rəsulunun ailəsinə divan tutulan ayda get toy, şənlik et…. Mənim yanaşmam fərdi, şəxsi, səmimi, obyektiv və detallıdır. “Olar, ya olmaz” sualını isə hər kəs özünə versin ki, hansı addımı düzgün atıram, hansını yox. Oğul-uşaq evləndirirsən, Peyğəmbərin də oğul-uşağını qırıblar. Bu nə dərəcədə oğul-uşaq mövzusudur?”

Tacxeber.com

Oxşar xəbərlər