Xankəndidəki ermənilər arasında ərzaq və digər məhsulların çatdırılması üçün Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolununun açılmasını dəstəkləyənlərin sayı artır.
Tacxeber.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri iddia edir ki, bir qrup sıravi erməninin Ağdam-Əsgəran yolunu beton bloklarla bağlamasına baxmayaraq, separatçı rejimin bir qanadı “hakimiyyət”i rəsmi Bakının təklifini qəbul etməyə və danışıqlara başlamağın vacibliyinə inandırmağa çalışır:
“Onların fikrincə, “Artsax hakimiyyəti” bu təklifi qəbul etməlidir ki, növbəti mərhələdə əhali aclıqdan, ümidsizlikdən ölməsin, o cümlədən gələcəkdə “Artsax”ı tərk etməsin”.
Qəzetin məlumatına görə, “Vahid Vətən” partiyasının sədri Samvel Babayan bu təkliflə qondarma rejim “hakimiyyəti”inə basqılar edir. S.Babayan deyib ki, Qarabağın Azərbaycana inteqrasiyası hazırkı vəziyyətdən daha az təhlükəli hesab olunur.
Müşahidəçilər separatçılar arasında qarşıdurmanın daha da dərinləşəcəyini proqnozlaşdırırlar. Onların fikrincə, Qarabağ erməniləri tədricən Azərbaycana inteqrasiya yolunu tutacaq və separatçı rejimin bölgəni qana sürükləyən planı tezliklə alt-üst olacaq.
Qarabağdakı sıravi ermənilər arasında Azərbaycanla münasibətlərin qurulmasına tərəfdar olanların sayının sürətlə artdığı bildirilir.